EN

Qərbi Azərbaycan Xronikası: "Ermənilər çalışırdılar ki, biz onların dilində danışaq" - VİDEO

Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
 
Moderator.az xəbər verir ki, "Ulu öndər o vaxt rayon rəhbərliyinə zəng etmişdi ki, əhaliyə toxunmayın" adlı veriliş Zəngəzur mahalı, Qarakilsə (Sisian) rayonu, Şəki kənd sakini Sənubər Əliyevanın həyat hekayəsinə həsr olunub.
 
O, 1961-ci ildə anadan olduğunu, 5 yaşından Şəki kəndində büyüdüyünü deyib: "Orta məktəbdə ermənilərlə ayrı oxuyurduq: "Məktəbin direktoru və müəllimlər ermənilər idilər. Onlar çalışırdılar ki, biz erməni dilində danışaq. Azərbaycan dilini istəmirdilər. Uşaqlar arasında yarış, çempionat olanda həmişə birinci yerdə olurduq və ermənilər çox paxıllıq edirdilər".
 
Onun sözlərinə görə, kənddə 335 evin 75-i erməni, əhalinin çoxu azərbaycanlılar idilər: "Kənddə 10 tayfa vardı və məhəllələr onların adlarını daşıyırdı. 1905-1906, 1918-1919-cu illərdə erməni təcavüzünə məruz qaldığına görə azərbaycanlılar kənddən köçüblər. Babam həmişə danışırdı ki, 1918-ci ildə erməni daşnakları azərbaycanlıları Hortuyüz kəndi ərazisindəki Camış qayasından ataraq, kəndi yerlə-yeksan edib".
 
Kənd sakini zaman-zaman erməni vəhşiliyi ilə üzləşdiklərini, nəhayət, 1988-ci ildə bunun yenidən başladığını bildirib: "O zaman 6 aylıq hamilə idim. Ermənilərdən qorunmaq üçün gecələr qarajda yatırdıq. Çünki ermənilər bizi gecə evdə güllələmək, öldürmək istəyirdilər. Onlar bizim say artımını istəmir, soykökümüzü kəsmək istəyirdilər. Gecənin birində qarajları gülləbaran etdilər. Biz məcbur qalıb Naxçıvana getdik və bir aydan sonra yenidən kəndə qayıtdıq. Bakı şəhərindən Ulu öndərimiz rayon rəhbərliyinə zəng edib ki, azərbaycanlılara toxunmayın, oradakı hamilə qadınlara dəyməyin. Mən orada öz övladımı dünyaya gətirdim. Biz 6 ay erməni vəhşiliyindən əziyyət çəkdik. Nəhayət, 1988-ci il noyabrın 7-də gecəyarısı əliyalın evdən çıxdıq və Sumqayıt şəhərinə pənah gətirdik".
 
S.Əliyeva Vətən həsrəti ilə yaşadığını, boya-başa çatdığı kəndə qayıdıb ürək yanğısı ilə bulaqların suyundan içmək istədiyini söyləyib: "Ən böyük arzum Vətənə qayıdıb, oradan torpaq gətirib, kəndimizin 13 şəhidinin, o cümlədən şəhid həyat yoldaşımın qəbirləri üstünə səpməkdir. Allahın köməyi ilə bu arzuma çatacağam".
 
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

 

Chosen
3
2
moderator.az

3Sources