EN

Natiq Bağırov: Gəncə turniri milli komandaya seçim xarakteri daşıyır

Gəncə, 4 aprel, AZƏRTAC

Gəncə turniri bizim üçün milli komandaya seçim xarakteri daşıyır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov Gəncədə bu gün start götürən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku barədə jurnalistlərə açıqlamasında deyib.

Seçimin məşqçilər korpusu tərəfindən aparılacağını bildirən müşavir əlavə edib: “Məşqçilər idmançıların çıxışlarına baxacaq, onlar arasında potensialı ən yüksək olanları seçəcək. Həmin cüdoçular beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər”.

ACF rəsmisi bildirib ki, Belarus yığması yarışa federasiyanın xüsusi dəvəti ilə qatılıb: “Bildiyiniz kimi, vaxtilə Belarus millisində baş məşqçi kimi çalışırdım. Bu ölkənin idmançılarının ölkəmizdə yarışdıqlarını görmək çox sevindirici haldır. İstərdim ki, bu ənənə ildən-ilə davam etsin, turnirlərimizdə 40-50 ölkədən cüdoçular mübarizə aparsın”.

Qeyd edək ki, Gəncə İdman Sarayında təşkil olunan beynəlxalq yarışda 10 ölkənin 269 cüdoçusu (180 oğlan, 89 qız) iştirak edir.

Turnirin ilk günündə oğlanlar 50, 55, 60, 66 kiloqram, qızlar 40, 44, 48 və 52 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.

Avropa Kubokunda ölkəmizlə yanaşı Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Tacikistan, Türkiyə və Amerika Birləşmiş Ştatlarının cüdoçuları 16 çəki dərəcəsində qüvvəsini sınayır. Analoji yarışa dördüncü dəfə ev sahibliyi edən Azərbaycan turnirdə 127 idmançı ilə təmsil olunur. Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq.

Chosen
17
2
azertag.az

3Sources