EN

İrana görə ən çox o ölkə narahatdır - Müharibənin bitməsini təşviş içində gözləyir

BAKI, 3 aprel. TELEQRAF

“ABŞ Prezidenti Donald Tramp bir tərəfdən Tehranın danışıqlara maraq göstərdiyini söyləyərkən, digər yandan ölkəsinin yaxın 2-3 həftə ərzində İrandakı bütün hərbi hədəfləri məhv edəcəyini bildirir. Bu o deməkdir ki, müharibə hələ bir müddət də davam edəcək”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin sözlərinə görə, Amerika lideri son çıxışında əvvəllər olduğu kimi, İran Hərbi Dəniz Donanması və Hərbi Hava Qüvvələrini böyük ölçüdə məhv edildiyini vurğulasa da, məsələni hələ tam bitirmədiklərinə işarə edib:

“Trampın çıxışından o da bəlli oldu ki, onun Hörmüz boğazının açılmasıyla bağlı orduya hücum əmri vermək fikri yoxdur. Məsələn, Ağ Ev sahibi deyib ki, ABŞ hazırda dünyada ən böyük neft-qaz istehsalçısı olduğuna görə Hörmüz boğazına ehtiyacı yoxdur və bu marşrutdan istifadə edən ölkələr təhlükəsizliyi özləri təmin etməlidir.

Donald Tramp müharibəni dayandırmaq istəyən dövlətlərin vasitəçilik təklifləri ilə bağlı heç nə deməyib. Halbuki müxtəlif ölkələr vasitəçilik təşəbbüsləri ilə çıxış edirlər. Sonuncu dəfə belə təşəbbüsü Pakistanla Çin irəli sürüb. Çin və Pakistan müttəfiq olduqlarından Yaxın Şərqdəki durumla bağlı eyni mövqeyə malikdir. Ancaq Ağ Ev Çin xarici işlər naziri Van Yi ilə Pakistan xarici işlər naziri İshaq Dar arasında Pekində keçirilən danışıqlardan sonra verilən birgə bəyanatı qulaqardına vurmuş kimi görünür.

Yaxın Şərqdəki müharibə ikinci ayına qədəm qoyarkən, dünyanın enerji təchizatı ciddi böhran içində olarkən və neft qiymətləri kəskin şəkildə artarkən, Pakistan və Çin sülhməramlı kimi prosesə müdaxilə etməyə çalışır. Çini ən çox narahat edən Hörmüz boğazının təhlükə altında olmasıdır. Düzdür, İran Çinə neft daşıyan tankerlərin Hörmüz boğazından keçidinə şərait yaradıb, amma buna baxmayaraq, davam edən gərginlik Pekinin bölgənin enerji daşıyıcılarına çıxışını məhdudlaşdırıb. Pekində hesab edirlər ki, ABŞ İrana qarşı hərbi əməliyyat vasitəsilə digər rəqiblərini qorxutmağa çalışır. Məsələn, Çinin Tayvan adasını nəzarətə götürməklə bağlı planı var. bu Çin planının reallaşması üçün münasib zaman gözləyir”.

Elxan Şahinoğlunun fikrincə, Tayvanı yalnız hərbi yolla nəzarətə götürmək mümkündür:

“Vaşinqton Çinin Tayvan adasını hərbi yolla nəzarətə götürməsinə seyirçi qalmayacaq. Bu səbəbdən ABŞ-nin İrana qarşı hərbi əməliyyatı həm də Çinə mesajdır ki, Pekin Tayvan adasını nəzarətə götürmək planından imtina etsin.

Tramp mayın ortalarında Çinə səfər etməyi planlaşdırır. ABŞ Prezidenti həmin tarixə qədər müharibəni bitirməyi də planlaşdırır. Pekin də buna ümid edir. Yaxın Şərqdəki müharibələr Çin iqtisadiyyatına mənfi təsir edir. Bu müharibələr Çin ixracatçılarına problemlər yaradıb. Çinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman və İraqda müxtəlif layihələri mövcuddur. Hazırda isə bu ölkələrin hər biri atəş altındadır.

İranın zəifləməsi də Çinin iqtisadi maraqlarına təsir edir. Tehran və Pekin arasında onilliklər boyu davam edən tərəfdaşlıq mövcuddur. Çin İranın aparıcı ticarət tərəfdaşıdır və İran neftinin təxminən 80 faizini alır. Digər tərəfdən, müharibələr Çinin plastik istehsalından tutmuş müasir sintetik parçalar üçün xammallar, telefonlar, elektrik avtomobilləri və yarımkeçiricilərə gedən yüzlərlə komponentə qədər bütün təchizat zəncirinə mənfi təsir edir. Buna görə də Pekin Yaxın Şərqdə sülh prosesində fəal rol oynamaq barədə düşünür. Problem ondadır ki, Pekin qarşısında yenə Vaşinqtonu görəcək. ABŞ Çinin bölgədə diplomatik fəallığını əngəlləməyə çalışacaq”.

Politoloq əlavə edib ki, İran Çinlə yanaşı, Hindistana da neft daşıyan tankerlərin Hörmüz boğazından keçidinə şərait yaradıb:

“Ancaq Pekin kimi Dehli də müharibənin uzanmasından narahatdır. “Böyük İyirmilər”in (G20) 2023-cü ilin sentyabrında Dehlidə keçirilən sammitində Hindistan da daxil olmaqla, Cənubi Asiyanı Yaxın Şərq üzərindən Avropa ilə birləşdirən yeni nəqliyyat dəhlizi ilə bağlı memorandum imzalanmışdı. Ancaq Yaxın Şərqdə davam edən müharibələr səbəbindən bu layihənin reallaşdırılması təxirə salınıb”.

Chosen
7
2
teleqraf.com

4Sources