EN

Britaniyada həkimlərin tətili iqtisadiyyata 43 milyon funt zərər vura bilər

London, 3 aprel, AZƏRTAC

Böyük Britaniyada rezident həkimlərin planlaşdırılan 6 günlük tətilinin ölkə iqtisadiyyatına 43 milyon funt sterlinq zərər vuracağı gözlənilir.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, tətilin hər günü təxminən 7,2 milyon funt itki ilə nəticələnə bilər. Bu barədə İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, əgər tətil ötən ilki aksiyalarla oxşar miqyasda baş tutarsa, ümumi iqtisadi təsir əhəmiyyətli olacaq. Ötən ilin dekabr ayında keçirilən son tətil dalğası zamanı orta hesabla 17 min 200 rezident həkim işini dayandırmışdı.

Mərkəzin proqnozlar üzrə rəhbəri Samuel Mayli bildirib ki, əsas iqtisadi itkilər məhsuldarlığın azalması və itirilmiş iş günləri ilə bağlıdır. Onun sözlərinə görə, tətilin təsiri bununla məhdudlaşmır, buraya həmçinin ləğv olunan tibbi görüşlər və gecikdirilən müalicələrin nəticələri də daxildir. Mərkəz əlavə edib ki, əgər tətilə qoşulan həkimlərin sayı artarsa, gündəlik iqtisadi zərər 15,3 milyon funtadək yüksələ bilər.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Chosen
15
3
azertag.az

4Sources