EN

Leysan yağışlar nəqliyyat axınına ciddi təhlükə yaradır

Son zamanlarda yağan leysan yağışlar yollarda hərəkəti çətinləşdirərək nəqliyyat axınının təhlükəsizliyinə ciddi təsir göstərib. 

Güclü yağışlı hava şəraiti yol hərəkətinə ciddi təsir göstərir, nəqliyyatın sürətini azaldır və qəza riskini əhəmiyyətli dərəcədə artırır. Bu sözləri Nəqliyyat eksperti Adil Nəbiyev QHT.az-a açıqlamasında bildirib və qeyd edib ki, yağıntı nəticəsində yol səthində suyun yığılması avtomobillərin hərəkət təhlükəsizliyini zəiflədən əsas amillərdən biridir.

Adil Nəbiyev bildirib ki, yağış zamanı yol səthində yaranan su qatı təkərlərlə yol arasındakı təması zəiflədir, bu isə sürüşmə və akvaplaninq hallarına səbəb olur. Ekspertin sözlərinə görə, belə vəziyyət sürücünün idarəetməni itirməsi riskini xeyli yüksəldir. O qeyd edib: “Yol səthində su yığılması avtomobillərin təkərləri ilə yol arasında təmasın zəifləməsinə, yəni sürüşmə və akvaplaninq hadisəsinin yaranmasına səbəb olur".

A.Nəbiyevin sözlərinə görə, intensiv yağış zamanı görmə məsafəsinin azalması da ən ciddi təhlükələrdən biridir. O bildirib ki, şüşələrin buxarlanması və yağış damcıları ilə örtülməsi sürücülərin reaksiyasını gecikdirir, nəticədə əyləc məsafəsi uzanır və qəfil dayanma halları daha təhlükəli olur.

Ekspert vurğulayıb ki, belə hava şəraitində sürücülər sürət həddini minimuma endirməli, qarşıdakı nəqliyyat vasitəsi ilə məsafəni adi hallardan daha çox saxlamalıdırlar. Onun fikrincə, qəfil manevrlərdən və kəskin əyləcləmədən çəkinmək vacibdir. Adil Nəbiyev bildirib: “Bu cür hava şəraitində nəqliyyat axınının təhlükəsizliyini təmin etmək üçün sürücülər sürət həddini minimuma endirməli və təhlükəsizlik məsafəsini artırmalıdırlar".

Ekspert həmçinin avtomobillərin texniki vəziyyətinin əvvəlcədən yoxlanılmasının vacibliyini qeyd edib. O bildirib ki, xüsusilə təkərlərin protektoru, əyləc sistemi və şüşəsilənlərin işlək vəziyyətdə olması yağışlı havada təhlükəsiz hərəkətin əsas şərtlərindəndir.

A.Nəbiyev əlavə edib ki, aidiyyəti qurumlar tərəfindən yol kənarlarında suyun yığılmasının qarşısını almaq üçün drenaj sistemləri vaxtında təmizlənməli, təhlükəli ərazilərdə xəbərdaredici nişanlar quraşdırılmalı və zərurət olduqda hərəkət məhdudlaşdırılmalıdır.

Sonda ekspert qeyd edib ki, güclü yağışlı hava şəraitində yol hərəkəti təhlükəsizliyinin təmin olunması həm sürücülərin fərdi məsuliyyətindən, həm də infrastrukturun düzgün idarə olunmasından birbaşa asılıdır.

Fatimə Nəbiyeva

Chosen
15
qht.az

1Sources