EN

Azərbaycan Respublikasının Səfirliyi haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir
 
1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Səfirliyi (bundan sonra – Səfirlik) qəbul edən dövlətdə Azərbaycan Respublikasını təmsil edən diplomatik xidmət orqanıdır. Səfirlik Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (bundan sonra – Nazirlik) rəhbərlik etdiyi diplomatik xidmət orqanlarının vahid sisteminə daxildir.

1.2. Səfirlik Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsis edilir.

1.3. Səfirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələri, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının Konsul Nizamnaməsini, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Nazirliyin qərar, sərəncam və əmrlərini rəhbər tutur və qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.

1.4. Səfirlik qəbul edən dövlətdə Azərbaycan Respublikasının xarici siyasətinin vahid xətt üzrə həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) qəbul edən dövlətdə fəaliyyət göstərən və qəbul edən dövlətə ezam olunmuş nümayəndələrinin işini əlaqələndirir və onların fəaliyyəti üzərində nəzarəti reallaşdırır. Həmin nümayəndələr öz fəaliyyətini Səfirliklə razılaşdırmalı və bu fəaliyyət barədə Səfirliyə məlumat verməlidirlər.

1.5. Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq, Səfirliyin binasında və Azərbaycan Respublikası fövqəladə və səlahiyyətli səfirinin (bundan sonra – Səfir) iqamətgahında Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılır və Azərbaycan Respublikası Dövlət Gerbinin qabarıq təsviri vurulur. Xidməti vəzifələrini yerinə yetirərkən Səfirin nəqliyyat vasitəsinin üzərində Azərbaycan Respublikasının Dövlət Bayrağı yerləşdirilir. Səfirliyin binasında və ya ərazisində Azərbaycan dilində və qəbul edən dövlətin dövlət dilində (dillərində) Səfirliyin adı yazılan lövhə vurulur. Səfirlik Azərbaycan Respublikasının dövlət rəmzlərindən qəbul edən dövlətin qanunvericiliyi və diplomatik protokol qaydaları nəzərə alınmaqla istifadə edir.

1.6. Səfirlik, həmçinin Səfirlikdə xidmət keçən diplomatik xidmət orqanı əməkdaşları (bundan sonra – əməkdaşlar) və onlarla birlikdə yaşayan ailə üzvləri qəbul edən dövlətdə Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə və qəbul edən dövlətin qanunvericiliyinə uyğun olaraq, qəbul edən dövlətdə imtiyazlardan və immunitetlərdən istifadə edirlər. Səfirliyin əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri qəbul edən dövlətin qanunvericiliyinə, həmçinin adət-ənənələrinə hörmətlə yanaşmalı və daxili işlərinə qarışmamalıdırlar.

1.7. Səfirliyin, nümunələri Nazirlik tərəfindən təsdiq edilmiş və üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və Səfirliyin adı həkk olunmuş möhürü, həmçinin kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları, blankları və bank hesabları vardır.

1.8. Səfirliyin Azərbaycan Respublikasının mülkiyyəti olan torpaq sahələri, binaları, qurğuları və digər əmlakı Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş qaydada Səfirliyə təhkim edilir. Səfirlik ona təhkim olunmuş əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququnu Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada həyata keçirir.

2. Səfirliyin fəaliyyət istiqamətləri

2.1. Səfirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. qəbul edən dövlətdə Azərbaycan Respublikasını təmsil etmək;

2.1.2. qəbul edən dövlətdə Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirmək;

2.1.3. qəbul edən dövlətdə Azərbaycan Respublikasının müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, milli təhlükəsizliyini və milli maraqlarını xarici siyasət vasitələri ilə və diplomatik üsullarla qorumaq və təmin etmək;

2.1.4. Azərbaycan Respublikası ilə qəbul edən dövlət arasında dostluq münasibətlərini, sülhü və əməkdaşlığı inkişaf etdirmək;

2.1.5. qəbul edən dövlətdə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarını və qanuni mənafelərini xarici siyasət vasitələri ilə və diplomatik üsullarla müdafiə etmək;

2.1.6. qəbul edən dövlətin xarici və daxili siyasətini təhlil etmək və Nazirliyə təkliflər vermək;

2.1.7. qəbul edən dövlətlə Azərbaycan Respublikasının diplomatik və konsul əlaqələrini həyata keçirmək;

2.1.8. xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin inkişafına dəstək vermək;

2.1.9. qəbul edən dövlətə Azərbaycan Respublikası rəsmi nümayəndə heyətlərinin səfərlərinin hazırlanmasına və həyata keçirilməsinə kömək göstərmək;

2.1.10. qəbul edən dövlətin ərazisinin Azərbaycan Respublikası Konsulluğunun konsul dairəsinə aid olmayan hissəsində, həmçinin Azərbaycan Respublikası Konsulluğunun olmadığı qəbul edən dövlətdə (bundan sonra – müvafiq dairədə) Azərbaycan Respublikasının adından konsul funksiyalarını həyata keçirmək;

2.1.11. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Səfirliyin vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Səfirliyin vəzifələri aşağıdakılardır:

3.1.1. Azərbaycan Respublikasını qəbul edən dövlətdə təmsil etmək və onun milli maraqlarını qorumaq;

3.1.2. Azərbaycan Respublikası ilə qəbul edən dövlət arasında dostluq münasibətlərinin, sülhün və əməkdaşlığın inkişafına, eləcə də qəbul edən dövlətin yerləşdiyi regionda Azərbaycan Respublikasının milli maraqlarının təmin olunmasına yardım etmək;

3.1.3. qəbul edən dövlətdə Azərbaycan Respublikasının xarici siyasətinin vahid xətt üzrə həyata keçirilməsini təmin etmək;

3.1.4. qəbul edən dövlətdə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasından irəli gələn məsələləri xarici siyasət vasitələri ilə və diplomatik üsullarla həyata keçirmək;

3.1.5. qəbul edən dövlətdə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsindən irəli gələn funksiyaları xarici siyasət vasitələri ilə və diplomatik üsullarla həyata keçirmək;

3.1.6. Azərbaycan Respublikasının milli maraqlarına uyğun sahələrdə qəbul edən dövlətlə əlaqələr yaratmaq, əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək;

3.1.7. qəbul edən dövlətin xarici və daxili siyasət məsələləri, qəbul edən dövlətdə və onun yerləşdiyi regionda mövcud beynəlxalq vəziyyət, habelə Azərbaycan Respublikasının milli maraqları baxımından əhəmiyyət kəsb edən hadisələr barədə Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikasının Nazirlər Kabinetini və Nazirliyi məlumatlandırmaq;

3.1.8. Azərbaycan Respublikası ilə qəbul edən dövlət arasında danışıqlar aparılmasını təşkil və təmin etmək;

3.1.9. qəbul edən dövlətdə Azərbaycan Respublikasının xarici siyasət məsələləri ilə bağlı şərh və açıqlamalar vermək;

3.1.10. qəbul edən dövlətə ezam olunmuş Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirməkdə yardım göstərmək;

3.1.11. qəbul edən dövlətdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin qurulmasına, eləcə də onlar arasında əməkdaşlığın inkişafına, həmrəyliyin gücləndirilməsinə və milli mənafeyə xidmət edən tədbirlərin təşkilinə yardım etmək;

3.1.12. Azərbaycan Respublikasının xarici siyasəti çərçivəsində beynəlxalq yardım fəaliyyətinə dair təkliflər vermək, qəbul edən dövlətdə beynəlxalq yardımın təşkilində, həyata keçirilməsində və əlaqələndirilməsində iştirak etmək;

3.1.13. qəbul edən dövlətin razılığı ilə müvafiq dairədə olan Azərbaycan hərbi və mülki məzarlarının, məzarüstü abidələrinin, abidə nişanlarının və memorial (xatirə) tikililərinin qeydiyyatı, mühafizəsi və abadlığı məqsədilə tədbirlər görmək;

3.1.14. Azərbaycan Respublikasının qəbul edən dövlətlə xarici iqtisadi əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə, Azərbaycan Respublikasına xarici sərmayələrin cəlb olunmasına dəstək vermək, həmçinin Azərbaycan mal və xidmətlərinin beynəlxalq bazarlara çıxarılması sahəsində Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarına (qurumlarına) kömək göstərmək;

3.1.15. qəbul edən dövlətdə Azərbaycan Respublikasının iştirakı ilə keçirilən beynəlxalq tədbirlərdə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Azərbaycan mədəniyyətinin təqdim və təşviqini təmin edən tədbirlər görmək, Azərbaycan Respublikasının mədəniyyət tədbirlərinin keçirilməsinə dəstək göstərmək;

3.1.16. qəbul edən dövlətdə Azərbaycan Respublikasının xarici və daxili siyasəti, iqtisadi, sosial və mədəni həyatı haqqında rəsmi məlumatın yayılmasını təmin etmək;

3.1.17. Azərbaycan Respublikasının milli maraqları baxımından Azərbaycan Respublikasının dövlət orqanlarına (qurumlarına), qeyri-hökumət təşkilatlarına (ictimai birliklərinə və fondlarına) və işgüzar dairələrinə qəbul edən dövlətin dövlət orqanları (qurumları), qeyri-hökumət təşkilatları (ictimai birlikləri və fondları) və işgüzar dairələri ilə əlaqələrin qurulmasına və inkişafına kömək göstərmək;

3.1.18. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirliyin tapşırıqlarını yerinə yetirmək, həmçinin Azərbaycan Respublikasının digər dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının Nazirlik vasitəsilə daxil olmuş müraciətlərinə baxmaq;

3.1.19. Azərbaycan Respublikası Milli Məclisinin qəbul edən dövlətdə parlamentlərarası və digər beynəlxalq əlaqələrinin qurulmasına və həyata keçirilməsinə Nazirlik vasitəsilə kömək göstərmək;

3.1.20. Azərbaycan Respublikası ilə qəbul edən dövlət arasında beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında, beynəlxalq müqavilələrin bağlanılması və ya ləğv edilməsi barədə təkliflər verilməsində, Azərbaycan Respublikası ilə qəbul edən dövlət arasında bağlanılmış beynəlxalq müqavilələrin icrası üzərində ümumi müşahidənin həyata keçirilməsində iştirak etmək;

3.1.21. Azərbaycan Respublikası ilə qəbul edən dövlət arasında protokol təminatından irəli gələn funksiyaları həyata keçirmək;

3.1.22. qəbul edən dövlətdə Azərbaycan Respublikasına, onun xarici siyasət təşəbbüslərinə münasibətdə müsbət mövqenin formalaşdırılmasına kömək göstərmək;

3.1.23. qəbul edən dövlətdə Azərbaycan Respublikası konsulluqlarının (olduğu halda) fəaliyyəti üzərində ümumi siyasi rəhbərliyi həyata keçirmək;

3.1.24. müvafiq dairədə Azərbaycan Respublikasının adından konsul funksiyalarının həyata keçirilməsindən irəli gələn hərəkətləri yerinə yetirmək;

3.1.25. müvafiq dairədə olan və ya yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, qəbul edən dövlətin qanunvericiliyinə riayət etməklə, mülki, ailə və cinayət işlərinə dair hüquqi yardım göstərmək;

3.1.26. müvafiq dairədə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotunu aparmaq;

3.1.27. müvafiq dairədə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hərbi uçotunu aparmaq, kişi cinsindən olan 18 yaşına çatmış vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmaq üçün Azərbaycan Respublikasına gəlmələrini təmin etmək;

3.1.28. müvafiq dairədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarını qeydiyyatdan keçirmək;

3.1.29. Azərbaycan Respublikası məhkəmələrinin və istintaq orqanlarının müvafiq dairədə olan və ya yaşayan Azərbaycan Respublikası vətəndaşlarına dair tapşırıqlarını, əgər həmin aktların icrası qəbul edən dövlətin qanunvericiliyinə zidd deyilsə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarına əməl etməklə yerinə yetirmək;

3.1.30. müvafiq dairədə azadlığı məhdudlaşdırılan və ya azadlıqdan məhrum edilən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə Azərbaycan Respublikası ilə qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə və qəbul edən dövlətin qanunlarına əməl olunub-olunmamasına nəzarət etmək;

3.1.31. müvafiq dairədə itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının axtarışı üzrə tədbirlər görmək;

3.1.32. müvafiq dairədə olan və ya yaşayan Azərbaycan Respublikası vətəndaşlarına seçki hüquqlarını həyata keçirməkdə kömək göstərmək;

3.1.33. müvafiq dairədə qanunla nəzərdə tutulmuş notariat əməliyyatlarını aparmaq;

3.1.34. müvafiq dairədə konsul leqallaşdırmasını həyata keçirmək;

3.1.35. müvafiq dairədə olan və ya yaşayan Azərbaycan Respublikası vətəndaşları barəsində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını (o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron formada) aparmaq, vətəndaşlıq vəziyyəti aktı qeydlərində dəyişiklik etmək və onları ləğv etmək, itmiş akt qeydlərini bərpa etmək, akt kitablarını saxlamaq və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar vermək;

3.1.36. müvafiq dairədə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları barəsində qəyyumluqla və himayəçiliklə bağlı tədbirləri yerinə yetirmək;

3.1.37. Azərbaycan Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xeyrinə müvafiq dairədə vərəsəlik açıldıqda, bu vərəsəliyə dair və ehtimal olunan vərəsələr haqqında məlumatı Nazirliyə göndərmək;

3.1.38. müvafiq dairədə səlahiyyətlərinə aid edilən məsələlər üzrə arayışlar vermək;

3.1.39. Azərbaycan Respublikasının vətəndaşları öz maraqlarının müdafiəsini digər şəxsə həvalə etmədikdə və ya öz maraqlarını müdafiə etmək iqtidarında olmadıqda, müvafiq dairədə olan məhkəmə və digər dövlət orqanlarında (qurumlarında), qəbul edən dövlətin qanunvericiliyinə riayət etməklə, onları təmsil etmək və ya müvafiq təmsilçiliyini təşkil etmək;

3.1.40. müvafiq dairədə müvəqqəti və ya daimi yaşayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılmada iştirak etmək;

3.1.41. müvafiq dairədə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına pasport vermək;

3.1.42. müvafiq dairədə olan və ya yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini müəyyənləşdirmək və onlara Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi vermək;

3.1.43. müvafiq dairədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin etmək;

3.1.44. müvafiq dairədə yaşayan və Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirmək, elektron viza əldə etmək qaydası haqqında məlumat vermək, həmçinin beynəlxalq tədbirlərdə sadələşdirilmiş viza rejiminin tətbiqi haqqında məlumatlandırmanı təmin etmək;

3.1.45. Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) tərəfindən müvafiq dairədə olan və ya yaşayan Azərbaycan Respublikası vətəndaşlarına dövlət xidmətlərinin səyyar formada göstərilməsinə dəstək vermək;

3.1.46. qəbul edən dövlətdə silahlı münaqişələr və fövqəladə hallar zamanı, həmçinin təhlükəsizliyə təhdid yarandığı digər hallarda Səfirlik əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin, eləcə də qəbul edən dövlətdə olan və ya yaşayan digər Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyini aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə təmin etmək, həmçinin onların təxliyəsini təşkil etmək;

3.1.47. müvafiq dairədə olan Azərbaycan Respublikasının mülki dəniz və hava gəmiləri, hərbi gəmiləri və köməkçi hərbi gəmiləri, hərbi təyyarələri və helikopterləri, həmçinin onların heyəti ilə bağlı normativ hüquqi aktlarla müəyyən edilmiş funksiyaları həyata keçirmək, belə gəmilərə və onların heyətinə yardım göstərmək;

3.1.48. müvafiq dairədə olan Azərbaycan Respublikasının beynəlxalq yük və sərnişin daşımalarını həyata keçirən avtomobil və dəmir yolu nəqliyyatı vasitələri, həmçinin onların heyəti ilə bağlı normativ hüquqi aktlarla müəyyən edilmiş funksiyaları həyata keçirmək, belə gəmilərə və onların heyətinə yardım göstərmək;

3.1.49. müvafiq dairədə sanitariya, fitosanitariya və baytarlıq mühafizəsi sahələrində normativ hüquqi aktlarla müəyyən edilmiş funksiyaları həyata keçirmək;

3.1.50. müvafiq dairədə apardığı konsul əməliyyatlarına görə dövlət rüsumu tutmaq və onun normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və müddətdə dövlət büdcəsinə köçürülməsini təmin etmək;

3.1.51. Nazirliyin tapşırığı və qəbul edən dövlətin razılığı əsasında, qəbul edən dövlətdə təmsil olunmayan üçüncü dövlətin müraciəti ilə həmin üçüncü dövlətin maraqlarını qəbul edən dövlətdə müdafiə etmək, eləcə də üçüncü dövlətin adından konsul funksiyalarını yerinə yetirmək;

3.1.52. öz fəaliyyəti haqqında ictimaiyyətin məlumatlandırılmasını, sosial media hesablarının yaradılmasını, eləcə də malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın rəsmi internet ehtiyatında və sosial media hesablarında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.53. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə müraciətlərə baxmaq, diplomatik və rəsmi yazışmalar aparmaq və onların qeydiyyatını, saxlanılmasını, arxivləşdirilməsini və mühafizəsini təmin etmək;

3.1.54. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

4. Səfirliyin hüquqları

4.1. Bu Əsasnamə ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirmək üçün Səfirliyin aşağıdakı hüquqları vardır:

4.1.1. Azərbaycan Respublikasından və qəbul edən dövlətdən rəsmi nümayəndə heyətlərinin səfərlərinə dair Nazirliyə təkliflər vermək;

4.1.2. Azərbaycan Respublikası ilə qəbul edən dövlət arasında beynəlxalq müqavilələrin bağlanılması və ya ləğv edilməsi barədə Nazirliyə təkliflər vermək;

4.1.3. qəbul edən dövlətdə fəaliyyət göstərən üçüncü dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları, vəzifələrinə aid məsələlər üzrə qəbul edən dövlətin dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları (ictimai birlikləri və fondları), media subyektləri və jurnalistləri, elmi, mədəni və işgüzar dairələri ilə xidməti əlaqələr qurmaq və əməkdaşlıq etmək, eləcə də onlara sorğular göndərmək, onlardan məlumat və sənədlər almaq;

4.1.4. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Nazirlik vasitəsilə Azərbaycan Respublikasının dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına (ictimai birliklərə və fondlara), hüquqi və fiziki şəxslərə sorğular göndərmək və onlardan məlumat və sənədlər almaq;

4.1.5. qəbul edən dövlətlə əməkdaşlıq sahəsində yaradılan birgə hökumətlərarası və digər komissiyaların, eləcə də işçi qrupların işində iştirak etmək, konfranslar, forumlar, seminarlar, iclaslar, sərgilər, görüşlər və digər tədbirlər təşkil etmək, həmçinin bu tədbirlərin təşkilinə dəstək vermək;

4.1.6. müvafiq dairədə konsul funksiyalarından irəli gələn hüquqları həyata keçirmək, aparılan konsul əməliyyatlarına görə faktiki xərcləri tutmaq, eləcə də konsul əməliyyatlarının icrası üçün kənar xidmət təchizatçıları ilə əməkdaşlıq etmək;

4.1.7. konsul funksiyalarının icrası ilə bağlı müvafiq dairənin inzibati ərazi vahidlərində şəxslərin qəbulunu həyata keçirmək;

4.1.8. qəbul edən dövlətdə Azərbaycan Respublikası fəxri konsullarının təyin edilməsi barədə Nazirliyə təkliflər təqdim etmək;

4.1.9. fəaliyyət istiqamətlərinə aid məsələlərə dair rəy vermək, analitik materiallar hazırlamaq, təhlillər və ümumiləşdirmələr aparmaq;

4.1.10. vəzifələrindən irəli gələn məsələlər üzrə komissiyalar və işçi qruplar yaratmaq;

4.1.11. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Səfirliyin fəaliyyətinin təşkili

5.1. Səfirliyə qəbul edən dövlətdə Azərbaycan Respublikasının ən yüksək rəsmi nümayəndəsi olan Səfir rəhbərlik edir.

5.2. Səfir Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir və geri çağırılır.

5.3. Ali təhsili və peşə hazırlığı olan, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşı Səfir təyin edilə bilər.

5.4. Səfirin təyin edilməsi və geri çağırılması Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə tənzimlənir.

5.5. Səfir təyin edilməsi nəzərdə tutulan şəxs barəsində qəbul edən dövlətin əvvəlcədən razılıq sənədi alınır.

5.6. Səfirə Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun soyadını, adını, atasının adını, vətəndaşlığını, vəzifəsini və səlahiyyətini təsdiq edən sənəd (etimadnamə) verilir.

5.7. Səfirin qəbul edən dövlətdə fasiləsiz xidmət müddəti 5 (beş) ildir. Səfir müavininin qəbul edən dövlətdə fasiləsiz xidmət müddəti 4 (dörd) ildir. Azərbaycan Respublikası Prezidentinin qərarına uyğun olaraq Səfir və Səfirin müavini fasiləsiz xidmət müddətindən artıq fəaliyyətini davam etdirə və ya həmin müddətdən əvvəl geri çağırıla bilərlər.

5.8. Səfirliyin digər əməkdaşlarının fasiləsiz xidmət müddəti 3 (üç) ildir. Bu müddət Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən onların razılığı ilə 1 (bir) ilədək uzadıla bilər və ya onlar “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan hallarda xidmət müddətinin başa çatmasından əvvəl geri çağırıla bilərlər.

5.9. Səfir Səfirliyə həvalə edilmiş vəzifələrin icrası üçün şəxsən məsuliyyət daşıyır və onların yerinə yetirilməsinə görə Nazirliyə hesabat verir.

5.10. Səfir:

5.10.1. qəbul edən dövlətdə Azərbaycan Respublikasını təmsil edir;

5.10.2. Səfirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.10.3. Səfirlikdə dövlət sirrinin və qanunla mühafizə olunan digər sirlərin qorunmasını təşkil edir;

5.10.4. Səfirliyə ayrılan dövlət büdcəsi vəsaitinin səmərəli sərf olunmasına və maliyyə intizamına riayət edilməsinə nəzarəti həyata keçirir;

5.10.5. Səfirliyin fəaliyyətinə dair icrası məcburi olan sərəncamlar və əmrlər verir;

5.10.6. Səfirlikdə Azərbaycan Respublikasının hüquqi aktlarının və Nazirliyin qərar, sərəncam və əmrlərinin icrasını təşkil edir, həmçinin onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir;

5.10.7. Səfirliyin əməkdaşlarını xidmət üçün zəruri şəraitlə təmin edir, Səfirliyin fəaliyyətinin təşkili ilə bağlı Nazirliyə təkliflər verir;

5.10.8. Nazirliyin razılığı ilə xidməti ezamiyyətlərə gedir;

5.10.9. Səfirliyi təmsil edir;

5.10.10. Səfirlik əməkdaşlarının xidməti fəaliyyətini normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada qiymətləndirir;

5.10.11. Səfirliyin xidmətdə xüsusi fərqlənmiş əməkdaşlarının Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilməsi üçün, habelə Səfirliyin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyə təqdimat verir;

5.10.12. Səfirliyin diplomatik xidmət əməkdaşlarının rütbədə və vəzifədə yüksəldilməsi, Səfirlik əməkdaşlarının fasiləsiz xidmət müddətinin “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uzadılması haqqında Nazirliyə təklif verir;

5.10.13. Səfirliyin əməkdaşlarının və dövlət qulluğunda olmayan işçilərinin məzuniyyətləri və ezamiyyətləri barədə əmrlər verir;

5.10.14. Səfirliyin dövlət qulluğunda olmayan işçilərini Nazirliklə razılaşdıraraq işə qəbul edir və işdən azad edir;

5.10.15. Səfirliyin, onun əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görür, qəbul edən dövlətdə silahlı münaqişələr və fövqəladə hallar zamanı, həmçinin təhlükəsizliyə təhdid yarandığı digər hallarda Səfirliyin, habelə Azərbaycan Respublikasının qəbul edən dövlətdə olan digər diplomatik xidmət orqanlarının fəaliyyətini, həmçinin Səfirlik əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin, eləcə də qəbul edən dövlətdə olan və ya yaşayan digər Azərbaycan Respublikası vətəndaşlarının davranış qaydasını müəyyən olunmuş qaydada təşkil edir və bu məsələlərlə bağlı rəhbərliyi həyata keçirir;

5.10.16. mühafizəsi zəruri hesab olunan Səfirlikdə mühafizə xidmətinin aparılmasına nəzarət edir;

5.10.17. Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə və qəbul edən dövlətin qanunvericiliyi ilə Səfirliyə, Azərbaycan Respublikasının qəbul edən dövlətdə olan digər diplomatik xidmət orqanlarına və Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) qəbul edən dövlətdəki nümayəndəliklərinə, onların əməkdaşlarına (nümayəndələrinə) və onlarla birlikdə yaşayan ailə üzvlərinə, diplomatik poçta və onu daşıyan şəxslərə, həmçinin imtiyaz və immunitet hüququ olan Azərbaycan Respublikasının digər vətəndaşlarına verilən imtiyazların və immunitetlərin qəbul edən dövlətdə təmin olunması məqsədilə tədbirlər görür;

5.10.18. Səfirliyin əməkdaşlarına və Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) qəbul edən dövlətdəki nümayəndələrinə qəbul edən dövlətdə Azərbaycan Respublikasının milli maraqlarına uyğun davranış nümayiş etdirmələri, qəbul edən dövlətin qanunvericiliyinə, həmçinin adət-ənənələrinə hörmətlə yanaşmaları və daxili işlərinə qarışmamaları barədə tövsiyələr verir;

5.10.19. qəbul edən dövlətdə danışıqlar aparır, beynəlxalq konfranslarda, forumlarda, seminarlarda, iclaslarda, sərgilərdə, görüşlərdə və digər tədbirlərdə iştirak edir, habelə Azərbaycan Respublikası Prezidentinin verdiyi səlahiyyət əsasında beynəlxalq müqavilələr imzalayır;

5.10.20. qəbul edən dövlətlə münasibətlərdə qarşılılıq prinsipinin tətbiq edilməsinə dair Nazirliyə təkliflər verir;

5.10.21. Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) qəbul edən dövlətdə fəaliyyət göstərən və qəbul edən dövlətə ezam olunmuş nümayəndələrinin qərarları və hərəkətləri Azərbaycan Respublikasının milli maraqlarına cavab vermədiyi təqdirdə, həmin halların qarşısının alınması üçün Nazirliyə məlumat verir;

5.10.22. Azərbaycan Respublikasını eyni zamanda üçüncü dövlətdə yaxud, beynəlxalq təşkilatda və ya onun bölməsində təmsil etdikdə, bu təmsilçilikdən irəli gələn səlahiyyətləri yerinə yetirir;

5.10.23. Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

5.11. Səfir vəzifəsi vakant olduqda və ya Səfir vəzifə funksiyalarını həyata keçirə bilmədikdə, habelə məzuniyyətdə və ya qəbul edən dövlətin xaricində ezamiyyətdə olduğu dövrdə bu vəzifəni Səfirin müavini, Səfirin müavini olmadıqda isə Səfirliyin digər diplomatik xidmət əməkdaşı müvəqqəti icra edir. Səfir vəzifəsini müvəqqəti icra edən diplomatik xidmət əməkdaşı müvəqqəti işlər vəkili adlandırılır. Səfir məzuniyyətdə və ya qəbul edən dövlətin xaricində ezamiyyətdə olduğu dövrdə müvəqqəti işlər vəkili, Nazirliklə razılaşdırmaqla, Səfir, digər hallarda isə Nazirlik tərəfindən müəyyən edilir və bu barədə Səfirlik tərəfindən qəbul edən dövlətin aidiyyəti dövlət orqanına məlumat verilir.

5.12. Səfirliyin strukturunu və ştat cədvəlini Nazirlik təsdiq edir.

5.13. Səfirliyin vəzifələrinin icrasının yerləşdiyi şəhərdən kənarda qəbul edən dövlətin digər inzibati ərazi vahidində icra etmək zərurəti yarandıqda, qəbul edən dövlətin razılığı ilə müvafiq inzibati ərazi vahidində Səfirliyin bölməsi, yaxud Səfir eyni zamanda üçüncü dövlətdə və ya bölməsi üçüncü dövlətdə yerləşən beynəlxalq təşkilatda Azərbaycan Respublikasını təmsil etdikdə, onun səlahiyyətlərinin həyata keçirilməsi üçün üçüncü dövlətin və ya beynəlxalq təşkilatın razılığı ilə həmin dövlətdə və ya beynəlxalq təşkilatda Azərbaycan Respublikasını təmsil edən bölmə yaradıla bilər.

5.14. Səfirliyin maddi-texniki təminatını Nazirlik həyata keçirir.

5.15. Səfirlik əməkdaşlarının hüquq və vəzifələri “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və vəzifə təlimatları ilə müəyyən olunur.

5.16. Səfirliyin fəaliyyəti Nazirlik tərəfindən təsdiq edilmiş illik iş planı əsasında təşkil olunur.

5.17. Səfirliyə normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) nümayəndələri təyin və ya ezam oluna bilərlər. Səfirliyə təyin və ya ezam olunmuş Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) nümayəndələri öz qərarlarını və hərəkətlərini Səfirlə razılaşdırmalıdırlar.

Chosen
4
2
xalqqazeti.az

3Sources