EN

Dron hadisəsinə görə Şimali Koreyadan üzr istədilər

Cənubi Koreya Prezidenti Li Çje Myon bazar ertəsi günü Şimali Koreyaya dron hadisəsi ilə bağlı təəssüfünü bildirib.

Ölkə.Az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Prezident öz çıxışında vurğulayıb ki, dron hadisəsi hökumətlə razılaşdırılmadan Cənubi Koreyalı bir şəxs tərəfindən törədilib və Seulun gələcəkdə bu növ halların qarşısını almağa sadiq olduğunu təsdiqləyib. Li Nazirlər Kabinetinin iclasında bildirib ki, hökumətin belə bir niyyəti olmasa da, bəzi şəxslərin məsuliyyətsiz və düşünülməmiş hərəkətlərinin lüzumsuz hərbi gərginliyə səbəb olduğu üçün Şimali Koreyaya təəssüf bildirirlər.

Mənbənin bildirdiyinə görə, Cənubi Koreya hakimiyyətinin apardığı araşdırma hadisədə Milli Kəşfiyyat Xidmətinin (NIS) bir əməkdaşının və hazırda xidmətdə olan bir hərbçinin əli olduğunu üzə çıxarıb. Qeyd edək ki, Cənubi Koreya Konstitusiyası Şimali Koreyaya qarşı hər hansı təhrikedici hərəkəti qəti şəkildə qadağan edir.

Yanvar ayında Pxenyan Cənubi Koreya tərəfdən gələn dronların onun hava məkanını pozduğunu bəyan edib, Seulu ciddi təxribatda ittiham edərək həmin dronların vurulduğunu bildirib. Cənubi Koreya isə hərbi müdaxilə ittihamlarını qəti şəkildə rədd edərək hərbçilər və polisin iştirakı ilə birgə araşdırma başladıb. Araşdırmanın yekununda prokurorluq 30 yaşlı ölkə vətəndaşına aviasiya normalarını və dövlət qanunlarını pozaraq icazəsiz dron uçuşları həyata keçirdiyi üçün ittiham irəli sürüb.

Son aylarda Şimali Koreya Cənubi Koreyanı özünün "ən düşmən dövləti" elan edib və Li administrasiyasının dialoq qurmaq cəhdlərini rədd edib.

Chosen
6
1
olke.az

2Sources