EN

“GreenCity Hackathon” innovasiya yarışına start verilib - FOTOLAR

Bakı Avrasiya Universitetinin (BAAU), Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İDDA), Abşeron Logistika Mərkəzinin və CODERS Azerbaijan şirkətinin təşkilatçılığı ilə “2026-cı il Şəhərsalma və Memarlıq İli” çərçivəsində 3-4 aprel tarixlərində davam edəcək gənclər üçün “GreenCity Hackathon” innovasiya yarışına start verilib.
 
Moderator.az xəbər verir ki, sözügedən yarışın açılış mərasimi Azərbaycan İnnovasiya Mərkəzində 3 aprel tarixində təşkil olunub. Açılış tədbirində tərəfdaş təşkilatların nümayəndələri, qeydiyyatdan keçmiş və yarışa vəsiqə qazanmış 10 gənclərdən ibarət komanda və qonaqlar iştirak edib.
 
Tədbirin açılış mərasimində çıxış edən BAAU-nun rektoru, dosent Səyavuş Qasımov müasir dövrdə ətraf mühitin qorunması və dayanıqlı inkişaf məsələlərinin qlobal prioritetlər sırasında xüsusi yer tutduğunu vurğulayıb. O, qeyd edib ki, bu kimi yarışmalar gənclərin innovativ düşüncə tərzinin formalaşdırılmasına, onların nəzəri biliklərinin praktik müstəvidə tətbiqinə və real problemlərə yaradıcı həll yolları tapmasına geniş imkan yaradır. Rektor universitetin innovasiya yönümlü təşəbbüsləri dəstəklədiyini diqqətə çatdıraraq, “GreenCity Hackathon”un bu istiqamətdə atılmış növbəti mühüm addımlardan biri olduğunu bildirib. Səyavuş Qasımov iştirakçıların təqdim edəcəyi ideyaların gələcəkdə tətbiq potensialına malik layihələrə çevriləcəyinə əminliyini ifadə edib və onlara uğurlar arzulayıb.
 
Niğde Ömər Halisdemir Universitetinin rektoru, professor Hasan Usulu isə çıxışında beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs edib. O bildirib ki, bu kimi yarışlar müxtəlif bölgələrdən və ölkələrdən olan gəncləri bir araya gətirərək onların bilik və bacarıqlarını paylaşmağa imkan yaradır. Hasan Usulu şəhərsalma və ekoloji problemlərin qlobal xarakter daşıdığını vurğulayaraq, bu sahədə innovativ həllərin hazırlanmasının beynəlxalq səviyyədə əməkdaşlıq tələb etdiyini qeyd edib. O, gənclərin yeni texnologiyalardan istifadə edərək dayanıqlı və effektiv həllər təqdim etmələrinin vacibliyini önə çəkib və iştirakçıların bu istiqamətdə uğurlu nəticələr əldə edəcəyinə əminliyini bildirib.
 
Açılış mərasimində həmçinin Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev və sədr müavini Zaur Bağırov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri Camal Ağayev və Nigar Davud, həmçinin CODERS Azerbaijan şirkətinin nümayəndəsi Təravət Həsənli tədbirin əhəmiyyətini vurğulayaraq iştirakçılara öz tövsiyələrini çatdırıblar.
 
Yarış çərçivəsində milli musiqi və rəqs proqramı da təqdim olunub. Daha sonra iştirakçılara həll olunacaq tapşırıqlar təqdim edilərək mentorların iştirakı ilə komandalar innovativ həll yollarının hazırlanması və təqdim olunması üçün yarışa başlayıblar. Gün ərzində komandalar mentorların rəhbərliyi ilə innovativ ideyalar üzərində işləyərək müxtəlif prototiplərin hazırlanması üçün çalışıblar. Qeyd edək ki, “GreenCity Hackathon”un yekun – final mərhələsi 4 aprel 2026-cı il tarixində Bakı Avrasiya Universitetinin konfrans zalında keçiriləcək, qaliblər elan olunacaq və mükafatlandırma mərasimi təşkil olunacaq.
Chosen
5
2
moderator.az

3Sources