Sarkisyanın "ağ bayrağı": Respublikaçılar seçkilərdən rəsmən çəkildi
Ermənistanın eks-prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası (ERP) 7 iyun 2026-cı il tarixində keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyini rəsmən açıqlayıb.
Aia.az xəbər verir ki, aprelin 1-də partiyanın İcraiyyə Orqanının iclasında qəbul edilən bu qərar ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb olub.
Partiyanın yaydığı bəyanatda bildirilir ki, "hərtərəfli təhlil nəticəsində" ERP-nin seçkilərdə birbaşa iştirak etməməsi barədə qərar qəbul olunub. Bu, Sarkisyanın 2018-ci il inqilabından sonra ilk dəfə seçki prosesini kənardan izləməsi deməkdir.
Analitiklər qeyd edirlər ki, Robert Köçəryanın "Ermənistan" alyansı və milyarder Samvel Karapetyanın yeni yaradılmış "Mer Dzevov" (Bizim yolumuz) hərəkatı da daxil olmaqla, heç bir iri müxalif qüvvə bu seçkilərdə Sarkisyanın partiyası ilə ittifaqa girmək istəməyib.
Sarkisyanın iki ay əvvəl vahid müxalifət cəbhəsi yaratmaq çağırışlarının cavabsız qalması və Artur Vanetsyanın "Vətən" partiyasının da seçkidən çəkilməsi Respublikaçıları siyasi təcrid vəziyyətinə salıb. Ekspertlərin fikrincə, təkbaşına seçkiyə qatılmaq Sarkisyan üçün parlamentə düşə bilməmək (keçid baryerini aşmamaq) riski demək idi.
18-ci Qurultayda şok açıqlamalar gözlənilir: Bu gün — 4 aprel 2026-cı il tarixində partiyanın 18-ci qurultayı keçirilir. Sarkisyanın bu qurultayda partiyanın gələcək addımları və hansı müxalif qüvvəni dəstəkləyəcəyi barədə geniş bəyanatla çıxış edəcəyi gözlənilir.
Ermənistanda Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının əsas rəqiblərinin bir-bir sıradan çıxması və ya parçalanması iqtidarın mövqelərini gücləndirir. Sarkisyanın seçkidə iştirak etməməsi Ermənistanın "köhnə qvardiya"sının rəsmən siyasi səhnədən çəkilməsi kimi qiymətləndirilir.