EN

Kasko sığortasında gizli şərtlər - Sürücülər nəyə diqqət etməlidir? - AÇIQLAMA

Avtomobil sahiblərinin təhlükəsizliyini təmin edən vasitələrdən biri kasko sığortasıdır. Lakin bir çox sürücülər müqaviləni imzalayarkən yalnız ümumi təminata diqqət yetirir, incə şərtləri isə nəzərdən qaçırır. Halbuki, franşiza məbləği, istisnalar və ödənişdən imtina halları kimi detallar sonradan alınacaq kompensasiyanın həcminə birbaşa təsir göstərir. Bu səbəbdən kasko sığortası seçərkən müqavilənin şərtlərini diqqətlə araşdırmaq sürücülər üçün mühüm əhəmiyyət daşıyır.

Kasko sığorta üzrə sürücülərin qarşılaşdığı çətinliklər barədə sığorta eksperti Emil Ağabağırov Missiya.Az-a danışıb.

"Sürücülər müqaviləni əldə etdikdə, ilk növbədə təminatlara diqqət etməlidirlər. Yəni hansı halların sığorta tərəfindən qarşılandığı, xüsusilə də istisnaların nədən ibarət olduğu dəqiq öyrənilməlidir. Müqavilədə “franşiza” adlanan bir məbləğ də qeyd olunur ki, buna azadolma məbləği deyilir",-ekspert bildirib.

Emil Ağabağırovun sözlərinə görə, müqavilədə 100 manat azadolma məbləği göstərilibsə, bu o deməkdir ki, hadisə zamanı 100 manata qədər olan zərər qarşılanmır. Zərər 100 manatdan artıq olarsa, bu məbləğ çıxılaraq qalan hissə ödənilir. Tutaq ki, 1000 manat zərər dəyib – bu halda 100 manat çıxılır və müştəriyə 900 manat ödənilir."Bəzən azadolma məbləği daha yüksək – 250 manat, 500 manat, hətta 1000 manat kimi göstərilə bilər. Franşiza nə qədər yüksək olarsa, hadisə zamanı müştərinin alacağı ödəniş bir o qədər az olur. Bu səbəbdən müqavilə bağlanarkən bu kimi məqamlara xüsusi diqqət yetirilməsi tövsiyə olunur. Hadisə zamanı az ödəniş alınmasının və ya imtinanın əsas səbəblərindən biri də məhz bu şərtlərdir.

Digər tərəfdən, bəzi hallarda sığorta ödənişindən imtina oluna bilər. Məsələn, hadisə qəsdən törədildikdə imtina edilir. Həmçinin avtomobil kasko sığortası bağlanarkən müştəri nəqliyyat vasitəsini taksi fəaliyyəti üçün istifadə etdiyini bildirməyibsə, lakin hadisə zamanı bununla məşğul olduğu müəyyən olunarsa, sığorta şirkəti ödənişdən imtina edə bilər",-E.Ağabağırov əlavə edib.İlahə Qənbərli

Missiya.Az

Chosen
38
missiya.az

1Sources