EN

Lələtəpə ünvanlı şəhid

Aprel döyüşləri şəhidlərinin şücaəti, qorxmazlıqları xalq üçün əsl vətənpərvərlik nümunəsidir. Göstərdikləri igidlik sübut etdi ki, Vətən uğrunda canından keçənlər heç vaxt unudulmur. Səngərlərdə, çətin şəraitdə, ölümün gözünə dik baxaraq torpağı qorudular. Hər biri bir ailənin övladı, ümidi olsa da, Vətən üçün canlarından keçərək bütün xalqın qəhrəmanına çevrildilər.

Xalqımızın igid oğulları kimi, 3 biləsuvarlı da Aprel döyüşlərində qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə yüksəlib. Onlardan biri şəhid Hüseyn Zeynal oğlu Dəmirlidir. O, 1993-cü il avqustun 4-də anadan olub. Orta məktəbi də rayonda bitirir. 2011-ci ilin oktyabrında Biləsuvardan hərbi xidmətə çağırılan Hüseyn nümunəvi əsgər kimi hərbi hissə rəhbərliyi tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif edilir. 2013-cü ildə hərbi xidmətini başa vursa da, 2014-cü ildə mart ayında könüllü olaraq Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayır.

2016-cı il aprelin 4-də Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Prezident İlham Əliyevin sərəncamı ilə Hüseyn Dəmirli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilir.

Hüseynin yoxluğu bu ailədə ən çox Kamranı sarsıdır. Şəhidin əkiz qardaşı Kamran deyir:

– Əkiz idik... Hüseyn məndən bir saat əvvəl dünyaya gəldiyi üçün evin böyük oğlu sayılırdı. Eyni gün açdıq gözümüzü dünyaya, eyni nəfəsi bölüşdük, eyni uşaqlığı yaşadıq. Sanki bir bədəndə iki can idik. Hüseyn güləndə mən də gülürdüm, susanda içimdə bir boşluq yaranırdı. Bir gün yollarımız ayrıldı. O, Vətən dedi. Getdi və bir daha geri dönmədi. Hüseyn torpağa qarışdı, mən isə bu dünyada onun xatirələri ilə yaşayıram. Hamı onu qəhrəman kimi tanıyır… Mən isə Hüseyni uşaqlığımızdakı kimi xatırlayıram–birlikdə güldüyümüz, qaçdığımız, xəyal qurduğumuz günlərdə. Amma bir şey heç vaxt dəyişməyəcək, mən həmişə onunla fəxr edəcəyəm.

Biz 11 il bir sinifdə oxuyub, sonra əsgərliyə birlikdə getmişik. Hərbi xidmət bitdikdən sonra mən ali məktəbi seçdim, o isə yenidən hərbiyə döndü. Hamımızın yükünü çiyinlərinə aldı. Məni ən çox məhv edən onun bu qədər fədakarlığı idi. Şükürlər olsun, torpaq uğrunda şəhid oldu, qürurluyam. Amma indi eyni acını, sevinci yaşaya bilmirəm.

Hüseyn danışdıqca anası Təranə xanım göz yaşlarını saxlaya bilmir, söhbətə qoşulur:

– Hansının bir yeri ağrısa, o biri onu dərhal hiss edirdi. Hətta məsafələr belə buna əngəl ola bilmirdi. İndi onun qoxusunu Kamrandan alır, təsəlli tapmağa çalışırıq. Hüseyn bizi yox, Vətəni, torpağı seçdi və torpağa sarıldı. Mənim üçün Hüseynsiz həyat yoxdu. Hüseynim bütün ailəni düşünəcək qədər ağıllı idi. Ən çox əkiz qardaşına bağlı idi. Bir gün soruşdum ki, ən çox kimi istəyirsən? Dedi, qardaşım Kamranı. İnanın, Kamran ali təhsil alanda ona ev almaq üçün qəpik-qəpik pul toplayırdı. Deyirdi ki, qardaşım kirayədə, qohum evində qalmasın. Bütün dərdini mənlə bölüşürdü.

Kiçik qardaşı Rəsul gözlərini bir nöqtəyə zilləyib fikrə dalır. O günü belə xatırlayır:

– Mən Hüseynin şəhid olduğu gün Tovuzun Muncuqlu kəndində hərbi xidmət keçirdim. Gecədən içimdə qəribə hisslər vardı. Sən demə, atam da eyni hissləri keçirirmiş. Sabah oldu, kimin qardaşı-qohumu atışma ərazisində idisə, onlar narahatlıq keçirirdilər. Mən də qardaşım üçün narahat idim. Amma qorxunun əcələ faydası olmaz, deyiblər. Komandirimə gələn zəngdə əmimin səsini eşitdim. Ondan sonrasını xatırlamıram, özümdən getmişəm. Olduqca qürurluyam. Vətən sağ olsun!

M.MİRZƏ
XQ

Chosen
15
1
xalqqazeti.az

2Sources