EN

Rahat uyuyun, Vətən qurbanları!

2016-cı ilin 2 aprel səhəri həyəcanla açıldı. O gün Vətən yenə igid, qəhrəman oğullar itirdi. Onların hər biri qəhrəmancasına vuruşaraq şəhid oldular.

Şəhidlərimizi təntənə ilə, yaylım atəşi altında, üçrəngli bayrağa bürünərək, göz yaşları içində dəfn etdik.

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən müddətdən artıq hərbi qulluqçu, 1993-cü il təvəllüdlü Bayramov Sərxan Oqtay oğlunun dəfn mərasimindən çəkilən videonu dönə-dönə izləmişəm. O, Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olan və doğma rayonu Zaqatalada dəfn olunan ikinci şəhiddir. İnsan seli, dalğalanan bayraqlar, bayrağa bürünən tabut. İnsanlar sanki müqəddəsliyin zirvəsi olan bir ünvana, şəhid məzarlığına yürüş edirdilər. İlahi, ölümün də gözəli olarmış. Üçrəngli bayraq şəhidin atasına verilir. Bayrağı qucaqlayan ata nə qədər möhkəm olmağa çalışsa da hönkürtüsünü saxlaya bilmir. Ölümündən sonra Sərxan “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Vaxt var idi ki, qərənfillər məhəbbət rəmzi sayılırdı. Oğlanlar sevdikləri qıza qərənfil bağışlayardılar. 1990-cı ilin Qanlı Yanvarına kimi. Özünü böyük qardaş adlandıran ruslar o gün ermənilərə havadarlıq edərək bizlərə “dərs” vermək istədilər. Əliyalın xalqı gülləbaran etdilər. Bakı qan gölünə döndü. Şəhidlərimizin sayı 120-ni ötdü. İtkin düşənlər oldu. Elə o gündən qərənfil xalqın gözündən axan qanı kimi şəhidlərin üstünə töküldü. Bir yox, iki yox, milyonlarla qərənfil bəzədi şəhid cənazəsi keçən yolları, onların qəbirlərini.

20 Yanvardan 26 il sonra, Bakıdan çox-çox uzaqda, Zaqatalanın Muxax kəndində insan dənizi torpağa “4 günlük müharibənin” ilk şəhidini tapşırırdı. Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə həlak olan Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Rəvan Nurayev dəfn olunurdu. Rəvanın tabutu da qərənfillərlə bəzədilmişdi. Evin tək oğlu olan Rəvan atasını tez itirmişdi. Onu böyüdən ANA oğlunu çiynində son mənzilə yola saldı. “Yolumu gözlə, oğul, mən də tezliklə gələcəm”, - dedi.

Rəvan ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal və “Vətən uğrunda” medalı ilə təltif edilib.

“4 günlük müharibə” ciddi təhlil olundu. Uğurlar və uğursuzluqlardan nəticə çıxardan Azərbaycan ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrında başlayan tarixə səs salan 44 günlük müharibədə zəfər çaldı. Çünki onun döyüş bacarıqlarının üstünə bir də azğın düşmənə olan kini, nifrəti, qəzəbi də əlavə olunmuşdu. İgid oğullarımız Xocalı, Aprel şəhidlərimizin, Qarabağ uğrunda şəhid olan hər kəsin intiqamını qəhrəmancasına, dünyanın heyran qalacağı tərzdə aldı.

Rahat uyuyun, Vətən qurbanları! Sizin intiqamınız qiyamətə qalmadı. Düşmən tökdüyü nahaq qanların cəzasını aldı.

Elmira MEHDİQIZI,
Əməkdar mədəniyyət işçisi
Zaqatala

Chosen
31
1
xalqqazeti.az

2Sources