EN

"PFL ilə müqavilənin şərtlərində dəyişiklik edilə bilər"

AFFA ilə Peşəkar Futbol Liqası (PFL) arasında imzalanmış müqavilənin şərtlərində gələcəkdə dəyişikliklər edilə bilər.

90deqiqe.Az xəbər verir ki, bunu milli assosiasiyanın prezidenti Rövşən Nəcəf mətbuat konfransında bildirib.

R.Nəcəf PFL-in ləğv ediləcəyi və ya fəaliyyət dairəsinin daraldılacağı ilə bağlı yayılan şayiələrə də toxunub:

“PFL hazırda AFFA ilə imzalanmış müqavilə çərçivəsində fəaliyyət göstərir. Gələcəkdə müqavilənin şərtlərində dəyişiklik, funksiyaların artırılması və ya azaldılması mümkündür. Lakin mahiyyət etibarilə PFL federasiyanın ona ötürdüyü səlahiyyətləri icra edir. Bu proses gələcək ehtiyaclara və səmərəliliyə uyğun müəyyənləşəcək”.

O, klubların cərimə məbləğlərindən narazı qalması ilə bağlı məsələyə də aydınlıq gətirib:

“İntizam Komitəsi müstəqil qurumdur, AFFA-nın fəaliyyətinə müdaxiləsi yoxdur. Narazılıq olan klublar apellyasiya şikayəti verə bilərlər. Cərimələrdən toplanan vəsaitlər yenidən klubların inkişafına xərclənir, AFFA büdcəsində qalmır. Bu baxımdan, “klubların soyulması” ifadəsi düzgün deyil”.

Veteran futbolçuların işlə təminatı ilə bağlı suallara cavab verən R.Nəcəf bildirib ki, karyerasını bitirən oyunçulara dərhal iş vermək mümkün deyil:

“Bu həm də klubların məsuliyyətidir. Mütəxəssis seçimində funksiyaya uyğunluq və ədalətli yanaşma prinsipləri əsas götürülür. Onların təcrübəsini strategiyamıza uyğun şəkildə istifadə edirik”.

AFFA prezidenti legioner limiti ilə bağlı qərarın effektivliyini də müdafiə edib:

“Limitin ləğvi rəqabəti artırıb və klublarımızın beynəlxalq arenadakı uğurları buna sübutdur. Statistik olaraq yerli oyunçuların sayında cüzi azalma olsa da, oyun keyfiyyəti yüksəlib. Nəticəni görmək üçün prosesi mütəmadi monitorinq edəcəyik”.

Chosen
21
90deqiqe.az

1Sources