Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal xarici siyasət həyata keçirir. Bu baxımdan, ölkəmizin Birləşmiş Millətlər Təşkilatı (BMT) müstəvisində aktivliyi də xüsusi vurğulanmalıdır. Bunun nəticəsidir ki, ölkəmiz ən böyük beynəlxalq təşkilatın strukturlarında fəal təmsil olunur. Məsələn, ötən il BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və İnkişaf Komissiyasının (CPD) 2026-2030-cu illər üzrə və Sosial İnkişaf Komissiyasının (CsocD) 2025-2029-cu illər üzrə üzvlüyünə seçilib. Hər iki komissiya BMT-nin iqtisadi və sosial məsələləri üzrə əsas orqanı olan ECOSOC-un funksional komissiyalarıdır. Hazırda ölkəmiz BMT ECOSOC-un 2025-2027-ci illər üzrə üzvləri arasında yer alır.
Ölkəmiz BMT strukturlarında fəal təmsil olunur
CPD əhali dinamikasının, demoqrafik dəyişikliklərin, miqrasiya və urbanizasiyanın, eləcə də dayanıqlı inkişafla bağlı beynəlxalq müstəvidə yanaşmaların formalaşdırılmasına məsuldur. CsocD isə sosial siyasət, sosial müdafiə sistemləri, həssas qrupların hüquqları və rifahın artırılması kimi istiqamətlər üzrə fəaliyyət göstərir. Sözügedən BMT komissiyalarında təmsilçilik ölkəmizin sosial müdafiə islahatları, dövlət xidmətlərinin innovasiyası, yoxsulluğun aradan qaldırılması üzrə uğurları və əhalinin rifahının yüksəldilməsi sahəsindəki prioritetlərinin beynəlxalq müstəvidə təqdim edilməsinə, eləcə də BMT-nin fəaliyyətlərinə töhfə və əməkdaşlıq imkanlarının gücləndirilməsinə imkan verəcək. Bu, böyük etimaddır və beynəlxalq birliyin ölkəmizə olan rəğbətini təsdiqləyir.
Bundan əlavə, Azərbaycanın təşəbbüsü ilə irəli sürülən sənədlər də BMT strukturlarında dəstəklənir. Belə ki, bugünlərdə Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, sözügedən qətnaməyə əsas həmmüəllif ölkələr olan Türkiyə, Gürcüstan, Ekvador, Keniya, Malayziya və Tailand ilə yanaşı, Avropa İttifaqına üzv olan dövlətlər, Birləşmiş Krallıq, Kanada, Yaponiya, Avstraliya, Braziliya, Efiopiya, həmçinin Afrika, Asiya və Amerika qitələrini təmsil edən bir sıra digər dövlətlər milli qisimdə, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı dövlətləri qrup şəklində həmmüəllif kimi qoşulublar.
Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul olunub
Qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən olan və Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir. Qəbul edilmiş qətnamə səmərəli dövlət xidmətlərinin bütün insan hüquqlarının müdafiəsi və təşviqində və BMT-nin Davamlı İnkişaf Gündəliyinin həyata keçirilməsində əhəmiyyətini vurğulayır. Qətnamədə rəqəmsal texnologiyaların, həmçinin süni intellekt sistemlərinin korrupsiyanın qarşısının alınmasında və onunla mübarizədə oynadığı mühüm rola, hər kəsə dövlət xidmətlərinin bərabər çatdırılmasına, həmçinin təbii fəlakətlərə hazırlıq, cavab tədbirləri və bərpa işləri kontekstində dövlət xidmətlərinin əhəmiyyəti məsələlərinə diqqət ayrılır.
Sənəd 2015-ci ildə “ASAN xidmət”in təltif edildiyi “BMT-nin Dövlət Xidmətləri Mükafatı”nı dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən nüfuzlu mükafatı olaraq təsbit edir, eyni zamanda, BMT qurumlarını və digər beynəlxalq təşkilatları müvafiq sahədə mövcud uğurlu təcrübələri təşviq etməyə və mükafatlandırmağa davam etməyə çağırır. Qətnamədə, həmçinin İnsan Hüquqları Şurasının 65-ci sessiyasında fəlakətlərə hazırlıq, cavab tədbirləri və bərpa kontekstləri də daxil olmaqla dövlət xidmətlərinin çatdırılmasının insan hüquqlarının təşviqi və qorunmasında, həmçinin Davamlı İnkişaf Məqsədlərinə nail olunmasında rolu mövzusunda panel müzakirəsinin keçirilməsi qərara alınır.
Xatırladaq ki, Azərbaycanın təşəbbüsü ilə daha öncə 2018 və 2023-cü illərdə BMT-nin İnsan Hüquqları Şurasında konsensusla qəbul edilmiş 37/7 və 52/8 nömrəli eyniadlı qətnamələrin əsasında irəli sürülmüş cari qətnamənin yekdilliklə qəbul edilməsi və ona çox sayda dövlətlərin həmmüəllif qismində qoşulması, ölkəmizin dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması sahəsində müsbət təcrübəsinə və bu sahədə beynəlxalq müstəvidə öncül roluna beynəlxalq ictimaiyyət tərəfindən göstərilən dəstəyin bariz göstəricisidir.
Bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq ictimaiyyəti narahat edən müxtəlif məsələlər ilə əlaqədar BMT səviyyəsində qətnamələr də irəli sürüb. Məsələn, BMT-nin İnsan Hüquqları Komissiyasının (CHR) 58-60-cı sessiyalarında Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə layihəsi təklif edilib. CHR tərəfindən qəbul edilmiş bu qətnamənin müddəaları beynəlxalq humanitar hüquq normaları əsasında qəbul edilməklə, beynəlxalq ictimaiyyətin diqqətini bu mühüm məsələyə yönəltmək məqsədi daşıyır.
Ötən illər ərzində Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı da xüsusilə qeyd edilməlidir. Bu baxımdan respublikamız BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim edib.
Bütövlükdə, ölkəmiz beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Bununla belə, Azərbaycan BMT-nin beynəlxalq müstəvidə təhdid və problemlərə qarşı lazımi səviyyədə mübarizə apara bilməsi üçün təşkilat çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir.
Nardar BAYRAMLI