EN

Suda boğulan şəhər, gülərək sağ qalan insanlar: Azərbaycanda sosial psixologiyanın yeni üzü

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son günlər Bakıda və ətraf ərazilərdə yağan intensiv yağışlar bir daha şəhər infrastrukturunun zəif nöqtələrini üzə çıxardı. Paytaxtın müxtəlif hissələri, xüsusilə də Xırdalan, Binəqədi, Yasamalın bəzi əraziləri, eləcə də aşağı səviyyəli yollar və tunellər su altında qalaraq nəqliyyatı iflic vəziyyətinə saldı. Sosial şəbəkələrdə yayılan görüntülər – yarıya qədər suya batmış avtomobillər, dizə qədər suda hərəkət edən piyadalar – artıq bir növ tanış mənzərə təsiri bağışlayır.

Amma bu hadisələrdə diqqəti cəlb edən yalnız fiziki dağıntı və ya logistika problemi deyil. Ən az onun qədər maraqlı olan, insanların bu vəziyyətə verdiyi reaksiyadır. Gözlənildiyi kimi narazılıq və tənqid var, lakin bununla yanaşı, geniş yayılmış bir başqa reaksiya da var: ironiya, zarafat və kollektiv “məzələnmə”.

Sosial şəbəkələrdə süni zəka ilə hazırlanmış videolarda Bakının küçələrində qayıqla “1 manatlıq marşrut” təklif olunur, insanlar öz yaşadıqları çətinliyi sanki kənardan izləyirmiş kimi yumora çevirirlər. Bu isə artıq sadəcə zarafat deyil, müəyyən bir psixoloji davranış modelinin göstəricisidir.

Bu nöqtədə belə bir sual qaçılmaz olur: bu reaksiyanın arxasında nə dayanır?

Gülüşün arxasında gizlənən müdafiə mexanizmi

Bu suala cavab axtararkən ilk dayanacağımız yer insan psixikasının özünü qoruma mexanizmləridir. İnsan beyni uzunmüddətli stress və nəzarətsizlik hissi ilə üzləşdikdə, bu vəziyyəti olduğu kimi qəbul etməkdə çətinlik çəkir. Belə hallarda psixika gərginliyi azaltmaq üçün müxtəlif yollar işə salır və bu yolların əksəriyyəti şüurlu deyil. İnsan sadəcə daha az yorulmaq və daha az təsirlənmək üçün alternativ reaksiyalar inkişaf etdirir. Bu reaksiyalar bəzən kənardan qəribə və ya uyğunsuz görünə bilər, amma onların əsas funksiyası daxili tarazlığı qorumaqdır. Yəni burada əsas məqsəd problemi həll etmək deyil, onun psixoloji təsirini idarə etməkdir.

Psixologiyada belə hallarda istifadə olunan ən tanınmış üsullardan biri yumordur. Xüsusilə də “gallows humor” adlanan, yəni çıxılmaz vəziyyətlərdə edilən qara yumor bu kontekstdə xüsusi yer tutur. Bu tip yumor insanın reallığı dəyişə bilmədiyi halda, ona münasibətini dəyişməyə çalışmasının bir formasıdır. İnsan vəziyyət üzərində nəzarəti itirdiyini hiss etdikdə, ən azından ona necə reaksiya verəcəyini seçərək özünü daha güclü hiss edir. Gülüş burada sadəcə əyləncə deyil, psixoloji müdafiə vasitəsinə çevrilir. Bu da insana qısa müddətli də olsa emosional rahatlıq verir və gərginliyi bir qədər yumşaldır.

Bakıda baş verən son hadisələrə verilən reaksiyalar da məhz bu çərçivədə izah oluna bilər. İnsanlar problemi birbaşa dəyişə bilmədikdə, onu zarafat obyektinə çevirərək müəyyən bir “nəzarət hissi” yaradırlar. Bu davranışın arxasında çox vaxt səssiz bir daxili məntiq dayanır: əgər mən buna gülə bilirəmsə, deməli tam aciz deyiləm. Beləliklə, reallıq dəyişməsə də, ona münasibət dəyişir və bu, psixoloji yükü azaldır. Sosial mediada yayılan zarafatlar və memlər (internetdə sürətlə yayılan, şəkil, video və ya qısa mətn formasında olan və adətən yumor və ya ironik mesaj daşıyan paylaşımlar) də bu kollektiv reaksiyanın bir hissəsinə çevrilir. İnsanlar tək-tək yox, birlikdə eyni emosiyanı paylaşaraq bu vəziyyəti daha yüngül qəbul etməyə çalışırlar.

Lakin burada diqqətdən qaçmayan incə bir məqam var. Bu mexanizm qısamüddətli rahatlıq versə də, davamlı istifadə olunduqda fərqli bir psixoloji mərhələyə keçid baş verir. İnsan əvvəlcə gülərək yüngülləşir, amma zamanla bu davranış normaya çevrilə bilər. Bu isə artıq sadəcə müdafiə mexanizmi olmaqdan çıxıb, daha passiv bir uyğunlaşma formasına çevrilir. Belə olduqda problemə qarşı həssaslıq tədricən azalır və reaksiya zəifləyir. Nəticədə insan reallıqla mübarizə aparmaq əvəzinə, onunla yaşamağa alışır.

Öyrənilmiş acizlik: Problemi görür, amma reaksiya vermir

Yumorla başlayan bu adaptasiya zamanla daha passiv bir psixoloji vəziyyətə çevrilə bilər. Bu nöqtədə artıq söhbət sadəcə müdafiə mexanizmindən deyil, daha dərin bir fenomen – öyrənilmiş acizlikdən gedir. Bu anlayış insanın təkrar-təkrar dəyişdirə bilmədiyi vəziyyətlərlə qarşılaşdıqdan sonra tədricən aktiv reaksiya verməkdən uzaqlaşmasını ifadə edir. Yəni insan bir müddət mübarizə aparır, izah axtarır, dəyişiklik gözləyir, lakin nəticə əldə edə bilmədikdə davranışını dəyişir. Bu dəyişiklik çox vaxt şüurlu qərar kimi deyil, psixoloji yorğunluğun nəticəsi kimi ortaya çıxır. Beləliklə, insan problemi həll etməyə çalışmaq əvəzinə, onunla yaşamağa başlayır.

Öyrənilmiş acizlikdə əsas məqam ondan ibarətdir ki, insan problemə reaksiya verməməyi sanki “öyrənir”. Bu, birdən-birə baş verən bir hal deyil, zamanla formalaşan bir psixoloji uyğunlaşmadır. Bakıda hər güclü yağışdan sonra oxşar problemlərin yaşanması və bu problemlərin sistemli şəkildə həll olunmaması belə bir düşüncəni gücləndirir: “Onsuz da heç nə dəyişməyəcək.” Bu fikir əvvəlcə fərdi səviyyədə yaranır, lakin zaman keçdikcə kollektiv düşüncəyə çevrilir. İnsanlar artıq təkcə öz təcrübələrinə deyil, başqalarının yaşadıqlarına da baxaraq eyni nəticəyə gəlirlər. Bu isə ümumi sosial davranışın istiqamətini dəyişməyə başlayır.

Belə olduqda tənqidin forması da dəyişir. Açıq narazılıq və konkret tələb getdikcə azalır, onun yerini daha təhlükəsiz və dolayı ifadə üsulları tutur. İroniya və yumor burada əsas vasitəyə çevrilir, çünki onlar həm emosiyanı ifadə edir, həm də birbaşa qarşıdurmadan uzaq saxlayır. Etiraz artıq şüar formasında deyil, mem (internetdə sürətlə yayılan, şəkil, video və ya qısa mətn formasında olan, adətən yumor və ya ironik məna daşıyan paylaşımlar) şəklində ortaya çıxır. Problem isə ciddi müzakirə mövzusu olmaqdan çıxaraq paylaşım materialına çevrilir. Bu, bir tərəfdən ifadə imkanı yaradır, digər tərəfdən isə tənqidin təsir gücünü zəiflədir.

Lakin bu proses yalnız passivliklə məhdudlaşmır. Bunun paralelində cəmiyyətdə başqa bir sosial-psixoloji gərginlik də formalaşır. İnsanlar problemi görür, anlayır, amma ona uyğun reaksiya verə bilmədikdə daxili narahatlıq artır. Bu narahatlıq isə ya yumorla örtülür, ya da səssiz şəkildə yığılır. Nəticədə cəmiyyət zahirdə sakit və uyğunlaşmış kimi görünsə də, daxilində yığılmış gərginlik daşıyır. Bu isə uzunmüddətli perspektivdə daha dərin sosial reaksiyalara zəmin yarada bilər.

Kassandra effekti: Deyilən, amma eşidilməyən həqiqətlər

Cəmiyyətin bir hissəsi isə bu vəziyyəti tamam fərqli şəkildə yaşayır. Onlar problemləri əvvəlcədən görür, mümkün riskləri qiymətləndirir və xəbərdarlıq etməyə çalışırlar. Lakin bu səslər çox vaxt ya kifayət qədər eşidilmir, ya da ciddiyə alınmır. Bu hal psixologiyada və sosial nəzəriyyədə “Kassandra effekti” kimi tanınır. Yəni insan doğru və əsaslı fikirlər səsləndirsə də, bu fikirlər real qərar və davranışlara təsir etmir. Nəticədə xəbərdarlıq edənlərlə cəmiyyətin qalan hissəsi arasında görünməz bir məsafə yaranır.

Bu effektin mahiyyəti sadə, nəticələri isə kifayət qədər ağırdır. İnsan doğru şeyi deyir, amma onu eşidən və ya ona reaksiya verən olmur. Bu zaman iki paralel proses baş verir: bir tərəfdən problem inkişaf edir və nəticədə reallığa çevrilir, digər tərəfdən isə xəbərdarlıq edən şəxslərdə daxili gərginlik artır. Onlar yalnız hadisənin baş verməsinə yox, həm də əvvəlcədən səsləndirdikləri fikirlərin nəzərə alınmamasına reaksiya verirlər. Bu isə zamanla frustrasiya(məqsəd yönlü davranışın maneələrlə qarşılaşması nəticəsində yaranan psixoloji gərginlik vəziyyətidir.), məyusluq və özünü təcrid olunmuş hiss etmə ilə nəticələnir. Beləliklə, problem təkcə fiziki və ya texniki səviyyədə deyil, psixoloji müstəvidə də dərinləşir.

Azərbaycanda da şəhərsalma, drenaj sistemi və urbanizasiya ilə bağlı məsələlər uzun illərdir müzakirə olunur. Müxtəlif mütəxəssislər və müşahidəçilər bu sahədəki riskləri və potensial problemləri dəfələrlə gündəmə gətiriblər. Lakin bu fikirlər ya geniş auditoriyaya çatmayıb, ya da lazımi diqqəti görməyib. Problem baş verdikdə isə artıq xəbərdarlıq mərhələsi geridə qalır və müzakirə nəticə üzərində qurulur. Bu isə preventiv yanaşmanın zəifliyini bir daha ortaya qoyur. Nəticədə cəmiyyət hadisəni yaşayır, amma onun qarşısını alma imkanını əvvəlcədən istifadə etmir.

Bu vəziyyət həmin insanlarda təkcə “mən demişdim” hissi yaratmır. Eyni zamanda sosial təcrid, anlaşılmamaq və sistemə inamsızlıq kimi daha dərin psixoloji nəticələr doğurur. İnsan öz fikrinin təsirsiz olduğunu gördükcə, ya daha sərt tənqidə keçir, ya da tamamilə susmağa üstünlük verir. Bu isə ictimai müzakirə mühitini zəiflədir və keyfiyyətli fikir mübadiləsinin qarşısını alır. Beləliklə, məsələ artıq fərdi səviyyədən çıxaraq bütöv cəmiyyətin psixoloji vəziyyətinə təsir göstərməyə başlayır. Bu nöqtədə isə problem yalnız infrastruktur deyil, həm də kommunikasiya və etimad məsələsinə çevrilir.

Kollektiv travma və normalın dəyişməsi

Problemlər təkrarlanmağa başladıqca, insan psixikası onları “istisna” kimi deyil, tədricən “norma” kimi qəbul etməyə meyllənir. Bu, kollektiv travmanın ən təhlükəli tərəflərindən biridir, çünki dəyişməyən reallıq qarşısında psixika özünü qorumaq üçün uyğunlaşma yolunu seçir. İnsan davamlı gərginlik vəziyyətində qala bilmədiyi üçün zamanla bu vəziyyəti adi həyatın bir hissəsi kimi qəbul etməyə başlayır. Beləliklə, problem aradan qalxmasa da, ona qarşı emosional reaksiya zəifləyir. Bu zəifləmə isə tədricən ümumi sosial davranışın bir hissəsinə çevrilir.

Əgər bir şəhərdə hər güclü yağışdan sonra eyni mənzərə yaranırsa, bu hadisələr bir müddətdən sonra fövqəladə hal kimi yox, adi hal kimi qavranmağa başlayır. İnsanlar əvvəlki kimi təəccüblənmir, daha az narazılıq bildirir və vəziyyəti sanki gözlənilən bir hadisə kimi qəbul edir. Bu isə reaksiya həddinin aşağı düşməsi ilə nəticələnir. Başqa sözlə, problem olduğu kimi qalır, amma ona verilən cavab dəyişir. Zaman keçdikcə bu fərq daha da dərinləşir və cəmiyyətin ümumi həssaslığı azalır. Bu isə problemlərin həlli üçün yaranmalı olan ictimai təzyiqi zəiflədir.

Bu mərhələdə cəmiyyət sanki iki paralel reallıqda yaşamağa başlayır. Bir tərəfdə real problemlər bütün ağırlığı ilə davam edir və gündəlik həyatın keyfiyyətinə təsir göstərir. Digər tərəfdə isə bu problemlər artıq normallaşdırılır və gündəlik həyatın ayrılmaz hissəsi kimi qəbul olunur. Bu iki reallıq bir-birini inkar etmir, əksinə paralel şəkildə mövcud olur. İnsanlar həm problemin fərqindədir, həm də onunla yaşamağa alışır. Bu ziddiyyətli vəziyyət isə sosial davranışın daha mürəkkəb formalar almasına səbəb olur.

Bu iki reallıq arasında körpü rolunu isə çox vaxt sosial media oynayır. Sosial platformalar həm real problemləri görünən edir, həm də onların üzərində qurulan yumor və ironiya vasitəsilə bu problemlərin qavrayışını dəyişir. İnsanlar burada həm narazılıqlarını ifadə edir, həm də onları yüngülləşdirməyə çalışır. Nəticədə sosial media həm məlumat mənbəyi, həm də kollektiv emosiyanın formalaşdığı bir məkana çevrilir. Bu isə problemin həm görünməsinə, həm də müəyyən mənada “yumşaldılmasına” eyni anda xidmət edir.

Sosial media və ironiyanın sürətlə yayılması

Müasir dövrdə sosial media artıq yalnız məlumat ötürən vasitə deyil, eyni zamanda emosiyaların kollektiv şəkildə formalaşdığı və yayıldığı əsas platformaya çevrilib. Bir nəfərin etdiyi zarafat və ya paylaşdığı fikir qısa müddətdə minlərlə insan tərəfindən paylaşılaraq ümumi reaksiyaya çevrilə bilir. Bu proses təkcə informasiyanın yayılması deyil, həm də emosiyanın kollektivləşməsi deməkdir. İnsanlar burada tək-tək deyil, birlikdə hiss edir, birlikdə reaksiya verir. Bu isə sosial davranışın dinamikasını köklü şəkildə dəyişir. Artıq reaksiya fərdi deyil, sürətlə kollektiv forma alır.

Bakıda baş verən son hadisələrdə də bu dinamikanı aydın şəkildə müşahidə etmək mümkündür. Süni zəka ilə hazırlanmış videolar, “Venesiya Bakı” kimi ifadələr, qayıq marşrutları ilə bağlı zarafatlar qısa müddətdə geniş yayılır. Bu paylaşımlar ilk baxışda sadəcə əyləncə kimi görünə bilər, lakin onların arxasında daha dərin sosial məna dayanır. Bu, kollektiv emosiyanın vizual və paylaşıla bilən formaya çevrilməsidir. İnsanlar yaşadıqları reallığı bu cür ifadə edərək həm onu göstərir, həm də müəyyən mənada yüngülləşdirir. Beləliklə, sosial media həm reallığın güzgüsünə, həm də onun interpretasiya alətinə çevrilir.

Bu tip ifadələr klassik tənqiddən fərqlənir və məhz bu fərq onların təsir mexanizmini müəyyən edir. Onlar birbaşa ittiham etmir, açıq qarşıdurma yaratmır, lakin vəziyyətin absurd tərəflərini ön plana çıxarır. Bu isə mesajın daha geniş auditoriyaya çatmasına imkan verir və paylaşılma sürətini artırır. Eyni zamanda, bu dolayı ifadə forması məsuliyyəti də müəyyən qədər qeyri-müəyyən saxlayır. İnsan həm tənqid edir, həm də bunu açıq şəkildə etmədiyi üçün müəyyən məsafəni qoruyur. Bu balans isə sosial mediada formalaşan yeni kommunikasiya üslubunun əsas xüsusiyyətlərindən biridir.

Beləliklə, ortaya maraqlı və bir qədər də ziddiyyətli bir mənzərə çıxır. Cəmiyyət eyni anda həm danışır, həm də susur, həm tənqid edir, həm də məsafə saxlayır. Bu, nə tam açıq etirazdır, nə də tam laqeydlik, daha çox ikisinin arasında yerləşən bir ifadə formasıdır. İnsanlar həm fikirlərini bildirir, həm də bunun sərhədlərini intuitiv şəkildə müəyyənləşdirir. Bu vəziyyət isə sosial reaksiyanın formasını dəyişərək onu daha dolayı, daha simvolik və bəzən də daha təsirli hala gətirir.

Bu xəstəlikdirmi?

Bütün bu müşahidələrdən sonra əsas suala qayıdaq: bu davranış bir xəstəlikdirmi? Daha dəqiq ifadə etsək, bunu xəstəlik kimi qiymətləndirmək doğru olmaz. Burada söhbət klinik bir pozuntudan yox, insanların uzun müddət dəyişməyən problemlərlə qarşılaşdıqda formalaşdırdığı psixoloji reaksiyalardan gedir. İnsan reallığı dəyişə bilmədikdə, çox vaxt ona münasibətini dəyişir; bu dəyişiklik ya yumor formasında ortaya çıxır, ya da emosional reaksiyanın zəifləməsi ilə özünü göstərir. Bu baxımdan məsələ fərdi zəiflik deyil, psixikanın özünü qoruma instinktidir. Yəni insan problemi aradan qaldıra bilmədikdə, onun təsirini azaltmağa çalışır.

Bu proses adətən birdən-birə baş vermir, zamanla formalaşır və dərinləşir. Əvvəl insan narazılıq edir, səbəbləri anlamağa çalışır, dəyişiklik gözləyir. Lakin eyni problemlərin təkrarlandığını gördükcə, bu gözləntilər tədricən azalır və yerini daha passiv reaksiyalar tutur. Bir nöqtədən sonra artıq məsələni ciddi qəbul etmək əvəzinə, onu yüngülləşdirmək ehtiyacı yaranır. Bu mərhələdə yumor və ironiya ön plana çıxır, çünki onlar psixoloji yükü azaltmağın ən asan yollarından biridir. Kənardan baxanda bu davranış laqeydlik kimi görünə bilər, amma əslində bu, insanın özünü emosional tükənmədən qoruma cəhdidir.

Lakin məsələ fərdi səviyyədə qalmır, zaman keçdikcə kollektiv xarakter alır. İnsanlar tək-tək deyil, birlikdə daha az reaksiya verməyə başlayır və bu, cəmiyyətin ümumi davranış modelinə çevrilir. Problemlər əvvəlki kimi qalır, amma onlara verilən emosional və sosial cavab dəyişir. Ən həssas məqam da məhz burada üzə çıxır, çünki tənqid tədricən öz çəkisini itirməyə başlayır. Bir vaxtlar ciddi narazılıq doğuran məsələlər getdikcə zarafat mövzusuna çevrilir, dərin müzakirələr isə arxa plana keçir. Nəticədə problem həll olunmur, sadəcə onun cəmiyyətdəki qavrayışı dəyişir.

Yekun olaraq demək olar ki, burada söhbət xəstəlikdən yox, uyğunlaşmadan gedir. Amma bu uyğunlaşmanın istiqaməti son dərəcə vacibdir. Əgər bu proses insanları psixoloji olaraq qoruyursa, qısamüddətli baxımdan faydalı görünə bilər. Lakin uzunmüddətli perspektivdə bu, problemlərlə barışmağa və onları normallaşdırmağa gətirib çıxara bilər. Ən təhlükəli tərəf isə odur ki, cəmiyyət zamanla nəyə alışdığını, nəyə uyğunlaşdığını hiss etmədən dəyişə bilir. Və bəzən bu dəyişiklik, problemin özündən daha dərin nəticələr doğurur.

Nəticə: Gülmək bizi xilas edirmi, yoxsa uyuşdurur?

Bakının su basan küçələrində gülən insanlar əslində paradoksal bir vəziyyətin içindədir. Onlar bir tərəfdən baş verənlərin fərqindədir, problemin ciddiliyini görür, digər tərəfdən isə bu reallıqla yaşamağın yollarını axtarırlar. Bu iki hal eyni anda mövcud olur və insan davranışında ziddiyyətli, amma başa düşülən bir forma alır. Gülüş burada sadəcə emosional reaksiya deyil, həm də vəziyyəti müəyyən qədər “idarə etməyin” bir üsuludur. İnsan nəzarət edə bilmədiyi reallıq qarşısında heç olmasa ona münasibətini formalaşdırmağa çalışır və bununla özünü psixoloji olaraq daha sabit hiss edir.

Bu baxımdan bu gülüşü tək tərəfli izah etmək mümkün deyil. O, həm müqavimətdir — insan problemi görür və onu ironiyaya çevirərək ifadə edir. Eyni zamanda uyğunlaşmadır — insan bu reallıqla yaşamağa alışır və onunla barışmağa başlayır. Bu davranış bir tərəfdən güc əlaməti kimi görünür, çünki insan sınmır və dağılmır. Digər tərəfdən isə yorğunluğun göstəricisidir, çünki artıq birbaşa reaksiya verməkdən uzaqlaşır. Beləliklə, aktivlik və passivlik eyni davranışın içində birləşir və bu, vəziyyəti daha mürəkkəb edir.

Əsas sual isə dəyişmir: bu gülüş problemi daha görünən edirmi, yoxsa onu tədricən görünməzləşdirir? Əgər bu yumor cəmiyyətdə müzakirə yaradırsa, insanları düşündürürsə və diqqəti problemin özünə yönəldirsə, bu, sağlam sosial refleks kimi qiymətləndirilə bilər. Amma əgər bu gülüş problemi adi, dəyişməz və qaçılmaz bir hal kimi qəbul etdirməyə başlayırsa, artıq burada başqa bir mərhələ başlayır. Bu mərhələdə yumor tənqidin yerini tutur, amma onun təsir gücünü daşımır. Nəticədə problem qalır, sadəcə ona baxış dəyişir.

Nəticədə məsələ yenə də eyni nöqtəyə qayıdır: gülüş bizi qoruyur, yoxsa bizi alışdırır? Bəlkə də biz həqiqətən gülərək sağ qalırıq, amma eyni zamanda fərqində olmadan gülərək öyrəşirik. Və ən təhlükəli məqam da məhz budur — insanın dəyişdiyini hiss etmədən dəyişməsi.

Elmar Elnuroğlu

 Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
icma.az

1Sources