EN

QHT sədri: Nizami Kino Mərkəzinin divarlarına qrafiti çəkilməsi yolverilməzdir və mənfi qiymətləndirilməlidir

Bakı, 3 aprel, AZƏRTAC

Nizami Kino Mərkəzinin divarlarına bir neçə gənc tərəfindən qrafiti çəkilməsi ilə bağlı baş verən hadisə bizi ciddi şəkildə narahat edir. İctimaiyyət nümayəndələri olaraq bu hadisəni bir neçə istiqamətdə qiymətləndirə bilərik.

Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

Onun fikrincə, bu şəxslərin gənc olması məsələni daha da həssas edir. Bu isə ailə tərbiyəsi, valideyn nəzarəti və gənclərə verilən dəyərlərlə bağlı müəyyən suallar doğurur. “Hesab edirəm ki, bu vəziyyət Azərbaycan ailələrində milli-mənəvi dəyərlərin, tərbiyə və öyüd-nəsihətin daha da gücləndirilməsinə ehtiyac olduğunu göstərir. Eyni zamanda, hadisəyə başqa aspektdən yanaşdıqda görürük ki, bu gənclər ölkənin mədəniyyət ocaqlarından biri olan, şəhərin mərkəzində yerləşən və ictimai əhəmiyyət daşıyan bir məkana zərər veriblər. Nizami Kino Mərkəzi kimi tanınan bir mədəniyyət obyektinin divarlarına bu cür yazıların çəkilməsi yolverilməzdir və mənfi qiymətləndirilməlidir”, - deyə ictimai birlik sədri bildirib.

Cəsarət Hüseynzadə bu hadisəni daha geniş kontekstdə qiymətləndirərək şəhərin estetik görünüşünə xələl gətirən belə addımları vandalizm kimi dəyərləndirib: “Bakı şəhərinin və ümumilikdə ölkənin abadlaşdırılması, gözəlləşdirilməsi üçün böyük maliyyə vəsaitləri sərf olunur. Ona görə də belə hallara qarşı ictimai reaksiya göstərmək və onların təkrarlanmaması üçün çağırış etmək hər kəsin vətəndaşlıq borcudur.

Bəzən belə fikirlər səsləndirilir ki, Avropanın bəzi ölkələrində qrafiti halları geniş yayılıb. Lakin nəzərə almaq lazımdır ki, bu cür yanaşmalar hər zaman uğurlu və məqsədyönlü olmur. Bir çox hallarda həmin ərazilər qeyri-estetik görüntüyə malik olur və şəhər mühitinin keyfiyyətini aşağı salır. Eyni zamanda, bu məsələni daha dərindən təhlil etdikdə belə qənaətə gəlmək olar ki, bəzi hallarda gənclərin milli-mənəvi dəyərlərdən uzaqlaşmasına səbəb olan xarici təsirlər də rol oynaya bilər. Azərbaycan cəmiyyətində və milli mentalitetində ictimai məkanlara zərər vurmaq qəbulolunmazdır. Əksinə, bizdə ətraf mühitə qayğı, təmizlik və səliqə ənənəvi dəyərlər kimi formalaşıb və ailələr tərəfindən aşılanır”.

İctimai birlik sədri əlavə edib ki, baş verən hadisə həm tərbiyəvi, həm ictimai, həm də ideoloji aspektdən ciddi şəkildə dəyərləndirilməli və gələcəkdə bu cür halların qarşısının alınması üçün müvafiq addımlar atılmalıdır.

Chosen
54
4
azertag.az

5Sources