EN

Bu məhsullar bahalaşdı – SİYAHI

Yaxın Şərqdə davam edən savaş dünyada, o cümlədən ölkəmizdə çoxsaylı məhsullar üzrə qiymətlərin bahalaşmasına səbəb olub. Bu hal özünü təkcə neft və mavi yanacaq qiymətlərində göstərmir. Qiymət artımı yeyinti, kənd təsərrüfatı məhsullarında açıq şəkildə hiss olunur. 

Qeyd edək ki, Azərbaycan İrandan bir çox məhsul idxal edir.

Cənubdan ölkəmizə kartof, badımcan, xurma, portağal, qurudulmuş üzüm, müxtəlif şirniyyatlar və qənnadı məmulatları, habelə sement, tikinti materialları, plastik borular, polimerlər və digər kimyəvi məhsullar gətirilir.

Görəsən, yaranmış durum ölkəmizdə ən çox hansı məhsulların qiymətinə təsir edib?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, İran ətrafında yaşananlar Azərbaycanda da bəzi məhsulların bahalaşmasına səbəb olub:  

“Zamanla dinamik artım onsuz da baş verməkdədir. Bir rübdən digərinə keçəndə artıq bəzi məhsullarda müəyyən bahalaşmaların baş verdiyinin şahidi oluruq. İran ətrafında cərəyan edən proses isə bu məsələni daha da mürəkkəbləşdirib. İran üzərindən Azərbaycana kifayət qədər tranzit yükləri gəlir. Amma bu sahədə məhdudiyyətlər və bazarda həmin məhsullar üzrə qıtlığın yaranması aydın məsələdir ki, bir çox məhsullarda bahalaşmaya gətirib çıxarıb və çıxaracaq”. 

İqatisadçı qeyd edir ki, Azərbaycanın İranla ticarət dövriyyəsinin 90 faizi idxalından ibarətdir:

“Həmin ölkədən gələn məhsulların da mütləq əksəriyyəti bazarda qiymət məsələsində dirijorluq edən məqamdır. İndi bu qəbildən olan məhsulların gətirilməsinin dayandırılması qiymət sıçrayışına səbəb olub”. 

F. İbrahimovun sözlərinə görə, İrandan gətirilən kərə və bitki yağları, təmizlik ləvazimatları, habelə balığın qiymətində bahalaşma dərhal özünü göstərib:

“Hətta idxal olunan farel balığının qiyməti də bahalaşıb. Bahalaşma hardasa 10-15 faiz səviyyəsində olub”. 

İqtisadçı deyir ki, idxalda yaranan problem özünü göstərməkdə davam etsə, bahalaşma mütləq şəkildə davamlı olacaq:

“Onu da qeyd edim ki, digər ölkələr, Rusiya, Belarus və Yeni Zelandiyadan gələn kərə yağının qiymətini məhz İran yağı tənzimləyirdi. Ucuz İran yağı digər ölkələrdən gələn yağların da ucuzlaşmasına səbəb olurdu. Amma indi İran yağları bahalaşacaqsa, bu digərlərini də öz arxasınca sürükləyəcək”. 

Rüfət Sultan, Bizim.Media 

Chosen
19
1
bizim.media

2Sources