EN

Tehranın şimalında dəhşətli partlayışlar – ABŞ və İsrail raket bazalarını darmadağın etdi

ABŞ və İsrail Hərbi Hava Qüvvələri Tehranın şimalında yerləşən strateji hərbi obyektlərə qarşı genişmiqyaslı hava əməliyyatı həyata keçirib.

Musavat.com xəbər verir ki, yerli mənbələrin və hərbi müşahidəçilərin yaydığı məlumata görə, paytaxtın Darband dağı və Gülab-Dərə bölgələrindəki raket bazalarına təxminən 20-yə yaxın dəqiq zərbə endirilib. Şəhərin şimal hissəsində güclü partlayış səsləri eşidilib və bir neçə nöqtədə nəhəng yanğınlar müşahidə olunur.

Hücumun hədəfləri və ilk detallar:

Yeraltı raket anbarları: Darband dağı ərazisində SEPAH-ın ballistik raketlərin saxlanması və buraxılması üçün istifadə etdiyi yeraltı bunkerlərin hədəf alındığı bildirilir. Bu bazalar Tehranı qoruyan hava hücumundan müdafiə (HHM) sistemlərinin koordinasiya mərkəzlərindən biri hesab olunur.

Gülab-Dərə əməliyyatı: Şəhərin elit rayonlarından biri olan Gülab-Dərədə isə raket mühərriklərinin istehsalı və sınağı ilə məşğul olan gizli laboratoriyaların vurulduğu iddia edilir.

Müasir silahların tətbiqi: İddialara görə, hücumda İsrailin yeni hazırladığı "Black Sparrow" aeroballistik raketləri və ABŞ-ın "B-2 Stealth" bombardmançı təyyarələri iştirak edib. Zərbələrin dəqiqliyi Tehranın HHM sistemlərinin ("S-300" və "Bavar-373") faktiki olaraq iflic edildiyini göstərir.

Partlayış dalğası yaxınlıqdakı yaşayış binalarının şüşələrini sındırıb, əhali arasında böyük təşviş yaranıb. SEPAH qüvvələri bölgəyə girişi tamamilə bağlayıb, təcili yardım maşınlarının hərbi obyektlərə doğru hərəkəti müşahidə olunur.

Qeyd olunur ki, Tehranın "dağlıq qalası" sayılan bu ərazilərin vurulması İsrail və ABŞ-ın İranın raket potensialını kökündən qazımaq niyyətini nümayiş etdirir. Bu zərbələr İranın Hörmüz boğazını bağlamasına və Körfəz ölkələrinə etdiyi raket hücumlarına cavab olaraq həyata keçirilib. Hazırda Tehran səmasında tüstü dumanı yüksəlir və yeni zərbələrin olacağı ehtimalı ilə qırıcıların səsi eşidilməkdədir.

Musavat.com

Chosen
30
50
musavat.com

10Sources