Əməkhaqqının verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.
Musavat.com xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olacaq. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.
Qeyd edilib ki, Əmək Məcəlləsində dəyişiklik edilərək işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir və əməkhaqqı sistemində cinsə görə ayrı-seçkiliyin qarşısının alınması gücləndirilir.
Belə ki, Məcəllədə işəgötürənin vəzifələrini nəzərdə tutan 12-ci maddənin “g” bəndi təkmilləşdirilir və cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqının verilməsini təmin etmək öhdəlik olaraq müəyyən edilir.