EN

Kremlin pərdəarxası oyun”u

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaxın Şərqdə müharibənin davam etməsi, xüsusilə regionun geniş münaqişə meydanına çevrilməsi Cənubi Qafqazda mövcud vəziyyətə təsirsiz ötüşməyə bilməz.

Qonşu regionun müharibə bataqlığına qərq olunması regionumuzda təlatümlərə yol aça bilər. Ən xüsusi diqqət çəkən məqam Moskvanın Yaxın Şərqdəki hazırkı vəziyyətdən istifadə edib Ermənistanda seçkilər ərəfəsində daxili sabitliyi pozmaq və qarşıdurma yaratmaq istiqamətində addımlar atması ehtimalıdır. Bəzi iddialara görə, Baş nazir Nikol Paşinyanın Moskvaya səfəri və Prezident Vladimir Putinlə görüşü məhz bu qorxu ilə bağlıdır.

Qeyd edək ki, bu yaxınlarda "Stratfor" beyin mərkəzi Yaxın Şərqdəki müharibənin Cənubi Qafqaza təsiri imkanları, o cümlədən Ermənistanda iyun ayında keçiriləcək parlament seçkilərinin nəticələrinin Bakı ilə İrəvan arasında sülh prosesinin gedişatında rolu barədə analitik məqalə paylaşıb. Məqalədə ilkin olaraq qeyd edilir ki, İran müharibəsi regional qeyri-sabitliyi daha da artırır:

“İranla müharibənin yaratdığı regional qeyri-sabitlik Azərbaycanı yüksək təhlükəsizliyini qorumağa məcbur edəcək. Bakının münaqişədə birbaşa iştirakı ehtimalı azdır, amma əsas enerji infrastrukturunun qorunmasına davam edəcək”.  

Analitik mərkəz vurğulayır ki, belə dövrdə Ermənistandakı seçkilər Azərbaycanla sülh danışıqlarının gələcəyini sınayır: 

“Bunun üçün Cənubi Qafqaz yenidən siyasi və təhlükəsizlik sahəsində gərginliklə üzləşəcək”.

Mərkəzin qənaətinə görə, Ermənistanda qütbləşmiş seçicilər Azərbaycanla sülh prosesinin davam edib-etməyəcəyini və ya iflasa uğrayacağını müəyyən edə bilər:

“Baş nazir Nikol Paşinyanın yenidən seçilməsi onun Azərbaycanla əməkdaşlıq etmək və Avropa Birliyi ilə əlaqələri dərinləşdirmək üçün mandatını gücləndirəcək. Lakin müxalifət qalib gələrsə, Ermənistanın danışıqlar mövqeyi, o cümlədən konstitusiya dəyişiklikləri və Azərbaycanla münasibətlərin normallaşdırılması məsələlərində sərtləşə bilər”. 

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, Yaxın Şərqdə müharibənin davam etməsi, xüsusilə İranla bağlı gərginliyin artması, Cənubi Qafqaz üçün dolayı təsirləri artırır. Ekspert hesab edir ki, region coğrafi baxımdan Rusiya, Türkiyə və İranın nüfuz dairələrinin kəsişdiyi strateji bir məkandır:

“Yaxın Şərqdəki münaqişələr neft və qaz qiymətlərini, ticarət marşrutlarını və regional təhlükəsizlik balansını dəyişir. Bu dəyişikliklər Cənubi Qafqazda iqtisadi və siyasi qeyri-müəyyənliyi artırır. Mövcud ziddiyyətlər fonunda Yaxın Şərqin gərginliyi cəbhə xəttində əlavə təzyiq və diplomatik manevr imkanlarını daralda bilər”.

R. Bayramov bildirib ki, belə vəziyyətdə Moskvanın Yaxın Şərqdəki gərgin vəziyyətdən istifadə ehtimalı yüksək görünür:

“Rusiya uzun müddətdir ki, həm enerji, həm də hərbi vasitələrlə regional təsirini genişləndirməyə çalışır. Yaxın Şərqdəki qeyri-sabitlik Moskva tərəfindən həm Cənubi Qafqazda, həm də digər postsovet ölkələrində təsirini artırmaq üçün “pərdəarxası alət” kimi istifadə edilə bilər. Ermənistanın daxili siyasi vəziyyəti, etirazlar və iqtisadi çətinliklər Moskvanın təsir imkanlarını artırır. Odur ki, Rusiyanın bütün bunlardan Paşinyan hökumətinə təzyiq kimi istifadə etməsi tamamilə realdır”. 

Politoloq hesab edir ki, Paşinyanın Vladimir Putinlə görüşü də məhz bu məsələlər kontekstində anlaşılır:

“Moskva-Cənubi Qafqaz koordinasiyasını qorumaq, Ermənistanın strateji seçimlərini yönləndirmək və regionda Rusiya təsirini saxlamaq üçün bu tip görüşlər vacibdir. Eyni zamanda, görüşün gündəliyində enerji, iqtisadi münasibətlərlə yanaşı Ermənistanın NATO və Avropa ilə yaxınlaşmasının Moskva tərəfindən necə qiymətləndirilməsi məsələlərinin də olduğu şübhəsizdir”. 

Politoloq əlavə edib ki, Yaxın Şərqdəki müharibə regionda siyasi, hərbi və iqtisadi qeyri-sabitliyi gücləndirə bilər:

“Moskvanın regiondakı hazırkı gərginlikdən Ermənistan siyasətinə təsir etmək üçün istifadə etməsi ehtimalı var və Paşinyan-Putin görüşü məhz bu kontekstdə Ermənistanın stabil siyasətini qorumaq və Moskvanın potensial təzyiqlərini minimal səviyyəyə endirmək məqsədi daşıya bilər”.

 Yunis Abdullayev

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
2
cebheinfo.az

4Sources