EN

Banklarla bağlı vacib dəyişiklik Yeni dövr başlayır

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda bank xidmətlərinə çıxışı asanlaşdıracaq yeni qayda qüvvəyə minib. Belə ki, Mərkəzi Bankın (AMB) təsdiqlədiyi qərara əsasən, artıq vətəndaşlar bank və digər maliyyə qurumlarında hesabı banka getmədən, məsafədən aça biləcəklər. Yeni sistemə görə, vətəndaşlar evdən identifikasiya prosesindən keçərək “müştərini tanı” qaydalarına uyğun şəkildə hesab açmaq imkanına sahib olacaqlar.

Bank hesablarının məsafədən açılması vətəndaşlar üçün nə dərəcədə rahat və təhlükəsiz olacaq?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, məsələyə rahatlıq və risk baxımından yanaşmaq lazımdır:

“Rahatlıq tərəfi odur ki, vətəndaşların banka getmədən hesab açması, əməliyyatlarını həyata keçirməsi mümkün olur. Bankların iş saatlarından asılılıq aradan qalxır, yəni istifadəçilər günün istənilən vaxtında, o cümlədən həftə sonları da xidmətlərdən yararlana bilirlər. Bu yanaşma dünya təcrübəsində də geniş tətbiq edilir. Xüsusilə regionlarda yaşayan və ya yaxınlıqda bank filialı olmayan şəxslər üçün məsafədən bankçılıq böyük üstünlükdür. Hazırda istifadəçilər banka getmədən hesablarına pul köçürə, vəsait qəbul edə və digər əməliyyatları rahat şəkildə icra edə bilirlər. İndi isə bu funksiyalar daha da genişlənərək vaxta, xərclərə və əlavə gərginliyə qənaət imkanı yaradır”.

Elçin Rəşidov

İqtisadçı bildirib ki, məsafədən bankçılıqda tətbiq olunan risklər ənənəvi bank xidmətlərindən fərqlənmir:

“Əsas şərt müəyyən edilmiş təhlükəsizlik qaydalarına riayət olunmasıdır. Müasir sistemlərdə video qeydiyyat, biometrik identifikasiya, üz tanıma texnologiyaları və elektron imza kimi alətlər təhlükəsizliyi artırır, istifadəçinin şəxsiyyətinin təsdiqlənməsini təmin edir. Bu mexanizmlər üçüncü şəxslərin başqasının adına əməliyyat aparmasının qarşısını almağa xidmət edir. Bununla yanaşı, kiberhücumlar və məlumat sızması kimi risklər də mövcuddur. Bu isə birbaşa bankların daxili təhlükəsizlik sistemlərinin səviyyəsindən asılıdır. Ona görə də banklar beynəlxalq standartlara və AMB-nin müəyyən etdiyi qaydalara ciddi əməl etməlidir. Məsafədən bankçılığın təhlükəsizliyi həm texnoloji həllərdən, həm də istifadəçinin savadlı və diqqətli davranışından asılıdır. Eyni zamanda, bütün banklar üçün vahid qaydaların tətbiqi və bərabər yanaşma təhlükəsizliyin daha effektiv təmin olunmasına xidmət edir”.

Qeyd edək ki, yeni qayda AMB sədri Taleh Kazımov tərəfindən təsdiqlənərək 30 mart 2026-cı ildən etibarən tətbiq olunur.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
74
globalinfo.az

1Sources