EN

Əliməmməd Nuriyev: QHT-lərin milli fəaliyyət planlarında iştirakı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməlidir

Müxtəlif sahələr üzrə qəbul olunan milli fəaliyyət planlarının hazırlanması və icrası prosesində vətəndaş cəmiyyəti institutlarının, o cümlədən QHT-lərin iştirakı mühüm məsələlərdən biri kimi qiymətləndirilir. Mövzu həm ictimai iştirakçılıq, həm də qərarların effektivliyi baxımından diqqət mərkəzindədir.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri və Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) milli fəaliyyət planları və dövlət proqramlarının hazırlanması və icrasında iştirakı ilə bağlı mövcud vəziyyəti QHT.az-a açıqlamasında şərh edib.

Əliməmməd Nuriyev bildirib ki, Azərbaycanda müxtəlif sahələr üzrə qəbul edilən milli fəaliyyət planlarında QHT-lərin iştirakı prinsipi qanunvericilikdə öz əksini tapıb. Onun sözlərinə görə, mövcud hüquqi mexanizmlər QHT-lərin həm layihələrin hazırlanması, həm də icra mərhələsində proseslərə qoşulmasına müəyyən imkanlar yaradır.

Müsahibimiz vurğulayıb ki, “əsas məsələ QHT-lərin prosesdə iştirak edib-etməməsi deyil, bu iştirakın qərarlara nə dərəcədə təsir göstərməsidir”. O qeyd edib ki, “QHT-lər yalnız icraçı və tərəfdaş kimi deyil, həm də siyasətin formalaşdırılmasında subyekt kimi çıxış etməlidirlər”.

Ə.Nuriyevin sözlərinə görə, “İctimai iştirakçılıq haqqında” qanun, müxtəlif milli strategiyalar, ictimai şuralar, eləcə də müvəqqəti və daimi işçi qrupların yaradılması mexanizmləri vətəndaş cəmiyyətinin dövlət siyasətinin formalaşdırılmasında iştirakını tanıyır. Bu sənədlərdə QHT-lərin ictimai müzakirələrdə, monitorinq və qiymətləndirmə mərhələlərində iştirakı da nəzərdə tutulur.

Bununla belə, o bildirib ki, praktik təcrübədə bu iştirak hər zaman eyni səviyyədə və keyfiyyətdə müşahidə olunmur. Əliməmməd Nuriyevin fikrincə, əksər hallarda QHT-lər daha çox məsləhətçi və ya ayrı-ayrı layihələrin icraçısı kimi prosesə cəlb olunur, lakin qərarların formalaşdırılmasına real təsir imkanları məhdud qalır.

Müsahibimiz əlavə edib ki, hazırkı modeldə QHT-lərin rolu əsasən təlim, maarifləndirmə və layihələrin icrası ilə məhdudlaşır. Onun sözlərinə görə, iştirak mövcud olsa da, bu daha çox formal konsultasiya xarakteri daşıyır və strateji tərəfdaşlıq səviyyəsinə tam yüksəlməyib.

Ə.Nuriyev qeyd edib ki, bəzi sahələrdə, xüsusilə korrupsiyaya qarşı mübarizə ilə bağlı milli fəaliyyət planlarının hazırlanması və icrası zamanı QHT-lərin iştirakı müşahidə olunur. O bildirib ki, hazırda bu istiqamətdə yeni strateji sənədlərin hazırlanması prosesində də vətəndaş cəmiyyəti institutlarının cəlb olunması davam edir.

Əliməmməd Nuriyev hesab edir ki, növbəti mərhələdə daha sistemli iştirak modelinə keçid vacibdir. Onun sözlərinə görə, bunun üçün dövlət proqramlarında QHT-lər üçün kvota mexanizmi tətbiq edilə, həmçinin milli fəaliyyət planları birgə işçi qrupları formatında hazırlanmalıdır.

Müsahibimiz vurğulayıb ki, hər bir milli fəaliyyət planında ayrıca “QHT-lərin iştirakı və töhfəsi” bölməsinin yaradılması daha real və nəticəyönümlü iştirakçılığı təmin edə bilər.

Sonda Ə.Nuriyev bildirib ki, son institusional dəyişikliklər, xüsusilə dövlət–QHT əlaqələrinin koordinasiyası istiqamətində atılan addımlar fraqmentar iştirakdan daha sistemli və davamlı əməkdaşlıq modelinə keçid üçün yeni imkanlar yaradır. Onun fikrincə, əsas məqsəd QHT-lərin yalnız tərəfdaş deyil, həm də siyasət subyekti kimi qəbul edilməsidir.

Fatimə Nəbiyeva

Chosen
59
2
qht.az

3Sources