BAKI, 5 aprel. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi regionda hökm sürən qeyri-sabitlik və onun qlobal miqyaslı təsirlərinə görə birbaşa ABŞ və İsrailin məsuliyyət daşıdığını vurğulayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Məlumata görə, Abbas Əraqçi pakistanlı həmkarı İshaq Dar ilə telefon danışığı zamanı ölkəsinin mövqeyini diqqətə çatdırıb. İranlı nazir Tehranın öz suverenliyini və ərazi bütövlüyünü "bütün vasitələrdən istifadə etməklə" qorumaq üçün "qəti əzm" nümayiş etdirəcəyini qeyd edib.
Son günlər Pakistan tərəfi və nazir İshaq Dar hərbi qarşıdurmanın dayandırılması üçün tərəfləri danışıqlar masasına çağırmağa davam edir. Rəsmi İslamabad hərbi çıxılmaz vəziyyətdən çıxmaq üçün "məsləhətləşmələrin davam etdirilməsinin" vacibliyini xüsusi vurğulayıb.