EN

Bakıda torpaq sürüşmə riski səbəbindən yol hərəkəti qismən məhdudlaşdırılıb

Son günlər yağan intensiv yağışlar Xətai rayonunun Zığ, Səbail rayonunun Badamdar qəsəbələri, Salyan şossesi və Bibiheybət ərazisində torpaq sürüşməsi riskini artırıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib. O qeyd edib ki, Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır və aidiyyəti qurumlar ərazilərdə qabaqlayıcı tədbirlər həyata keçirir.

Eyni zamanda, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri birgə açıqlama yayıb. Məlumata görə, Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi səbəbindən avtomobil hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.

Sürücülər alternativ olaraq “20-ci sahə” adlanan ərazi vasitəsilə köhnə Salyan şossesindən istifadə etməyə çağırılır. Hazırda vəziyyət nəzarətdə saxlanılır, yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə tədbirlər görülür.

Chosen
3
2
anews.az

10Sources