ain.az, Hurriyyet portalına istinadən məlumat yayır.
İrana qarşı davam edən hərbi əməliyyatların fonunda ABŞ-Çin münasibətlərinin perspektivi qlobal məkanda müzakirə olunan əsas mövzulardandır. “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın Çinə səfərini başqa tarixə keçirməsi Pekində narahatlıqla qarşılanıb.
Politoloq Elxan Şahinoğlu bu barədə Musavat.com-verdiyi açıqlama zamanı öncə xatırladıb ki, Tramp Çinə səfərini İran müharibəsinə görə təxirə salıb: “Bu isə Pekində belə qiymətləndirilir ki, Tramp müharibəni qələbə ilə başa çatdırıb Çinə səfər etmək istəyir. Çin isə ABŞ-ın İrana qarşı müharibədə qələbə qazanmasını istəmir. Digər tərəfdən, Donald Trampın Pekinə səfəri təxirə salması Çin lideri Si Cinpinin görüşlər qrafikinə təsir edib.
Pekində ABŞ – İran müharibəsindən bu qənaətə gəliblər ki, Vaşinqton qlobal liderliyini qorumağa çalışır. ABŞ həm də sanksiyalar yolu ilə müxtəlif qitələrdə təsir gücünü artırmağı qarşısına məqsəd qoyub. Pekində hesab edirlər ki, ABŞ İrana qarşı hərbi əməliyyat vasitəsilə digər rəqiblərini qorxutmağa çalışır. Misal üçün Çin Tayvan adasını nəzarətə götürmək istəyir. Bunun üçün Çin münasib zamanda hərbi gücündən istifadə etməyi planlaşdırır”.
Politoloq qeyd edib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatı Çini Tayvan adasını nəzarətə götürməkdən çəkindirmək məqsədi də daşıyır: “Əlbəttə, ABŞ Çin ilə müharibəyə hazırlaşmır, ancaq İran müharibəsi vasitəsilə Pekinə mesaj göndərilir ki, hərbi qarşıdurma halında Tayvana hərbi dəstək veriləcək”.
E.Şahinoğlunun sözlərinə görə, Vaşinqtonun Asiya və Sakit okean bölgəsində hərbi gücünü və hərbi bazalarının sayını artıracağı da proqnozlaşdırılır: “ABŞ Çinə qarşı Yaponiya və Avstraliya ilə kolaisiya yaradacağı da ehtimal edilir. ABŞ eyni zamanda Çini neftlə təmin edən ölkələri də nəzarətə götürmək istəyir. Hörmüz boğazının açılması buna görə Çin üçün əhəmiyyətlidir. İran Hörmüz boğazından Çinə neft daşıyan tankerlərə toxunmasa da, bölgədəki gərginlik enerji daşıyıcılarının çıxış imkanlarını məhdudlaşdırıb”.
Ekspert vurğulayıb ki, ABŞ İrana qarşı müharibədə hərbi reruslarının, o cümlədən raketlərin böyük hissəsini istifadə edib: “Amerikalı hərbi ekspertlərin fikrincə, əgər Çinlə hərbi münaqişə olarsa, ABŞ-nin cəmi 8 günlük raket və mərmi resursu var. Bu səbəbdən ABŞ İranla müharibəni bitirdikdən sonra həm hərbi xərclərini, həm də hərbi texnika, o cümlədən raket və mərmi istehsalını artıracaq”.
Poıitoloq digər mühüm məqama da diqqət çəkib: “Yaxın Şərqdəki gərginliyi Hindistanın siyasi dairələri də diqqətlə izləyirlər. Hindistan İranla münasibətləri dəyişməz qalıb. Buna görə də İran Hindistan bayrağı altında üzən gəmilərin Hörmüz boğazından rahat keçidinə şərait yaradıb. Bundan başqa, ABŞ müharibə müddətində Hindistana Rusiyadan neft alışına icazə verib. Ancaq bu müvəqqəti xarakter daşıyır. Müharibənin davamı Hindistanın Yaxın Şərqdən keçməsi planlaşdırılan nəqliyyat layihəsinin reallaşmasına əngəldir”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.