EN

Abşeronda yağışın fəsadları aradan qaldırılır  

Son 2 gündə aramsız yağan yağış Abşeron rayonunda da ciddi fəsadlara səbəb olub. Bu səbəbdən rayonun əlaqədar təşkilatları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

 Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, ADSEA-nın Regional Su Meliorasiya PHŞ-nin İdarə Heyətinin sədri Zakir Quliyev, aidiyyəti qurum rəhbərləri rayon ərazisində su basmış ərazilərə baxış keçirib. Bildirilib ki, fəaliyyətində qısamüddətli nasazlıqlar yaranmış 26 saylı mərkəzləşdirilmiş nasosxanada bərpa işləri başa çatıb. Yağan intensiv yağışların qarşısını almaq üçün nasosxana hazırda gücləndirilmiş rejimdə işləyir. 

Rayon rəhbərliyi Xırdalan şəhərində və Məmmədli kəndində bir neçə ünvanda su basmış ərazilərə baş çəkib, sakinlərlə görüşüb. Subasmanın fəsadlarının daha tez zaman çərçivəsində aradan qaldırılması üçün əlavə nasosların cəlb olunması və digər lazımi tədbirlərin təxirə salınmadan görülməsi istiqamətində, eləcə də subasmaların qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Akif ƏLİYEV,

“Azərbaycan”

1Sources