EN

Xalq artistləri işdən çıxarılıb? – Bu teatrda nə baş verir?

Xalq artisti Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı iddialar irəli sürüb.

KONKRET.az axşam.az-a istinadla xəbər verir ki, opera ifaçısı işdən çıxarıldığını bildirib. O qeyd edib ki, heç bir səbəb olmadan işdən uzaqlaşdırılıb:

“Teatrdan son xəbərləri sizinlə bölüşmək istəyirəm. Bakıdakı son çıxışımdan (12 mart) sonra dünyaca məşhur tenorumuz və Opera Teatrının direktoru (xalq artisti Yusif Eyvazov – red.) müqaviləmi yeniləmədən, dünyanın bir çox teatrlarında yeganə Azərbaycanı ləyaqətlə təmsil edən aparıcı dramatik baritonunu işdən çıxardı. Və təkcə məni yox. Bu bizim direktordan daha bir yalan”.

O eyni zamanda iddia edib ki, xalq artisti Yalçın Adıgözəlov da işdən çıxarılıb:

“Maraqlanan hər kəsə cavab verirəm. Heç bir səbəb yoxdur. Sadəcə illik müqaviləmi yeniləmədim. Xalq artisti Yalçın Adıgözəlov da işdən çıxarıldı və bu gün truppa menecerimiz Zülfiyyə xanım da, Pərvin xanım da saxta ittihamla işdən çıxarıldı. Rejissor yenə yalan danışır, vəzifəyə keçəndən bəri heç kimi işdən çıxarmadığını iddia edir. Digər solistlərə qarşı təhdidlərdən bəhs etmirəm. Bu qədər”.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən Yalçın Adıgözəlovun teatrda çaışmadığı bildirilib.

“Yalçın bəy filarmoniyada işləyir. Əvəz Abdullayevlə bağlı isə açıqlama veriləcək”, – deyə teatrdan deyilib.

Qeyd edək ki, Y.Adıgözəlov 2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijorudur. O, eyni zamanda uzun illərdir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. 2023-cü ildə isə Heydər Əliyev Sarayının tabeliyində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbər-baş dirijoru vəzifəsinə təyinat olub.

Chosen
6
4
konkret.az

10Sources