Aprelin 3-də Azərbaycan Kubokunda 1/2 final mərhələsində "Zirə” ilə qarşılaşan “Turan Tovuz” komandasının 0:2 məğlub olmasından sonra “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevin baş hakim Əliyar Ağayev barədə sərt açıqlamaları gündəm olub.
Pravda.az xəbər verir ki, E.Quliyev hakimin qərarlarından narazı qaldığını bildirib və onun Tovuz təmsilçisinə qarşı qərəzli davrandığını deyib.
"Suyu oturub içirlər ki, haramdır. Bəs bu qədər oyunçunun haqqını yemək, hüququna toxunmaq halaldır? Evlərinə çörəyi necə aparırlar, gözdən keçirsinlər… Hərə evinə apardığı çörəyi halallıqla aparmalıdır. Bütün haqqımız haram olsun. Xüsusən, Əliyarın "Turan Tovuz"un oyunlarına təyinatında biz belə halları gözləyirdik. Birinci oyun, çempionatdakı oyundan sonra da "İnsanıq, səhv etmişəm" mesajı bizə göndərildi. Haramı olsun! Uşaqların alın təri xüsusən Əliyarın haramı olsun. Rəqib komandanın qələbəsinə kölgə salmaq istəmirəm, amma futbolda bu şeylər dəyişilməli, bəzi şeyləri dilə gətirməliyik. Biz dilə gətirmədikcə, səssiz qaldıqca "Əliyargillər" belə oyunlar idarə edəcək, futbolumuzu bu günə qoyacaq. Yatırım etməyin də, əziyyət çəkməyin də anlamı yoxdur, oyunçu transfer etməyin də… "Əliyargillər"dən Azərbaycan futbolunun canı qurtarmalıdır! Bu oyundakı epizodları hamınız gördünüz. Futbol ictimaiyyətinin görməsini istəyirəm. "Tovuz Turan" azarkeşlərinin səssiz qalmamasını istəyirəm. Artıq olmaz!" - o bildirib.
Xatırlatma: Ehtiram Quliyev həm də Huner Group-un rəhbəridir.
Aytəkin Qardaşova