EN

Azərbaycan Respublikasının Konsulluğu haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Konsulluğu (bundan sonra – Konsulluq) qəbul edən dövlətdə müvafiq konsul dairəsində Azərbaycan Respublikasının adından konsul funksiyalarını həyata keçirən diplomatik xidmət orqanıdır. Konsulluq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (bundan sonra – Nazirlik) rəhbərlik etdiyi diplomatik xidmət orqanlarının vahid sisteminə daxildir.

1.2. Konsulluq, dərəcəsinə görə, Azərbaycan Respublikasının baş konsulluqlarından, konsulluqlarından, vitse-konsulluqlarından və konsul agentliklərindən ibarətdir.

1.3. Konsulluq Azərbaycan Respublikası xarici işlər nazirinin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilir.

1.4. Konsulluq Azərbaycan Respublikasının qəbul edən dövlətdəki Səfirliyi (olduğu halda) rəhbərinin ümumi siyasi rəhbərliyi altında fəaliyyət göstərir.

1.5. Konsulluq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələri, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının Konsul Nizamnaməsini, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Nazirliyin qərar, sərəncam və əmrlərini rəhbər tutur və qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.

1.6. Konsulluq Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) konsul dairəsində fəaliyyət göstərən və ya konsul dairəsinə ezam olunmuş nümayəndələrinin Konsulluğun fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə işini əlaqələndirir və onların həmin istiqamətdə fəaliyyətinə nəzarəti həyata keçirir. Həmin nümayəndələr Konsulluğun fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə fəaliyyətlərini Konsulluqla razılaşdırmalı və bu barədə Konsulluğa məlumat verməlidirlər.

1.7. Konsulluğun yeri (təsis olunacağı şəhər), dərəcəsi və konsul dairəsi qəbul edən dövlətlə razılıq əsasında müəyyənləşdirilir.

1.8. Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq, Konsulluğun binasında və Konsulluq rəhbərinin iqamətgahında Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılır və Azərbaycan Respublikası Dövlət Gerbinin qabarıq təsviri vurulur. Xidməti vəzifələrini yerinə yetirərkən Konsulluq rəhbərinin nəqliyyat vasitəsinin üzərində Azərbaycan Respublikasının Dövlət Bayrağı yerləşdirilir. Konsulluğun binasında və ya ərazisində Azərbaycan dilində və qəbul edən dövlətin dövlət dilində (dillərində) Konsulluğun adı yazılan lövhə vurulur. Konsulluq tərəfindən Azərbaycan Respublikasının dövlət rəmzlərindən qəbul edən dövlətin qanunvericiliyi və diplomatik protokol qaydaları nəzərə alınmaqla istifadə olunur.

1.9. Konsulluq, həmçinin Konsulluqda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşları (bundan sonra – əməkdaşlar) və onlarla birlikdə yaşayan ailə üzvləri qəbul edən dövlətdə Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə və qəbul edən dövlətin qanunvericiliyinə uyğun olaraq, qəbul edən dövlətdə imtiyazlardan və immunitetlərdən istifadə edirlər. Konsulluğun əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri qəbul edən dövlətin qanunvericiliyinə, həmçinin adət-ənənələrinə hörmətlə yanaşmalı və daxili işlərinə qarışmamalıdırlar.

1.10. Konsulluğun, nümunələri Nazirlik tərəfindən təsdiq olunmuş və üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və Konsulluğun adı həkk olunmuş möhürləri, həmçinin kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları, blankları və bank hesabları vardır.

1.11. Konsulluğun Azərbaycan Respublikasının mülkiyyəti olan torpaq sahələri, binaları, qurğuları və digər əmlakı Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş qaydada Konsulluğa təhkim edilir. Konsulluq ona təhkim olunmuş əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququnu Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada həyata keçirir.

2. Konsulluğun fəaliyyət istiqamətləri

2.1. Konsulluğun fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. konsul dairəsində Azərbaycan Respublikasının konsul əlaqələrini həyata keçirmək;

2.1.2. konsul dairəsində Azərbaycan Respublikasının milli maraqlarını qorumaq və təmin etmək;

2.1.3. konsul dairəsində Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək;

2.1.4. qəbul edən dövlətlə Azərbaycan Respublikasının dostluq münasibətlərinin inkişafına, iqtisadi, elmi-texniki, mədəni, ticarət, idman, turizm və digər sahələrdə əlaqələrinin genişlənməsinə yardım göstərmək;

2.1.5. konsul dairəsində yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin inkişafına dəstək vermək;

2.1.6. qəbul edən dövlətə Azərbaycan Respublikası rəsmi nümayəndə heyətlərinin səfərlərinin hazırlanmasına və həyata keçirilməsinə kömək göstərmək;

2.1.7. konsul dairəsində Azərbaycan Respublikasının adından konsul funksiyalarını həyata keçirmək;

2.1.8. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Konsulluğun vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Konsulluğun vəzifələri aşağıdakılardır:

3.1.1. Azərbaycan Respublikası ilə qəbul edən dövlət arasında dostluq münasibətlərinin inkişafına yardım etmək;

3.1.2. konsul dairəsində Azərbaycan Respublikasının xarici və daxili siyasəti, iqtisadi, sosial, elmi-texniki, mədəni, ticarət, idman, turizm və digər sahələrdə nailiyyətləri haqqında rəsmi məlumatın yayılmasını təmin etmək;

3.1.3. konsul dairəsi çərçivəsində qəbul edən dövlətin iqtisadi, sosial, elmi-texniki, mədəni, ticarət, idman, turizm və digər məsələləri barədə Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikasının Nazirlər Kabinetini və Nazirliyi məlumatlandırmaq, həmin sahələr üzrə əməkdaşlığın yaradılmasına və inkişaf etdirilməsinə kömək göstərmək;

3.1.4. Azərbaycan Respublikasının milli maraqları baxımından Azərbaycan Respublikasının dövlət orqanlarına (qurumlarına), qeyri-hökumət təşkilatlarına (ictimai birliklərə və fondlara) və işgüzar dairələrinə qəbul edən dövlətin konsul dairəsində olan dövlət orqanları (qurumları), qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) və işgüzar dairələri ilə əlaqələrin qurulmasına və inkişafına kömək göstərmək;

3.1.5. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirliyin tapşırıqlarını yerinə yetirmək, həmçinin Azərbaycan Respublikasının digər dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının Nazirlik vasitəsilə daxil olmuş müraciətlərinə baxmaq;

3.1.6. Azərbaycan Respublikasının qəbul edən dövlətlə bağlanılması nəzərdə tutulan beynəlxalq müqavilələrinin layihələrinin hazırlanmasında iştirak etmək;

3.1.7. Azərbaycan Respublikasının qəbul edən dövlətlə xarici iqtisadi əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə, Azərbaycan Respublikasına xarici sərmayələrin cəlb olunmasına dəstək vermək, həmçinin Azərbaycan mal və xidmətlərinin beynəlxalq bazarlara çıxarılması sahəsində Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarına (qurumlarına) kömək göstərmək;

3.1.8. konsul dairəsində Azərbaycan Respublikasının iştirakı ilə keçirilən beynəlxalq tədbirlərdə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Azərbaycan mədəniyyətinin təqdim və təşviqini təmin edən tədbirlər görmək, Azərbaycan Respublikasının mədəniyyət tədbirlərinin keçirilməsinə dəstək göstərmək;

3.1.9. konsul dairəsinə ezam olunmuş Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirməkdə yardım göstərmək;

3.1.10. konsul dairəsində yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin qurulmasına, eləcə də onlar arasında əməkdaşlığın inkişafına, həmrəyliyin gücləndirilməsinə və milli mənafeyə xidmət edən tədbirlərin təşkilinə, mədəni-maarif tədbirlərinin keçirilməsinə yardım etmək;

3.1.11. Azərbaycan Respublikasının xarici siyasəti çərçivəsində beynəlxalq yardım fəaliyyətinə dair təkliflər vermək, konsul dairəsində beynəlxalq yardımın təşkilində, həyata keçirilməsində və əlaqələndirilməsində iştirak etmək;

3.1.12. qəbul edən dövlətin razılığı ilə konsul dairəsində olan Azərbaycan hərbi və mülki məzarlarının, məzarüstü abidələrinin, abidə nişanlarının və memorial (xatirə) tikililərinin qeydiyyatı, mühafizəsi və abadlığı məqsədilə tədbirlər görmək;

3.1.13. konsul dairəsində Azərbaycan Respublikasının milli maraqlarını, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarını və qanuni mənafelərini konsul funksiyalarına aid üsul və vasitələrlə müdafiə etmək;

3.1.14. konsul dairəsində Azərbaycan Respublikasının adından konsul funksiyalarının həyata keçirilməsindən irəli gələn hərəkətləri yerinə yetirmək;

3.1.15. konsul dairəsində olan və ya yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, qəbul edən dövlətin qanunvericiliyinə riayət etməklə, mülki, ailə və cinayət işlərinə dair hüquqi yardım göstərmək;

3.1.16. konsul dairəsində müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotunu aparmaq;

3.1.17. konsul dairəsində müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hərbi uçotunu aparmaq, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmaq üçün Azərbaycan Respublikasına gəlmələrini təmin etmək;

3.1.18. konsul dairəsində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarını qeydiyyatdan keçirmək;

3.1.19. Azərbaycan Respublikası məhkəmələrinin və istintaq orqanlarının konsul dairəsində olan və ya yaşayan Azərbaycan Respublikası vətəndaşlarına dair tapşırıqlarını, əgər həmin aktların icrası qəbul edən dövlətin qanunvericiliyinə zidd deyilsə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarına əməl etməklə yerinə yetirmək;

3.1.20. konsul dairəsində azadlığı məhdudlaşdırılan və ya azadlıqdan məhrum edilən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə Azərbaycan Respublikası ilə qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə və qəbul edən dövlətin qanunlarına əməl olunub-olunmamasına nəzarət etmək;

3.1.21. konsul dairəsində itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının axtarışı üzrə tədbirlər görmək;

3.1.22. konsul dairəsində olan və ya yaşayan Azərbaycan Respublikası vətəndaşlarına seçki hüquqlarını həyata keçirməkdə kömək göstərmək;

3.1.23. konsul dairəsində qanunla nəzərdə tutulmuş notariat əməliyyatlarını aparmaq;

3.1.24. konsul dairəsində konsul leqallaşdırmasını həyata keçirmək;

3.1.25. konsul dairəsində olan və ya yaşayan Azərbaycan Respublikası vətəndaşları barəsində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını (o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron formada) aparmaq, vətəndaşlıq vəziyyəti aktı qeydlərində dəyişiklik etmək və onları ləğv etmək, itmiş akt qeydlərini bərpa etmək, akt kitablarını saxlamaq və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar vermək;

3.1.26. konsul dairəsində müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları barəsində qəyyumluqla və himayəçiliklə bağlı tədbirləri yerinə yetirmək;

3.1.27. Azərbaycan Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xeyrinə konsul dairəsində vərəsəlik açıldıqda, bu vərəsəliyə dair və ehtimal olunan vərəsələr haqqında məlumatı Nazirliyə göndərmək;

3.1.28. konsul dairəsində səlahiyyətlərinə aid edilən məsələlər üzrə arayışlar vermək;

3.1.29. Azərbaycan Respublikasının vətəndaşları öz maraqlarının müdafiəsini digər şəxsə həvalə etmədikdə və ya öz maraqlarını müdafiə etmək iqtidarında olmadıqda, konsul dairəsində olan məhkəmə və digər dövlət orqanlarında (qurumlarında), qəbul edən dövlətin qanunvericiliyinə riayət etməklə, onları təmsil etmək və ya müvafiq təmsilçiliyi təşkil etmək;

3.1.30. konsul dairəsində müvəqqəti və ya daimi yaşayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılmada iştirak etmək;

3.1.31. konsul dairəsində müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına pasport vermək;

3.1.32. konsul dairəsində olan və ya yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini müəyyənləşdirmək və onlara Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi vermək;

3.1.33. konsul dairəsində yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin etmək;

3.1.34. konsul dairəsində yaşayan və Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirmək, elektron viza əldə etmək qaydası haqqında məlumat vermək, həmçinin beynəlxalq tədbirlərdə sadələşdirilmiş viza rejiminin tətbiqi haqqında məlumatlandırmanı təmin etmək;

3.1.35. Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) tərəfindən konsul dairəsində Azərbaycan Respublikası vətəndaşlarına dövlət xidmətlərinin səyyar formada göstərilməsinə dəstək vermək;

3.1.36. konsul dairəsində silahlı münaqişələr və fövqəladə hallar zamanı, həmçinin təhlükəsizliyə təhdid yarandığı digər hallarda, Konsulluq əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin, eləcə də qəbul edən dövlətdə olan və ya yaşayan digər Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyini aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə təmin etmək, həmçinin onların təxliyəsini Azərbaycan Respublikasının qəbul edən dövlətdəki Səfirliyi ilə (olduğu halda) əlaqələndirməklə təşkil etmək;

3.1.37. konsul dairəsində olan Azərbaycan Respublikasının mülki dəniz və hava gəmiləri, hərbi gəmiləri və köməkçi hərbi gəmiləri, hərbi təyyarələri və hərbi helikopterləri, həmçinin onların heyəti ilə bağlı normativ hüquqi aktlarla müəyyən edilmiş funksiyaları həyata keçirmək, belə gəmilərə və onların heyətinə yardım göstərmək;

3.1.38. konsul dairəsində olan Azərbaycan Respublikasının beynəlxalq yük və sərnişin daşımalarını həyata keçirən avtomobil və dəmir yolu nəqliyyatı vasitələri, həmçinin onların heyəti ilə bağlı normativ hüquqi aktlarla müəyyən edilmiş funksiyaları həyata keçirmək, belə nəqliyyat vasitələrinə və onların heyətinə yardım göstərmək;

3.1.39. konsul dairəsində sanitariya, fitosanitariya və baytarlıq mühafizəsi sahələrində normativ hüquqi aktlarla müəyyən edilmiş funksiyaları həyata keçirmək;

3.1.40. konsul dairəsində apardığı konsul əməliyyatlarına görə dövlət rüsumu tutmaq və onun normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və müddətdə dövlət büdcəsinə köçürülməsini təmin etmək;

3.1.41. Nazirliyin tapşırığı və qəbul edən dövlətin razılığı əsasında, qəbul edən dövlətdə təmsil olunmayan üçüncü dövlətin müraciəti ilə həmin üçüncü dövlətin adından konsul funksiyalarını yerinə yetirmək;

3.1.42. öz fəaliyyəti haqqında ictimaiyyətin məlumatlandırılmasını, sosial media hesablarının yaradılmasını, eləcə də malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın rəsmi internet informasiya ehtiyatında və sosial media hesablarında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.43. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə müraciətlərə baxmaq, diplomatik və rəsmi yazışmalar aparmaq, həmçinin onların qeydiyyatını, saxlanılmasını, arxivləşdirilməsini və mühafizəsini təmin etmək;

3.1.44. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

4. Konsulluğun hüquqları

4.1. Bu Əsasnamə ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirmək üçün Konsulluğun aşağıdakı hüquqları vardır:

4.1.1. Azərbaycan Respublikasından və konsul dairəsindən rəsmi nümayəndə heyətlərinin səfərlərinə dair Nazirliyə təkliflər vermək;

4.1.2. konsul dairəsində fəaliyyət göstərən üçüncü dövlətlərin konsulluqları, vəzifələrinə aid məsələlər üzrə qəbul edən dövlətin dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları (ictimai birlikləri və fondları), media subyektləri və jurnalistləri, elmi, mədəni və işgüzar dairələri ilə xidməti əlaqələr qurmaq və əməkdaşlıq etmək, eləcə də onlara sorğular göndərmək, onlardan məlumat və sənədlər almaq;

4.1.3. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Nazirlik vasitəsilə Azərbaycan Respublikasının dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına (ictimai birliklərə və fondlara), hüquqi və fiziki şəxslərə sorğular göndərmək, onlardan məlumat və sənədlər almaq;

4.1.4. xarici dövlətlərlə əməkdaşlıq sahəsində yaradılan birgə komissiyaların və işçi qrupların işində iştirak etmək, konfranslar, forumlar, seminarlar, iclaslar, sərgilər, görüşlər və digər tədbirlər təşkil etmək, həmçinin bu tədbirlərin təşkilinə dəstək vermək;

4.1.5. konsul dairəsində konsul funksiyalarından irəli gələn hüquqları həyata keçirmək, aparılan konsul əməliyyatlarına görə faktiki xərcləri tutmaq, eləcə də konsul əməliyyatlarının icrası üçün kənar xidmət təchizatçıları ilə əməkdaşlıq etmək;

4.1.6. konsul funksiyalarının icrası ilə bağlı konsul dairəsinin inzibati ərazi vahidlərində şəxslərin qəbulunu həyata keçirmək;

4.1.7. qəbul edən dövlətdə Azərbaycan Respublikası fəxri konsullarının təyin edilməsi barədə Nazirliyə təkliflər vermək;

4.1.8. fəaliyyət istiqamətlərinə aid məsələlərə dair rəy vermək, analitik materiallar hazırlamaq, təhlillər və ümumiləşdirmələr aparmaq;

4.1.9. vəzifələrindən irəli gələn məsələlər üzrə komissiyalar və işçi qruplar yaratmaq;

4.1.10. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Konsulluğun fəaliyyətinin təşkili

5.1. Baş konsulluğa, konsulluğa, vitse-konsulluğa və konsul agentliyinə müvafiq olaraq Baş konsul, konsul, vitse-konsul və konsul agenti rəhbərlik edir.

5.2. Baş konsul Azərbaycan Respublikası xarici işlər nazirinin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən, konsul, vitse-konsul və konsul agenti Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən təyin edilir və geri çağırılır.

5.3. Ali təhsili və peşə hazırlığı olan, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşı Konsulluğun rəhbəri təyin edilə bilər.

5.4. Konsulluq rəhbərinin təyin edilməsi və geri çağırılması Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə tənzimlənir.

5.5. Konsulluğun rəhbəri təyin edilməsi nəzərdə tutulan şəxs barəsində qəbul edən dövlətin əvvəlcədən razılıq sənədi (ekzekvatura) alınır.

5.6. Konsulluğun rəhbərinə Nazirlik tərəfindən onun soyadını, adını, atasının adını, vətəndaşlığını, vəzifəsini, kateqoriyasını, dərəcəsini, konsul dairəsini və Konsulluğun yerini (təsis olunduğu şəhəri) təsdiq edən vəkalətnamə (konsul patenti) verilir.

5.7. Baş konsulun qəbul edən dövlətdə fasiləsiz xidmət müddəti 4 (dörd) ildir. Azərbaycan Respublikası Prezidentinin qərarına uyğun olaraq Baş konsul fasiləsiz xidmət müddətindən artıq fəaliyyətini davam etdirə və ya həmin müddətdən əvvəl geri çağırıla bilər.

5.8. Konsulun, vitse-konsulun və konsul agentinin fasiləsiz xidmət müddəti 3 (üç) ildir. Bu müddət Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən onların razılığı ilə 1 (bir) ilədək uzadıla və ya onlar “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan hallarda xidmət müddətinin başa çatmasından əvvəl geri çağırıla bilərlər.

5.9. Qəbul edən dövlətin konsul dairəsinə aid olmayan ərazisində, həmçinin Konsulluğun olmadığı xarici dövlətdə konsul funksiyalarını həmin dövlətdə akkreditə olunan Azərbaycan Respublikasının Səfirliyi həyata keçirir.

5.10. Konsulluğun rəhbəri konsulluğa həvalə edilmiş vəzifələrin icrası üçün şəxsən məsuliyyət daşıyır və onların yerinə yetirilməsinə görə Nazirliyə hesabat verir.

5.11. Konsulluğun rəhbəri:

5.11.1. Konsulluğun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.11.2. Konsulluqda dövlət sirrinin və qanunla mühafizə olunan digər sirlərin qorunmasını təşkil edir;

5.11.3. Konsulluğa ayrılan dövlət büdcəsi vəsaitinin səmərəli sərf olunmasına və maliyyə intizamına riayət edilməsinə nəzarəti həyata keçirir;

5.11.4. Konsulluğun fəaliyyətinə dair icrası məcburi olan sərəncamlar və əmrlər verir;

5.11.5. Konsulluqda Azərbaycan Respublikasının hüquqi aktlarının və Nazirliyin qərar, sərəncam və əmrlərinin icrasını təşkil edir, həmçinin onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir;

5.11.6. Konsulluğun əməkdaşlarını xidmət üçün zəruri şəraitlə təmin edir, Konsulluğun fəaliyyətinin təşkili ilə bağlı Nazirliyə təkliflər verir;

5.11.7. Nazirliyin razılığı ilə xidməti ezamiyyətlərə gedir;

5.11.8. Konsulluğu təmsil edir;

5.11.9. Konsulluq əməkdaşlarının xidməti fəaliyyətini normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada qiymətləndirir;

5.11.10. Konsulluğun xidmətdə xüsusi fərqlənmiş əməkdaşlarına Azərbaycan Respublikası fəxri adlarının verilməsi və ya onların dövlət mükafatları ilə təltif edilməsi üçün, habelə Konsulluğun əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyə təqdimat verir;

5.11.11. Konsulluğun diplomatik xidmət əməkdaşlarının rütbədə və vəzifədə yüksəldilməsi, Konsulluq əməkdaşlarının fasiləsiz xidmət müddətinin “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uzadılması haqqında Nazirliyə təklif verir;

5.11.12. Konsulluğun əməkdaşlarının və dövlət qulluğunda olmayan işçilərinin məzuniyyətləri və ezamiyyətləri barədə əmrlər verir;

5.11.13. Konsulluğun dövlət qulluğunda olmayan işçilərini Nazirliklə razılaşdıraraq işə qəbul edir və işdən azad edir;

5.11.14. Konsulluğun, onun əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görür, konsul dairəsində silahlı münaqişələr və fövqəladə hallar zamanı, həmçinin təhlükəsizliyə təhdid yarandığı digər hallarda Konsulluğun fəaliyyətini, həmçinin Konsulluq əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin, eləcə də qəbul edən dövlətdə olan və ya yaşayan digər Azərbaycan Respublikası vətəndaşlarının davranış qaydasını Azərbaycan Respublikasının qəbul edən dövlətdəki Səfirliyi ilə (olduğu halda) əlaqələndirməklə təşkil edir;

5.11.15. mühafizəsi zəruri hesab olunan Konsulluqda mühafizə xidmətinin aparılmasına nəzarət edir;

5.11.16. Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə və qəbul edən dövlətin qanunvericiliyi ilə Konsulluğa, onun əməkdaşlarına və onlarla birlikdə yaşayan ailə üzvlərinə, konsul valizinə və onu daşıyan şəxslərə, həmçinin imtiyaz və immunitet hüququ olan Azərbaycan Respublikasının digər vətəndaşlarına verilən imtiyazların və immunitetlərin konsul dairəsində təmin olunması məqsədilə tədbirlər görür;

5.11.17. Konsulluğun əməkdaşlarına və Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) konsul dairəsindəki nümayəndələrinə qəbul edən dövlətdə Azərbaycan Respublikasının milli maraqlarına uyğun davranış nümayiş etdirmələri, qəbul edən dövlətin qanunvericiliyinə, həmçinin adət-ənənələrinə hörmətlə yanaşmaları və daxili işlərinə qarışmamaları barədə tövsiyələr verir;

5.11.18. qəbul edən dövlətdə danışıqlar aparır, beynəlxalq konfranslarda, forumlarda, seminarlarda, iclaslarda, sərgilərdə, görüşlərdə və digər tədbirlərdə iştirak edir;

5.11.19. qəbul edən dövlətlə münasibətlərdə Konsulluğun fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə qarşılılıq prinsipinin tətbiq edilməsinə dair Nazirliyə təkliflər verir;

5.11.20. Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) konsul dairəsində fəaliyyət göstərən və konsul dairəsinə ezam olunmuş nümayəndələrinin qərarları və hərəkətləri Azərbaycan Respublikasının milli maraqlarına cavab vermədiyi təqdirdə, həmin halların qarşısının alınması üçün Nazirliyə məlumat verir;

5.11.21. Azərbaycan Respublikasını eyni zamanda beynəlxalq təşkilatda və ya onun bölməsində təmsil etdikdə, bu təmsilçilikdən irəli gələn səlahiyyətləri yerinə yetirir;

5.11.22. Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

5.12. Konsulluq Nazirliyin tapşırığı və qəbul edən dövlətin razılığı ilə üçüncü dövlətin konsul funksiyalarını yerinə yetirə bilər.

5.13. Konsulluğun rəhbəri vəzifəsi vakant olduqda və ya Konsulluğun rəhbəri vəzifə funksiyalarını həyata keçirə bilmədikdə, habelə məzuniyyətdə və ya qəbul edən dövlətin xaricində ezamiyyətdə olduğu dövrdə bu vəzifəni Konsulluğun digər diplomatik xidmət əməkdaşı müvəqqəti icra edir. Konsulluğun rəhbəri məzuniyyətdə və ya qəbul edən dövlətin xaricində ezamiyyətdə olduğu dövrdə Konsulluğun rəhbəri vəzifəsini müvəqqəti icra edən şəxs Nazirliklə razılaşdırmaqla Konsulluğun rəhbəri, digər hallarda isə Nazirlik tərəfindən müəyyən edilir. Konsulluğun rəhbəri vəzifəsini müvəqqəti icra edən şəxs barəsində Azərbaycan Respublikasının qəbul edən dövlətdəki Səfirliyi, Səfirlik olmadığı halda, Konsulluq tərəfindən qəbul edən dövlətin aidiyyəti dövlət orqanına məlumat verilir.

5.14. Konsulluğun vəzifələrinin icrasının yerləşdiyi şəhərdən kənarda konsul dairəsinin digər inzibati ərazi vahidində icra etmək zərurəti yarandıqda, həmin inzibati ərazi vahidində, qəbul edən dövlətlə razılaşdırmaqla, Konsulluğun bölməsi yaradıla bilər.

5.15. Konsulluq əməkdaşlarının hüquq və vəzifələri “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və vəzifə təlimatları ilə müəyyən olunur.

5.16. Konsulluğun strukturunu və ştat cədvəlini Nazirlik təsdiq edir.

5.17. Konsulluğun maddi-texniki təminatını Nazirlik həyata keçirir.

5.18. Konsulluğun fəaliyyəti Nazirlik tərəfindən təsdiq edilmiş illik iş planı əsasında təşkil olunur.

5.19. Konsulluğa normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) nümayəndələri təyin və ya ezam oluna bilərlər. Konsulluğa təyin və ya ezam olunmuş Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) nümayəndələri öz qərarlarını və hərəkətlərini Konsulluğun rəhbəri ilə razılaşdırmalıdırlar.

Chosen
0
2
xalqqazeti.az

3Sources