EN

Birlik sədrləri QHT-lərin milli fəaliyyət planlarının hazırlanması və icrasındakı rolundan danışdılar

Sahib Məmmədli: “Milli proqramlarda vətəndaş cəmiyyəti fəal iştirak edir”

Dövlət proqramlarının hazırlanmasında vətəndaş cəmiyyəti qurumlarının iştirakı təmin olunur. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədli QHT.az-a açıqlamasında bildirib ki, ixtisaslaşmış qurumların rəyləri layihələrin formalaşmasında mühüm rol oynayır.

Bir çox dövlət proqramları, o cümlədən milli fəaliyyət proqramları çərçivəsində vətəndaş cəmiyyəti qurumları layihələrin hazırlanmasında aktiv iştirak edir. Məsələn, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” bu il, 2026-cı ilin sonunda başa çatır.Yeni layihələrin hazırlanmasında isə ixtisaslaşmış vətəndaş cəmiyyəti qurumlarının rəyləri nəzərə alınır.

S.Məmmədli qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan layihələrdə vətəndaş cəmiyyəti iştirakçılığı bir qayda olaraq təmin olunur. Lakin bəzi hallarda müəyyən dövlət proqramlarının yalnız bəzi hissələrinə vətəndaş cəmiyyətinə dəvət olunmayanlar da olur.

Bəzi dövlət proqramlarını, milli fəaliyyət planlarını ictimaiyyət yalnız dərc olunduqdan sonra görə (izləyə) bilir.

 

Mirvari Qəhrəmanlı: “QHT-lər artıq proseslərə əvvəlki kimi cəlb olunmur”

QHT-lərin milli fəaliyyət planlarının hazırlanması və icrasındakı rolu ilə bağlı müzakirələr davam edir.

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının (NHMT İB) rəhbəri Mirvari Qəhramanlı,QHT.az-a verdiyi açıqlamada "QHT-lərin Milli Fəaliyyət planlarının layihələrin  hazırlanmasında və  icrasındakı rolu"ilə əlaqədar verilən suala cavab olaraq bildirdi ki:

- "Əvvəllər QHT-lər aktiv şəkildə milli fəaliyyət planlarının hazırlanmasında və   icrasında fəal iştirak edirdi, O cümlədən bizim təşkilat da Xüsusilə korrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət planlarında müxtəlif QHT-lər və təşkilat qrupları geniş şəkildə təmsil olunurdu . Və bu proses haqqında kifayət qədər məlumatlı idim. lakin indi bu proseslər barədə məlumatlılıq ,azalıb.   Hazırda bu cür proseslərdə iştirak imkanları xeyli azalıb. Yəni  təşkilatimız tədbirlərə dəvət olunmur, ona görə də bu tip layihələr haqqında  ,yalnız layihələr reallaşdırıldığı zaman,yaxud da reallaşdırıldıqdan sonra məlumatım olur".
Qəhrəmanlı bildirib ki, keçirilən iclas və forumlardan əsasən sosial şəbəkələr və media vasitəsilə təsadüfi şəkildə xəbər tutur.
 Mirvari Qəhrəmanlı əlavə edib ki, rəhbərlik etdiyi təşkilatın 30 illik fəaliyyəti olsa da, hazırkı vəziyyət QHT-lərin iştirak imkanlarının məhdudlaşması ilə bağlı suallar yaradır.

 

Əliməmməd Nuriyev: QHT-lərin milli fəaliyyət planlarında iştirakı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməlidir

Müxtəlif sahələr üzrə qəbul olunan milli fəaliyyət planlarının hazırlanması və icrası prosesində vətəndaş cəmiyyəti institutlarının, o cümlədən QHT-lərin iştirakı mühüm məsələlərdən biri kimi qiymətləndirilir. Mövzu həm ictimai iştirakçılıq, həm də qərarların effektivliyi baxımından diqqət mərkəzindədir.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Azərbaycanda qeyri-hökumət təşkilatlarının milli fəaliyyət planları və dövlət proqramlarının hazırlanması və icrasında iştirakı ilə bağlı mövcud vəziyyəti QHT.az-a açıqlamasında şərh edib.

Əliməmməd Nuriyev bildirib ki, Azərbaycanda müxtəlif sahələr üzrə qəbul edilən milli fəaliyyət planlarında QHT-lərin iştirakı prinsipi qanunvericilikdə öz əksini tapıb. Onun sözlərinə görə, mövcud hüquqi mexanizmlər QHT-lərin həm layihələrin hazırlanması, həm də icra mərhələsində proseslərə qoşulmasına müəyyən imkanlar yaradır.

Müsahibimiz vurğulayıb ki, “əsas məsələ QHT-lərin prosesdə iştirak edib-etməməsi deyil, bu iştirakın qərarlara nə dərəcədə təsir göstərməsidir”. O qeyd edib ki, “QHT-lər yalnız icraçı və tərəfdaş kimi deyil, həm də siyasətin formalaşdırılmasında subyekt kimi çıxış etməlidirlər”.

Ə.Nuriyevin sözlərinə görə, “İctimai iştirakçılıq haqqında” qanun, müxtəlif milli strategiyalar, ictimai şuralar, eləcə də müvəqqəti və daimi işçi qrupların yaradılması mexanizmləri vətəndaş cəmiyyətinin dövlət siyasətinin formalaşdırılmasında iştirakını tanıyır. Bu sənədlərdə QHT-lərin ictimai müzakirələrdə, monitorinq və qiymətləndirmə mərhələlərində iştirakı da nəzərdə tutulur.

Bununla belə, o bildirib ki, praktik təcrübədə bu iştirak hər zaman eyni səviyyədə və keyfiyyətdə müşahidə olunmur. Əliməmməd Nuriyevin fikrincə, əksər hallarda QHT-lər daha çox məsləhətçi və ya ayrı-ayrı layihələrin icraçısı kimi prosesə cəlb olunur, lakin qərarların formalaşdırılmasına real təsir imkanları məhdud qalır.

Müsahibimiz əlavə edib ki, hazırkı modeldə QHT-lərin rolu əsasən təlim, maarifləndirmə və layihələrin icrası ilə məhdudlaşır. Onun sözlərinə görə, iştirak mövcud olsa da, bu daha çox formal konsultasiya xarakteri daşıyır və strateji tərəfdaşlıq səviyyəsinə tam yüksəlməyib.

Ə.Nuriyev qeyd edib ki, bəzi sahələrdə, xüsusilə korrupsiyaya qarşı mübarizə ilə bağlı milli fəaliyyət planlarının hazırlanması və icrası zamanı QHT-lərin iştirakı müşahidə olunur. O bildirib ki, hazırda bu istiqamətdə yeni strateji sənədlərin hazırlanması prosesində də vətəndaş cəmiyyəti institutlarının cəlb olunması davam edir.

Əliməmməd Nuriyev hesab edir ki, növbəti mərhələdə daha sistemli iştirak modelinə keçid vacibdir. Onun sözlərinə görə, bunun üçün dövlət proqramlarında QHT-lər üçün kvota mexanizmi tətbiq edilə, həmçinin milli fəaliyyət planları birgə işçi qrupları formatında hazırlanmalıdır.

Müsahibimiz vurğulayıb ki, hər bir milli fəaliyyət planında ayrıca “QHT-lərin iştirakı və töhfəsi” bölməsinin yaradılması daha real və nəticəyönümlü iştirakçılığı təmin edə bilər.

Sonda Ə.Nuriyev bildirib ki, son institusional dəyişikliklər, xüsusilə dövlət–QHT əlaqələrinin koordinasiyası istiqamətində atılan addımlar fraqmentar iştirakdan daha sistemli və davamlı əməkdaşlıq modelinə keçid üçün yeni imkanlar yaradır. Onun fikrincə, əsas məqsəd QHT-lərin yalnız tərəfdaş deyil, həm də siyasət subyekti kimi qəbul edilməsidir.

 

QHT-lərin Milli Fəaliyyət Planlarında iştirakı mühüm rol oynayır — Mirəli Hüseynov

Müxtəlif sahələr üzrə milli fəaliyyət planlarının qəbul olunması və icrası dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi çıxış edir. Bu prosesdə vətəndaş cəmiyyətinin mühüm institutları olan qeyri-hökumət təşkilatlarının (QHT) iştirakı xüsusi əhəmiyyət daşıyır.

Qeyri-hökumət təşkilatlarının (QHT) müxtəlif sahələr üzrə Milli Fəaliyyət Planlarının (MFP) hazırlanması, icrası və monitorinqində iştirakı üzrə müəyyən praktika formalaşıb. Bu sözləri Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov QHT.az-a açıqlanasında bildirib və əlavə edib ki, xüsusilə insan alveri, məişət zorakılığı, korrupsiyaya qarşı mübarizə və gender bərabərliyinin təmin olunması sahələrində bu iştirak daha geniş yayılıb.

M.Hüseynovun sözlərinə görə, qeyd olunan istiqamətlər üzrə qəbul edilmiş dövlət proqramlarında QHT-lərin iştirakı kifayət qədər nəzərdə tutulub. O vurğulayıb ki, bu iştirak yalnız icra mərhələsi ilə məhdudlaşmır, həmçinin proqramların hazırlanması və monitorinqi proseslərini də əhatə edir.

Sədr qeyd edib ki, təmsil etdiyi təşkilat əvvəllər dəfələrlə korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının layihəsinin müzakirəsinə dəvət olunub. Onun sözlərinə görə, bu cür müzakirələr QHT-lərə öz mövqelərini və təkliflərini birbaşa təqdim etmək imkanı yaradır.

“QHT-lərin iştirakı yalnız icra mərhələsini deyil, bu proqramların hazırlanması və onların monitorinqi prosesini də əhatə edir” — deyə Mirəli Hüseynov bildirib.

Mirəli Hüseynov mövcud praktikanı yüksək qiymətləndirdiklərini diqqətə çatdıraraq qeyd edib ki, bu iştirakçılıq mexanizminin daha da gücləndirilməsi vacibdir.

“Mövcud praktikanın daha da gücləndirilməsi problemlərin müəyyən edilməsi, ehtiyacların obyektiv qiymətləndirilməsi, resurslardan səmərəli istifadə və şəffaflığın təmin olunmasına QHT-lərin töhfəsini artıracaq” — deyə sədr vurğulayıb.

Onun fikrincə, QHT-lərin proseslərə daha fəal cəlb olunması dövlət proqramlarının effektivliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

 

QHT-lərin Milli Fəaliyyət Planlarında İştirakı Əhəmiyyətli Rol Oynayır

Ölkədə QHT-lərin və vətəndaş cəmiyyətinin milli fəaliyyət proqramlarının hazırlanmasında rolu getdikcə artır. Ekspert İlqar Hüseynli bu məsələ ilə bağlı QHT.az-a açıqlama verib.

 

Onun sözlərinə görə, ölkə Prezidenti tərəfindən hazırlanma və tətbiq olunması ilə bağlı verilən milli fəaliyyət proqramlarının əksəriyyətində vətəndaş cəmiyyətinin iştirakı xüsusi olaraq nəzərdə tutulur.

 

Hüseynli qeyd edib ki, misal olaraq, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı Strateji Yol Xəritəsi üzrə fəaliyyət planında QHT-lərin və vətəndaş cəmiyyətinin rolu ayrıca bənd kimi qeyd olunub. Onun rəhbərlik etdiyi təşkilat bu Strateji Yol Xəritəsinin regionlarda tətbiqi, təbliği və monitorinqi ilə bağlı ciddi layihələr həyata keçirib.

 

Ekspert əlavə edib ki, QHT-lərin milli fəaliyyət planlarının hazırlanmasında rolu təsbit olunub və bu iştirak dövlət qurumları ilə əməkdaşlıq üçün əhəmiyyətli fürsət yaradır. Hüseynli vurğulayıb ki, qeyri-hökumət təşkilatlarının aktiv iştirakı proqramların uğurla həyata keçirilməsində əsas şərtdir.

 

Rauf Zeyni: “Vətəndaş cəmiyyətinin inkişafı dövlətin gücünü müəyyən edir”

Vətəndaş cəmiyyətinin inkişafı ölkənin ümumi tərəqqisinin əsas göstəricilərindən biri hesab olunur. Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni QHT.az- a olan açıqlamasında bildirib ki, bu sahədə yeni dövlət proqramlarının qəbul olunmasına ehtiyac var.

R.Zeyni qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında xüsusi müddəalar yer alıb. Onun sözlərinə görə, sənədin doqquzuncu fəslində vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı əsas istiqamətlər və prinsiplər öz əksini tapıb.

O bildirib ki, həmin istiqamətlər üzrə bəzi məsələlər icra olunsa da, bir qismi hələ də həyata keçirilməsini gözləyir: “Vətəndaş cəmiyyətinin inkişafı üzrə yeni dövlət proqramı və ya təkliflər paketi qəbul olunsa, biz bunu müsbət qarşılayar və icrasına dəstək verməyə hazır olarıq.”

R.Zeyni vurğulayıb ki, vətəndaş cəmiyyətinin inkişafı yalnız bu sahənin deyil, ümumilikdə ölkənin inkişafı deməkdir: “Kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət prinsipi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dünya təcrübəsi də göstərir ki, iqtisadiyyatı, ordusu və vətəndaş cəmiyyəti güclü olan dövlətlər daha dayanıqlı və qüdrətli olur.”

Chosen
29
2
qht.az

3Sources