EN

Əlahiddə Ümumqoşun Ordusunda Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, 2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbənin 10-cu ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Herbiand.az bildirir ki, Əlahiddə Ümumqoşun Ordusunda təşkil olunan tədbirdə hərbi qulluqçular, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidlərin məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzülərək ruhlarına dualar oxunub.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Aprel döyüşlərində iştirak edərək şəhidlik zirvəsinə ucalan Naxçıvanlı hərbi qulluqçular Rasim Əbdül oğlu Məmmədov və Qabil Əbdüləli oğlu Orucəliyevin də əziz xatirəsi ehtiramla anılıb, onların döyüşlərdə göstərdikləri qəhrəmanlıq nümunələrindən bəhs edilib.

Çıxış edənlər Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbi qulluqçularımızın nümayiş etdirdiyi igidlik və şücaətdən danışıblar. Bildirilib ki, 2016-cı ilin Aprel döyüşləri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan sonrakı qələbələrin – Günnüt əməliyyatı, Tovuz döyüşləri, Vətən müharibəsi və antiterror tədbirlərinin, ümumilikdə isə şanlı Zəfərimizin başlanğıcı kimi tarixə düşüb.

Tədbirin bədii hissəsində sənədli filmlər nümayiş olunub, şeirlər səsləndirilib, vətənpərvərlik mövzusunda musiqi nömrələri və ədəbi-bədii kompozisiyalar təqdim edilib, döyüş iştirakçıları xatirələrini bölüşüblər.

Bəxtiyar ƏLİYEV, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi



Chosen
48
herbiand.az

1Sources