EN

Bakı balansı qorumaq xəttinə sadiqdir - İrana DƏSTƏK, müharibədən kənar siyasət davam edir...

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə dünən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilunu qəbul edib.

Paşazadə səfirlə görüşdə bir daha xatırladıb ki, Prezident İlham Əliyev Azərbaycan ərazisindən qonşu ölkələrə, o cümlədən İrana qarşı istifadəyə icazə verilməyəcəyi və bu prinsipial mövqenin dəyişməz olaraq qaldığı barədə dəfələrlə bəyanat verib.

Gb9cT3nCa87nCTB8rb0pImdOXBJboxjRySDycsit_1200.jpg

Səfir Müctəba Dəmirçilu ölkəsinin bu ağır günlərində dost Azərbaycan dövlətinin və xalqının mənəvi dəstəyini, o cümlədən göstərilən humanitar yardımları yüksək qiymətləndirib. Səfir sülhlə və sabitliyə yönələn qətiyyətli mövqeyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.

kenan.jpg

Politoloq Kənan Novruzov Musavat.com-a bildirib ki, bu görüş Yaxın Şərqdəki proseslərlə bağlı rəsmi Bakının mövqeyinin növbəti dəfə - daha aydın şəkildə diqqətə çatdırılması baxımından əhəmiyyətlidir:

"Məlum olduğu kimi, müharibənin ilk günündən etibarən Azərbaycan Yaxın Şərqdəki müharibə ilə bağlı tərəfsizliyini qorumağa və mümkün qədər balanslı olmağa çalışır. Bu, rəsmi Bakı üçün strateji əhəmiyyətli məsələdir. Buna baxmayaraq, təhlillər göstərir ki, Azərbaycanı tərəfə çevirməkdə və hətta müharibəyə çəkməkdə maraqlı oyunçular var. Bir müddət əvvəl İran ərazisindən Naxçıvana raket atılması da bu baxımdan qiymətləndirilməli olan məqamdır. Həmin hadisəyə rəğmən, Azərbaycan İrana humanitar yardım göndərir. Həmçinin İran prezidenti Məsud Pezeşkian bir neçə dəfə Bakıya təşəkkür edib və qonşularla, o cümlədən Azərbaycanla gərginlikdə maraqlı olmadıqlarını bildirib. Bu göstərir ki, iki tərəf də təmkinlidir və münasibətlərin pisləşməsini istəmir.

Allahşükür Paşazadənin səsləndirdiyi fikirlər, sözsüz ki, həm də iki dövlət arasında münasibətlərin pisləşməsində maraqlı olanlara mesajdır. Görünən odur ki, rəsmi Bakı prinsipial mövqeyini bundan sonra da davam etdirəcək".

Cavanşir ABBASLI
Musavat.com

Chosen
6
5
musavat.com

8Sources