EN

İranda rejim dəyişikliyi istəyən İsrailin özü çalxalanır: Təl-Əvivdə etirazlar, Tehranda səfərbərlik

Yaxın Şərqdə gərginlik yalnız cəbhə xəttində deyil, küçələrdə də özünü göstərir.

Musavat.com xəbər verir ki, eyni vaxtda həm İsraildə, həm də İranda baş verən kütləvi aksiyalar regionda siyasi və ictimai dinamikanın kəskin dəyişdiyini göstərir.

İsraildə baş nazir Benyamin Netanyahu hökumətinə qarşı genişmiqyaslı etirazlar başlayıb. Xüsusilə Təl-Əviv şəhərində gecə saatlarında keçirilən aksiyalar şiddətli qarşıdurmalarla müşayiət olunub. İranın raket hücumlarından sonra sığınacaqlardan çıxan sakinlərin birbaşa küçələrə axışaraq etirazlara qoşulduğu bildirilir.

Nümayişçilər müharibənin dayandırılmasını tələb edir, hökuməti isə ölkəni təhlükəyə sürükləməkdə ittiham edirlər. Etiraz meydanlarında Netanyahunun və İsrailin təhlükəsizlik rəhbərliyinin maketləri hazırlanıb, aksiya iştirakçıları bu simvollar üzərindən sərt və aşağılayıcı etiraz formaları nümayiş etdiriblər.

Polis qüvvələri aksiyalara sərt müdaxilə edib, nümayişçilərlə hüquq-mühafizə orqanları arasında toqquşmalar qeydə alınıb.

Məlumata görə, etirazçılar hökumətin istefasını tələb edir və ölkədə siyasi dəyişiklik çağırışları getdikcə güclənir.

Digər tərəfdə isə tam fərqli mənzərə müşahidə olunur. Tehran başda olmaqla İranın müxtəlif şəhərlərində minlərlə insan artıq bir neçə gündür ki, küçələrə çıxır. Gecə saatlarında davam edən aksiyalarda əhali hökumətə dəstək nümayiş etdirir və ölkənin xarici müdaxiləyə qarşı müdafiə olunacağını bəyan edir.

İranlılar ABŞ və İsrailin hərbi təzyiqlərinə qarşı birləşdiklərini bildirir, “vətənin müdafiəsi” şüarları ilə meydanları doldururlar.

Müşahidəçilər qeyd edir ki, bu aksiyalar ölkə daxilində ciddi konsolidasiya effekti yaradıb.

Diqqət çəkən əsas məqam isə paradoksal vəziyyətdir: İranda rejim dəyişikliyi planları ilə çıxış edən İsrail bu gün öz daxilində siyasi böhranla üz-üzədir. Ekspertlərin fikrincə, Tehranda daxili parçalanma yaratmaq məqsədi güdən addımlar əks effekt verib və əksinə, İran cəmiyyətində birləşməni gücləndirib.

Eyni zamanda İsrailin daxilində narazılıq dalğası sürətlə genişlənir. Küçələrə axışan insanlar müharibədən yorulduqlarını açıq şəkildə ifadə edir və hakimiyyətin dəyişdirilməsini tələb edirlər.

Beləliklə, regionda yaranmış yeni reallıq diqqət çəkir: İranda rejim dəyişikliyi istəyən İsrail, görünən odur ki, indi özü hakimiyyət dəyişikliyi təzyiqi ilə üz-üzə qalır.

Musavat.com

Chosen
2
8
musavat.com

7Sources