EN

Aramsız yağışlar bazara necə təsir edəcək? – Ən çox risk altında olan məhsullar AÇIQLANDI

Son günlər ölkə ərazisində müşahidə olunan intensiv və aramsız yağıntılar həm şəhər təsərrüfatında, həm də kənd təsərrüfatı sahəsində ciddi müzakirələrə səbəb olub. Çayların səviyyəsinin qalxması, bəzi ərazilərdə torpaq sürüşmələri və su basma halları narahatlıq doğurur. Bu hava şəraitinin kənd təsərrüfatı məhsullarının bahalaşacağı ilə bağlı ehtimalları artırıb. Bəs davam edən yağışlar hansı kənd təsərrüfatı məhsulu üçün daha çox təhlükəlidir?

Naxçıvan Muxtar Respublikasının sabiq kənd təsərrüfatı naziri, aqrar  üzrə ekspert Rəcəb Orucov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Yağıntıların miqdarı bəzi hallarda illik normanı belə üstələyir. Bu, müəyyən mənfi fəsadlar yaradır. Məsələn, çay məcralarına yaxın ərazilərdə yerləşən yaşayış massivlərində və torpaq sahələrində sürüşmə halları müşahidə olunur. Lakin aqrar sektor baxımından yanaşdıqda, bu yağışların xüsusilə dəmyə əkinçilik üçün əhəmiyyəti olduqca böyükdür. Bildiyiniz kimi, ölkəmizdə, xüsusilə Böyük və Kiçik Qafqazın dağətəyi və dağlıq rayonlarında əkin sahələrinin əksəriyyəti məhz dəmyə əsaslıdır. Bu baxımdan yağıntılar taxıl bitkilərinin su təminatı üçün olduqca vacibdir.

Eyni zamanda yağıntılar illik su balansının təmin olunmasına da müsbət təsir göstərir. Su anbarlarında su ehtiyatlarının artması gələcək suvarma imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Amma hər bir təbii proses kimi, bunun da mənfi tərəfləri mövcuddur. Hazırda xüsusilə taxıl bitkilərində göbələk mənşəli xəstəliklərin artımı müşahidə olunur. Uzunmüddətli rütubətli hava şəraiti bu tip xəstəliklərin yayılması üçün əlverişli mühit yaradır. Məsələn, pas və unlu şeh kimi xəstəliklər daha çox müşahidə edilir”.

Ekspert əlavə edib ki, intensiv yağışlar bəzi əkin işlərinin, xüsusilə yaz səpinlərinin gecikməsinə səbəb olur: “Lakin ümumi qiymətləndirmə aparsaq, aqrar sektor üçün bu yağışların faydası zərərindən daha çoxdur. Mövcud xəstəliklər isə müasir aqrotexniki və kimyəvi mübarizə tədbirləri ilə idarə oluna bilir”.

“Bəs bu hava şəraiti meyvəçiliyə necə təsir edəcək? Bəziləri deyir ki, qiymətlər kəskin qalxacaq” sualına mütəxəssis belə cavab verib: “Mən əvvəldə ölkənin strateji məhsulları ilə bağlı müsbət məqamları səsləndirdim. Meyvəçilik sahəsində vəziyyət bir qədər fərqlidir. Yağıntılar xüsusilə çiçəklənmə dövrünə təsadüf etdikdə, tozlanma prosesinə mənfi təsir göstərə bilər. Bir çox meyvə bitkilərində məhsuldarlığın əsası məhz düzgün tozlanma ilə qoyulur. Yağışlı hava isə bu prosesi zəiflədir. Bu səbəbdən meyvəçilik üçün hazırkı hava şəraiti tam əlverişli sayılmır. Xüsusilə ölkənin şimal bölgələrində və müəyyən qədər cənub zonasında bu təsirlər daha çox hiss oluna bilər. Son illərdə Mərkəzi Aran bölgələrində də meyvə bağlarının sahəsi genişlənir və bu sahələr də müəyyən risk altındadır.

Bununla belə, düşünmürəm ki, bu amil daxili bazarda ciddi qiymət artımına səbəb olsun. Çünki yağıntılar daha çox lokal xarakter daşıyır – bəzi bölgələrdə intensiv olduğu halda, digər ərazilərdə hava şəraiti nisbətən sabitdir. Bu da ümumi bazar balansını qoruyur. Əgər ciddi şaxtalar müşahidə olunmazsa, daxili istehlak bazarında kəskin problem gözlənilmir. Lakin ixrac məhsullarında keyfiyyət baxımından müəyyən təsirlər ola bilər. Ümumilikdə, hazırkı hava şəraiti kənd təsərrüfatı üçün həm risklər, həm də imkanlar yaradır və vəziyyət bölgələr üzrə fərqli qiymətləndirilməlidir”.

Afaq Mirayiq,
Musavat.com

Chosen
6
1
musavat.com

2Sources