EN

Gerçək avtoritet Etimad Başkeçid yazır

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Etimad BAŞKEÇİD

Əziz dostlar, gözəl insanlar!

Yazıçı Anarla elə yaxın münasibətim yoxdur, heç vaxt da olmayıb.

Vaxtilə cavanların sırasında məni də Prezident təqaüdünə təqdim edib.

Romanımı "Yusif Səmədoğlu" mükafatına layiq görüb.

Onun rusca yazdığı bir neçə essesini dilimizə çevirmişəm, artıqlaması ilə pulumu verib, üstəlik, "Azərbaycan" jurnalında yazdığı yazıda mənə təşəkkürünü bildirib.

Anarla vur-tut bir dəfə telefonda danışmışam və tədbirlərdə bir neçə dəfə salamlaşıb, atüstü kəlmə kəsmişik.

Həsbi-haldan söhbət getmir.

Vəssalam!

Ondan heç vaxt heç nə xahiş etməmişəm, yanına minnətçi salmamışam, "ləbbeyk, ya Anar" - deyə qəbul otağında itələşənlərdən olmamışam.

Zaman-zaman AYB-nin fəaliyyəti haqqında tənqidi fikirlər səsləndirmişəm. Hamısı durur.

Bunları ona görə deyirəm ki, bəzi "konspiroloq"larımız bu yazıdan fərqli mənalar çıxarıb, özlərini dağa-daşa salmasınlar.

Beləliklə,

Anarın xeyli yaşı var, orası elədir.

Uzun illərdir Yazıçılar Birliyinə rəhbərlik edir...

Və elə təəssürat yaranır ki, Anarın sədrlikdən getməsini istəyənlərin hardasa bütün arqumentləri bu iki məqamın ətrafında qövr edir. Bu, bəzi çevrələrdə bir növ ideya fiks, saplantılı fikir kimi bir şeyə çevrilib.

Dostlar, Yazıçılar Birliyinə sədrlik məsələsində məntiqli düşünə bilmək üçün emosional fonu ("Anarın uzun sürən sədrliyi", "sovet strukturunu və iş metodlarını saxlaması" və s.) və institusional gerçəklikləri bir-birindən ayırmaq lazımdır.

Baxın, yaradıcı mübarizə başqa şeydir, inzibati mübarizə tozanağı tamam başqa bir şey.

Vaxtilə Anarın üsul-idarəsinə qarşı cəbhə açmış bir qüvvə vardı, Yazıçılar Birliyinin binasına "bayraq sancmaq" üçün mücadilə verirdi. Aydın məsələdir ki, Anarın qələbəsinin və alternativ qüvvələrin ugursuzluğunun fundamental səbəbi məhz bunda gizlənirdi. Yeni bayrağı köhnə binanın damına sancmaqdansa, yeni bir estetik məkan yaratmaq daha doğru olmazdımı?

Anar bir yazıçı kimi öz "mənəvi bina"sını, oxucu yaddaşındakı estetik dünyasını çoxdan qurmuşdu. O, 60-cı illərdə özü köhnə təfəkkürə qarşı çıxanda bunu inzibati yolla deyil, "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi" kimi əsərlərlə, yəni yeni ruh gətirməklə etmişdi. Sosrealizmin cəmiyyətə sırıdığı plakat qəhrəmanlarından imtina etməklə bu işi görmüşdü. Ona qarşı çıxanlar isə çox vaxt bu səviyyədə bədii alternativ ortaya qoya bilmədilər.

Anar bu proseslərdən qalib çıxdı, çünki qarşı tərəf strategiyasını yalnız inkar üzərində qurmuşdu. İnkardan quruculuğa keçə bilməyən hər bir hərəkat isə gec-tez sönməyə məhkumdur.

Əziz dostlar, Anar sovet klassikasını, müstəqillik dövrünü və müasir "rəqəmsal" ədəbiyyatı üzvi şəkildə bir-birinə bağlayan tək-tük insanlarımızdandır. Azərbaycan ədəbiyyatının son yarım əsrdən çox dövrünü Anar imzası olmadan təsəvvür etmək mümkün deyil. O, bütöv bir epoxanın, mədəniyyət tipinin və intellektual azadlığın simvoludur. Istəsək də, istəməsək də, bu, belədir.

"Bizdə əvəzolunmazlar yoxdur" - Stalinin bu ifadəsi insanı sadəcə bir "vint" və ya statistik vahid kimi görürdü. "Bizdə əvəzolunmaz adamlar yoxdur" tezisi həm fəlsəfi, həm də yaradıcılıq baxımından kökündən yanlışdır. Xüsusən də söhbət Anar kimi bir fiqurdan gedirsə, bu yanlışlıq daha qabarıq görünür. İnzibati idarəetmədə bir məmuru digəri ilə əvəz etmək olar, çünki orada fərdi istedad deyil, icraçılıq önəmlidir. Lakin mədəniyyət və ədəbiyyat sferasında hər bir böyük imza təkrarolunmazdır.

Açıq deyirəm, Anarın rəhbərlik etdiyi təşkilat ənənənin və milli identikliyin qeydinə qalmaqla mükəlləfdir. Onun təcrübəsi ədəbiyyatı çox zaman yersiz və mənasız "konyuktur" təsirlərdən qorumaga xidmət etməlidir və edir.

Mən Anarı bütün təbəddülatlı zamanlarda öz yaradıcı müstəqilliyini və ləyaqətini qorumağı bacaran insan kimi tanıyıram. O, klassik ənənələrlə müasir dövrün tələblərini bir araya gətirən gerçək avtoritetdir.

Ötənlərdə kitab sərgisinə gəlmiş bir qrup rus yazıçının Anarla görüşünü xatırlayıram, onların istəyilə. Adamın dərin hafizəsi, məntiqi, enerjisi, yüksək dialoq etikası... Səlis rus dilində: sizdə asıb-kəsməyi, radikal ritorikanı və hədə-qorxunu "böyük mədəniyyət" nişanəsi sayanların sayı artıb - deyə bilən təəssübkeşliyi də öz yerində.

Əziz dostlar, yaş-filan sadəcə rəqəmdir. Anar AYB-nin sədrliyindən istefa versə, nə cəmiyyət, nə ədəbiyyat, nə də ölkə heç nə qazanmayacaq. Tam əksinə, çox şey itirəcək. Şəxsən mən onun lap belə ömrünün axırınacan sədr qalmasını istəyirəm.

Ümid edirəm ki, belə də olacaq!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
67
525.az

1Sources