EN

Politico: Ukrayna dünyanın əsas idman məhkəməsində Rusiyaya qalib gəldi

Ukrayna Moskvanın idman tədbirlərindən hərbi cinayətlərini "yumaq" məqsədilə istifadə etməsinin qarşısını almaq kampaniyasında mühüm qələbə qazanıb. Belə ki, Rusiyaya işğal olunmuş ərazilərdə şahmat turnirləri keçirməyi qadağan edən əlamətdar işdə qalib gəlib...

Poliqon Politico-ya istinadən xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Şahmat Federasiyasını Ukraynanın Rusiya tərəfindən işğal altında olan Krım, Sevastopol, Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrində yarışların təşkili də daxil olmaqla bütün fəaliyyətini dayandırmağa məcbur edib.

Nəşr qeyd edir: "Ötən ayın sonunda dərc olunan qərar Ukrayna üçün əhəmiyyətli qələbədir və geosiyasi münaqişələr və beynəlxalq idman sahəsində presedent yaradır. Bu sahə Rusiya tərəfindən Ukraynaya qarşı genişmiqyaslı işğaldan sonra öz imicini yaxşılaşdırmaq üçün istifadə olunurdu".

Ukrayna Şahmat Federasiyası Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komitəsinin qərarından şikayət etmişdi. Həmin qərarda Rusiya Şahmat Federasiyasının işğal olunmuş bölgələrdə yarışlar təşkil etməklə Ukraynanın ərazi bütövlüyünü pozduğu qəbul edilsə də, cəmi 45 min avro məbləğində cərimə tətbiq olunmuşdu. CAS isə bu sanksiyanı pozuntuların ciddiliyinə uyğun olmadığını bildirərək "açıq-aşkar və kobud şəkildə qeyri-mütənasib" sayıb və ləğv edib. Eyni zamanda, Rusiya tərəfinə fəaliyyətini dayandırmaq üçün 90 gün vaxt verilib.

Ukrayna prezidentinin müşaviri və Ukrayna Şahmat Federasiyasının prezidenti Oleksandr Kamişin bildirib ki, beynəlxalq idman hüququ artıq Ukraynanın ərazi bütövlüyünü aydın şəkildə tanıyır. Onun sözlərinə görə, bu qərar Rusiyanın idmandan işğalı legitimləşdirmək aləti kimi istifadə imkanlarını ciddi şəkildə məhdudlaşdırır və digər federasiyalar üçün də hüquqi əsas yaradır.

Ukraynanın idman naziri Matviy Bidnı qeyd edib ki, qərar işğal olunmuş ərazilərdə fəaliyyət göstərən Rusiya idman federasiyalarına qarşı əlavə məhkəmə iddiaları üçün zəmin yaradır.

CAS qərarında həmçinin bildirilib ki, Rusiya tərəfi tələblərə əməl etmədiyi halda onun FIDE-də üzvlüyü dərhal üç il müddətinə dayandırılmalıdır. Bu qərar Moskvanı seçim qarşısında qoyur: ya işğal olunmuş ərazilərdə fəaliyyətini dayandıraraq müəyyən beynəlxalq idman legitimliyini bərpa etmək, ya da idmandan siyasi alət kimi istifadəni davam etdirərək sanksiyalarla üzləşmək.

Rusiya tərəfi isə qərarı nəzərə almamaq niyyətində olduğunu gizlətməyib. "Biz Rusiya Federasiyasının qanunlarına uyğun yaşayırıq və onlara əməl edirik, etməyə davam edəcəyik", deyə Rusiya Şahmat Federasiyasının icraçı direktoru Oleksandr Tkaçov bildirib və CAS qərarının Rusiya qanunvericiliyinə zidd olduğunu vurğulayıb.

Poliqon.info

Chosen
16
poliqon.info

1Sources