Türkiyənin hərbi eksperti Abdullah Ağar Qətər–London mərkəzli Al-Araby Al-Jadeed nəşrinə verdiyi müsahibədə Türkiyədə NATO strukturlarının gücləndirilməsi, Hörmüz böhranı və ABŞ prezidenti Donald Trampın NATO ilə bağlı ritorikası ətrafında diqqətçəkən fikirlər səsləndirib.
Musavat.com-un məlumatına görə ekspert bildirib ki, Türkiyədə baş verən prosesləri mövcud regional münaqişələrlə birbaşa əlaqələndirmək düzgün yanaşma deyil. Onun sözlərinə görə, bu addımlar NATO-nun daha geniş strateji planlarının tərkib hissəsidir və alyans yeni təhlükələrə, dəyişən geosiyasi reallıqlara uyğun olaraq qüvvə yerləşdirmə və strukturlaşma siyasətini yenidən qurur.
Ağar vurğulayıb ki, bu qərarlar ani şəkildə qəbul olunmayıb, əksinə, uzunmüddətli planlaşdırmanın nəticəsidir. Bununla yanaşı, Ukrayna müharibəsi NATO-nun yeni qərarlarına ciddi təsir göstərib, lakin Türkiyədə NATO korpusunun yaradılmasını birbaşa Yaxın Şərqdəki hazırkı müharibələrlə bağlamaq doğru deyil.
Ekspert xüsusi olaraq Hörmüz boğazı ilə bağlı yaranmış gərginliyə diqqət çəkərək qeyd edib ki, Trampın alyansı bu istiqamətdə hərbi müdaxiləyə çağırmasına baxmayaraq, NATO-dan konkret reaksiya gəlməyib. Onun fikrincə, Türkiyə də alyans üzvü kimi belə bir çağırışa qoşulmağa meylli deyil.
Ağarın sözlərinə görə, Türkiyənin NATO-nun cənub-şərq qanadı kimi rolu getdikcə daha da güclənir və bu proses təkcə Yaxın Şərqlə məhdudlaşmır. O bildirib ki, Çin faktorunun da daxil olduğu geniş Avrasiya məkanında təhlükəsizlik, enerji marşrutları, təchizat zəncirləri və ticarət yollarının qorunması məsələləri prioritetə çevrilir. Bu kontekstdə Türkiyənin mövqeyi daha da strateji xarakter alır.
Ekspert hesab edir ki, son hadisələr, xüsusilə də Hörmüz boğazı ətrafında baş verənlər Türkiyənin artıq qlobal enerji və təhlükəsizlik balansında mühüm aktora çevrildiyini açıq şəkildə göstərir.
Ağar həmçinin NATO daxilində müşahidə olunan fikir ayrılıqlarına da toxunaraq bildirib ki, buna baxmayaraq, Türkiyədə NATO korpusunun yaradılması alyansın strateji davamlılığının göstəricisidir. Onun fikrincə, Trampın NATO-dan çıxmaqla bağlı açıqlamaları daha çox siyasi təzyiq aləti və taktiki manevr xarakteri daşıyır.
Ekspert qeyd edib ki, Avropa İttifaqına daxil olan NATO üzvlərinin ABŞ-dan asılılığı məlum faktdır, lakin eyni zamanda ABŞ da Avropadan ciddi şəkildə asılıdır. Bu qarşılıqlı asılılıq alyans daxilində əsas tarazlıq mexanizmini formalaşdırır.
Nəticə etibarilə, Ağarın qənaətinə görə, NATO-dan çıxış prosesi nə hüquqi, nə də siyasi baxımdan asan deyil və mövcud reallıq alyansın fəaliyyətini davam etdirəcəyini göstərir.
Musavat.com