EN

Təhsil ocaqlarında davamiyyət zəifləyib

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərə intensiv və güclü yağış, dağlıq ərazilərə isə qar yağır.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, qar örtüyünün hündürlüyü Şahdağda 1 metr 24 sm, Qrızda 34 sm, Xınalıqda 22 sm, Qusarda 3 sm təşkil edir. 

Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb ki, bu da aylıq normanın 390%-ni təşkil edir. 

Bakıda davam edən yağıntılı hava şəraiti bir sıra problemlərə yol açıb. Belə ki, ötən gün Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində evləri su basıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov hadisə yerində olublar. 

Onlar hadisə ilə yerində maraqlanıb, əraziyə baxış keçiriblər. Eldar Əzizov qəsəbə sakinləri ilə görüşüb, onların problemlərini birbaşa dinləyib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Kommunal xidmətin əməkdaşları su basmış evlərdən vətəndaşların təxliyəsində iştirak edib, zəruri təhlükəsizlik tədbirləri görüblər.

Bu gün davam edən yağıntılı hava şəraiti ilə bağlı yollarda Bakıda nəqliyyatın hərəkətində problemlər yaranıb.

Hətta Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi  sürücülərə müraciət edərək Bakıda davam edən yağıntılı hava şəraitinin bir sıra yollarda nəqliyyatın hərəkətini çətinləşdirdiyini, bununla bağlı sürət həddinə əməl edilməsi, düzgün ara məsafəsi saxlaması və piyadalara qarşı diqqətli olmaları tövsiyə edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirilib ki, paytaxtın bəzi küçə və prospektlərində yaranmış çətinliklərlə bağlı avtobusların hərəkətində müəyyən ləngimələr yarana bilər:

"Hərəkət iştirakçılarına ehtiyatlı olmalarını və ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik".

Mövcud hava şəraiti ilə bağlı bu gün səhər saatlarından paytaxtda marsrut avtobusların sayı kəskin azalıb. Vətəndaşlar marşrutları uzun müddət gözləmək məcburiyyətində qalıblar. Eləcə də bir sıra ərazilərdə yollar su altında qalıb. 

Hazırkı hava şəraiti ilə bağlı paytaxtda yaranmış çətin vəziyyət təhsil ocaqlarında davamiyyətə də öz təsirini göstərib. Belə ki, mövcud vəziyyətlə bağlı şagird və tələbələr məktəb və universitetlərə getməkdə çətinliklərlə üzləşiblər. Nəticədə davamiyyət zəifləyib.

Qeyd edək ki, Azərbaycanda hazırda qeyri-sabit hava şəraiti aprelin 7-dək davam edəcək. Qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək, Azərbaycanın rayonlarında isə 7-si axşamadək davam edəcəyi gözlənilir.

Nigar Abdullayeva

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
1
cebheinfo.az

2Sources