TDT ölkələrinin Birgə Bəyanatı iqtisadi-ticari-investisiya həcmlərini artırmaq üçün yeni prioritetləri nəzərdə tutur
Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Hökumət başçılarının və Vitse-prezidentinin ikinci görüşü səmərəli və mühüm anlaşmaların əldə olunması ilə yadda qalıb. Görüş çoxtərəfli əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrimizin gücləndirilməsi baxımından çox faydalı platforma kimi xarakterizə oluna bilər. Belə ki, türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat-tranzit, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, humanitar və bir çox digər sahələrdə əlaqələrin inkişafı üçün mühüm imkanların daha da irəliyə aparılmasını təşviq edən Bakı görüşü TDT dövlətlərinin ikitərəfli və çoxtərəfli müstəvidə strateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətlərini möhkəmləndirir. Təşkilata üzv ölkələr tərəfindən imzalanan Birgə Bəyanat isə qarşıdakı dövrdə əməkdaşlığın yeni yol xəritəsi hesab edilə bilər.
Azərbaycan TDT ölkələrinə 22 milyard dollar sərmayə yatırıb
Türk dünyasında inteqrasiya prosesləri son illər dinamik xarakter alaraq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Türk Dövlətləri Təşkilatının (TDT) institusional əsaslarının möhkəmləndirilməsi, üzv ölkələr arasında qarşılıqlı etimadın artması və ortaq strateji baxışın formalaşması bu prosesin əsas hərəkətverici qüvvələri kimi çıxış edir. Türk dövlətləri arasında ticarət-investisiya əlaqələrinin daha da genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır və əməkdaşlıq hədəflərində ilk yerlərdə duran məsələlərdən biridir. Son illərdə bu istiqamətdə müsbət dinamika müşahidə olunur, tərəflər arasında əmtəə və xammal mübadilələri dayanmadan artır. Türk dövlətlərinin birgə ticarət dövriyyəsi ötən il 45 milyard dollara, əlavə dəyərləri isə 1,5 trlilyon dollara yaxınlaşıb. Bu, onların ümumi ticarət dövriyyəsinin 4 faizə yaxını deməkdir. Ancaq potensial bundan ən azı 10 dəfə böyükdür. Eyni zamanda, əlavə dəyərin ümumi həcmi 2 trilyon dollardan da çoxdur. Ona görə də türk dövlətləri öz iqtisadi güc və potensiallarını vahid zəncirdə birləşdirməklə regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında rolunu artımaq niyyətindədir.
Yeri gəlmişkən, ötən il Azərbaycanın TDT üzvləri ilə ticarət dövriyyəsi 5 faizdən çox artıb. Eləcə də ölkələr arasında qarşılıqlı investisiya qoyuluşları artmaqdadır. Azərbaycanın tərəfdaş dövlətlərə yatırdığı sərmayələrin ümumi həcmi 22 milyard dollara çatıb.
Ortaq maliyyə-investisiya xəzinəsi
TDT ölkələri arasında iqtisadi-investisiya fəallığını təşviq edən mükəmməl strukturlardan biri tərəfdaş ölkələrlə birgə yaradılmış investisiya fondlarıdır. Bu fondlar prioritet sahələr üzrə qarşılıqlı sərmayə qoyuluşunun genişlənməsinə və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Bu baxımdan həmin iqtisadi baxışı özündə əks etdirən və vahid maliyyə platformasına çevrilən Türk İnvestisiya Fondu artıq 2 ildir ki, fəaliyyət göstərir. 500 milyon dollar portfeli olan fond ilk layihələrin icrasına start verib və yeni sahələrdə sərmayə qoyuluşları planlarını nəzərdən keçirir. İnvestisiya Fondu türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir. Yeni sərmayə xətləri həm dövlət, həm də özəl sektoru nəzərdə tutur. Bu məqsədlə Bakı görüşündə fondun investisiya portfelinin ən azı 1 milyard dollara çatdırılması barədə razılıq əldə olunub.
Orta Dəhliz qlobal logistikanın ən səmərəli nəqliyyat arteriyasıdır
TDT-nin ortaq nəqliyyat bloku olan Orta Dəhliz isə təkcə bu bölgənin deyil, ümumilikdə, qlobal logistikanın ən səmərəli və axıcı nəqliyyat arteriyasıdır. Türk ölkələrinin coğrafi hüdudlarını daha çox əhatə edən bu dəhliz dayanmadan öz imkan və daşıyıcılıq potensialını yüksəldir. Ötən il TDT coğrafiyasında Orta Dəhlizlə yükdaşımaların həcmi 4,7 milyon tona çatıb və bu rəqəmin 2027-ci ilə qədər 10 milyon tona yüksələcəyi gözlənir. Orta Dəhlizin genişləndirilməsi və Zəngəzur xəttinin inteqrasiyasının gerçəkləşməsi üzv ölkələrin potensialdan daha səmərəli istifadə etmək üçün yeni impulslar yaradacaq, nəqliyyat bağlantılarının inkişafı və tranzit imkanlarının genişləndirilməsi qlobal logistikanın strateji əhəmiyyətini artıracaq.
Eləcə də enerji sahəsində əməkdaşlıq yeni enerji xəritəsini formalaşdırır. Türk dövlətlərinin böyük bir qismi neft, qaz, “yaşıl enerji” potensialına görə, regionun əsas mənbə landşaftını yaradıb və bu amillər hazırda qlobal karbohidrogen ehtiyaclarının və bərpaolunan enerji tədarüklərinin artması fonunda TDT-nin enerji ittifaqını da gücləndirir.
İqtisadi Tərəfdaşlıq üzrə Daimi Şura yaradılır
Üzv ölkələr arasında hərtərəfli əməkdaşlıq üçün böyük potensial mövcududur. Hazırda TDT üzvləri 58 müxtəlif sahədə əməkdaşlıq mexanizmləri tətbiq edir, ancaq bu iqtisadi-ticari-investisiya bölmələri daha çoxşaxəli və çoxistiqaməlidir. Ona görə də, həmin potensialları daha da üzə çıxarmaq və səfərbər etmək üçün çevik institusional strukturun formalaşdırılması istisna olunmur. Bu baxımdan əsas hədfələrdən biri kimi Türk Dövlətləri Təşkilatının İqtisadi Tərəfdaşlıq üzrə Daimi Şurasının təsis olunması nəzərdə tutulur. Yeni təsisatın yaradılmasını üzv dövlətlər yekdilliklə dəstəkləyir və işlək fəaliyyət mexanizminin qısa zamanda təsdiq edilməsi istisna deyil.
Sənaye əməkdaşlığı və strateji ehtiyatlar sahəsində əməkdaşlığın inkişafı və qarşılıqlı fəaliyyətin bir mərkəzdə birləşdirilməsi də əsas istiqamətlərdən biridir. Bu çərçivəyə əsasən, Türk Dövlətlərinin Sənaye İttifaqının qurulması, o cümlədən tammərhələli istehsalat dəyər zəncirlərinin yaradılmasına yönəlmiş strateji prioritetlərdən biri kimi diqqətdədir. Digər bir hədəf TDT ölkələrinin Mərkəzi bankları arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, pul-kredit siyasətinin tənzimlənməsi, maliyyə sabitliyinin təmin olunması, ödəniş sistemlərinin inkişafı, maliyyə və rəqəmsal texnologiyaların tətbiqi və digər sahələrdə həyata keçirilən siyasətlərin vahid platformada əlaqələndirilməsidir. Eləcə də rəqəmsal bank platforması hesab edilən Fintex Alyansı çərçivəsində maliyyə texnologiyalarının inkişafı, qanunvericilik və tənzimləmə, maliyyə inklüzivliyinin artırılması, startap ekosisteminin dəstəklənməsi, beynəlxalq ödənişlərin və köçürmələrin asanlaşdırılması, kibertəhlükəsizlik və digər birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Ümumi bazarların yaradılması və milli valyutalardan istifadə məsələləri də nəzərdən keçirilir.
“TDT+” formatı aktuallaşır
Hazırda dünyada geosiyasi və geoiqtisadi meyillər yeni transformasiyalarla müşahidə olunmaqdadır, türk ölkələrinin yerləşdiyi və ətraf regionlarda çox ciddi çağırışlar meydana çıxır. TDT-nin öz hədəf prinsiplərinə doğru irəliləməsi və dünyadakı mövcud vəziyyət, eyni zamanda digər geosiyasi reallığı da ehtiva edir. Müşahidə edilən yeni vəziyyət təşkilat çərçivəsində “TDT+” formatının aktuallığını da artırır. Məhz bu kritik ssenarilər və artan qlobal tələbatlar səbəbindən TDT ölkələri iqtisadi əməkdaşlığı dərinləşdirmək, qarşılıqlı ticarət həcmini artırmaq üçün səyləri gücləndirməli, iqtisadi bağlantıları asanlaşdıran institusional mexanizmlər, prefernsial ticarət qaydaları, logistika zəncirlərini inkişaf etdirən rəqəmsal həllər tətbiq etmək barədə düşünür. Ortamüddətli dövrün hədəflərinə də birgə səylərlə nail olmaq mümkündür.
Beləliklə, Bakı görüşü və imzalanan Birgə Bəyanat Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, iqtisadi-ticari əlaqələrin inkişafı, nəqliyyat və enerji sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, həmçinin digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı strateji hədəflərə çatmaqda yeni mərhələ açacaq.
E.CƏFƏRLİ