EN

Kərəmli 8 xallıq fərqi qabartdı: “Biz yox, onlar təzyiq altındadır”

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

I Liqanın lideri “Şəfa” mövsümdə ilk məğlubiyyətini yaşayıb. Bakı təmsilçisi XX turda səfərdə “Mingəçevir”ə uduzub – 2:5.

“Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti belə şərh etdi:

“Kluba gələndən bəri liqada ilk məğlubiyyətimizdir. Oyunda hesabı bərabərləşdirmək üçün bir çox epizodumuz oldu. Rəqib də çoxlu qol şansları yaratdı. Oyunun sonlarında isə irəli atılıb hesabı bərabərləşdirməyə çalışdıq. Lakin qapımızda üçüncü qolu gördük. Bir müdafiəçini hücumçu ilə əvəzlədik, digərini isə irəli göndərdik ki, hesabı bərabərləşdirək. Amma önə çıxdığımız anda müdafiə xəttində boşluqlar verdik və yenidən qollar buraxdıq. “Mingəçevir” bu şanslardan maksimum yararlandı. Onları təbrik edirəm, qələbəyə layiq idilər”.

Mütəxəssis məğlubiyyətin komandada ruh düşkünlüyü yaratmayacağını əlavə etdi:

“Komandada ruh düşkünlüyü yoxdur. Çünki hamı 8 xal fərqiylə birinci pillədə olduğumuzu anlayır. Məğlubiyyətdən nəticə çıxarmalıyıq. Qarşıda oyunlar var və liderliyimizi davam etdirərək, mübarizəmizi aparacağıq”.

“Şəfa” növbəti iki turda ən yaxın izləyiciləri “Səbail” və “Baku Sportinq”lə qarşılaşacaq. Kərəmli komandada basqı olmadığını bildirdi:

“Rəqiblərdən irəlidəyik və xal fərqimiz var. Buna görə biz yox, onlar təzyiq altındadır. Çünki “Səbail” və “Baku Sportinq” həm ikincilikdən, həm də çempionluq mübarizəsindən qopmamağa çalışır. İndiki məqamda bizim üstünlüyümüz daha çoxdur”.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
45
futbolpress.az

1Sources