EN

Paxtaxt Qarabağa köçürülür? – “Bəzi dövlət qurumlarının mərhələli şəkildə köçürülməsi mümkündür”

“Paytaxtın köçürülməsi ilə bağlı son günlər səsləndirilən təkliflərə münasibət bildirərək qeyd etmək istəyirəm ki, bu yanaşmanı düzgün hesab etmirəm. Xüsusilə, paytaxtın Qarabağa köçürülməsi ideyası həm təhlükəsizlik baxımından, həm də uzunmüddətli strateji sabitlik nöqteyi-nəzərindən məqsədəuyğun deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Razi

Deputat bildirib ki, paytaxt sadəcə inzibati mərkəz deyil, ölkənin siyasi, iqtisadi və logistika baxımından əsas dayağıdır: “Belə bir qərar isə emosional müzakirələrlə deyil, ciddi hesablamalar və uzunmüddətli planlaşdırma əsasında qəbul olunmalıdır. Digər mühüm məsələ maliyyə yüküdür. Paytaxtın köçürülməsi çox böyük həcmdə vəsait tələb edir. Mövcud şəraitdə - vətəndaşların sosial-iqtisadi çətinliklərinin hələ də aktual olduğu bir dövrdə bu cür resursların belə bir istiqamətə yönəldilməsi doğru hesab edilə bilməz. Bununla yanaşı, Bakı şəhərinin həddindən artıq yükləndiyi də faktdır və bu istiqamətdə addımlar atılmalıdır. Lakin çıxış yolu paytaxtın köçürülməsi deyil, düzgün və mərhələli desentralizasiya siyasətinin həyata keçirilməsidir. Hesab edirəm ki, bəzi dövlət qurumlarının Bakıya yaxın ərazilərə mərhələli şəkildə köçürülməsi mümkündür. Eyni zamanda ali təhsil müəssisələrinin müəyyən hissələrinin regionlara daşınması da həm paytaxtın yükünü azaldar, həm də bölgələrin inkişafına töhfə verər. Paralel olaraq, regionlarda yeni iqtisadi və inzibati mərkəzlərin yaradılması, nəqliyyat və infrastrukturun gücləndirilməsi vacibdir. İnsanların yalnız Bakıda cəmləşməsinin qarşısını almaq üçün alternativ imkanlar formalaşdırılmalıdır. Nəticə etibarilə, məsələ paytaxtın köçürülməsi deyil, ölkə üzrə balanslı inkişafın təmin olunmasıdır. Bakı boşaldılmalı deyil, düzgün idarə olunmalı və yükü ağıllı şəkildə bölüşdürülməlidir”.

 

Aytəkin Qardaşova

Tarix: 6 Aprel 2026, 12:20   
Chosen
44
3
pravda.az

4Sources