EN

Çin elektromobillərlə dünyanı dəyişir - neft erası bitirmi?

Son illərdə dünya enerji sistemində səssiz, lakin çox böyük bir dəyişiklik baş verir. Bu dəyişimin mərkəzində isə Çin dayanır. Pekin artıq təkcə dünyanın ən böyük elektromobil bazarı deyil – həm də bu sahədə planetin əsas ixracatçısına çevrilib.

Musavat.com xəbər verir ki, statistikaya görə, ötən il Çində elektromobil satışları 2021-ci illə müqayisədə dörd dəfə artıb.

Daha maraqlısı isə odur ki, Çin bazarında satılan elektrik avtomobillərinin sayı dünyanın qalan bütün ölkələrində satılan elektromobillərin cəmindən də çox olub. Bu isə sadəcə texnoloji yenilik deyil. Mütəxəssislərin fikrincə, bu proses artıq qlobal enerji siyasətinə və neft bazarına birbaşa təsir göstərir.

“BloombergNEF” analitiklərinin hesablamalarına görə, yalnız elektromobillərin yayılması sayəsində dünya ötən il gündə təxminən 2,7 milyon barel neftə qənaət edib. Proqnozlar daha da diqqətçəkəndir. Cəmi dörd ildən sonra bu rəqəm iki dəfə artacaq.

Müqayisə üçün qeyd edək ki, qlobal enerji bazarında ən böyük risklərdən biri hesab olunan Hörmüz boğazının bağlanması vəziyyətində dünya bazarı təxminən 10–12 milyon barel neft itirə bilər. Halbuki müharibədən əvvəl qlobal neft istehlakı gündə təxminən 105 milyon barel idi. Ekspertlər bildirir ki, əgər İranla genişmiqyaslı müharibə Ukraynadakı münaqişə ilə eyni vaxtda baş versəydi, qlobal enerji böhranı daha ağır ola bilərdi və neft qiymətləri indiki səviyyədən də xeyli yüksək qalxardı. Qərb ölkələri enerji şokunun qarşısını almaq üçün artıq strateji neft ehtiyatlarını rekord həcmdə bazara çıxarıblar. Planlaşdırılan həcm gündə 3 milyon bareldir. Ekspertlərin hesablamasına görə, elektromobillər olmasaydı, bu həcm ən azı iki dəfə çox olmalı idi. Lakin belə bir satış texniki baxımdan da mümkün deyil – dünya neft ixrac infrastrukturu buna hazır deyil. Başqa sözlə, elektrik avtomobilləri faktiki olaraq qlobal enerji bazarında qiymətlərin daha da partlamasının qarşısını alıb. Çinin bu strategiyasının arxasında ilk növbədə enerji təhlükəsizliyi dayanır. Pekin uzun illərdir ki, neft və qaz idxalından asılılığı azaltmağa çalışır. Çin əsas enerji resurslarını Yaxın Şərqdən, Rusiyadan, Avstraliyadan, ABŞ-dən idxal edir. Bu səbəbdən Çin hökuməti bir tərəfdən elektromobil sənayesini sürətlə inkişaf etdirdi, digər tərəfdən isə Qobi səhrasını minlərlə günəş paneli ilə doldurdu. Başlanğıcda günəş və külək enerjisi daha çox iqlim dəyişikliyi ilə mübarizə simvolu hesab olunurdu. Bir çox ölkələr isə kömürdən təmiz enerjiyə keçid üçün aralıq yanacaq kimi təbii qazdan istifadə etməyi planlaşdırırdı. Lakin son illər iqtisadi reallıq dəyişib. 2021–2022-ci illərdə baş verən enerji böhranından sonra günəş panellərinin qiyməti 20%-dən çox ucuzlaşıb, texnologiyanın səmərəliliyi artıb. Yeni günəş və külək elektrik stansiyalarını tikmək kömür, qaz və hətta atom stansiyalarından daha ucuz və sürətli olub.

Yaxın Şərqdə yeni müharibə isə enerji bazarını yenidən silkələyib. İranın Hörmüz boğazını bağlaması qlobal qaz bazarına da zərbə vurub. Məsələ ondadır ki, bu boğaz vasitəsilə Qətər dünya bazarına qlobal LNG qazının təxminən 20 faizini çıxarırdı. Nəticədə bir çox ölkə alternativ tapa bilmədiyi üçün yenidən kömürdən istifadə etməyə başlayıb. Kolumbiya Universitetinin enerji eksperti Enn-Sofi Korbo hesab edir ki, hazırkı böhran yeni enerji strategiyasına səbəb ola bilər. Onun sözlərinə görə, əvvəlki enerji böhranı əsasən Avropaya təsir etmişdi. Bu dəfə isə təsir qlobaldır. Bir çox ölkə qaz mərhələsini keçmədən birbaşa bərpa olunan enerjiyə keçə bilər. Bu isə dünya energetikasında strateji dönüş nöqtəsi ola bilər.

Bütün bu proseslər göstərir ki, dünya energetikası artıq köhnə modeldən uzaqlaşır. Bir tərəfdən geosiyasi risklər, digər tərəfdən isə texnologiyanın ucuzlaşması yaşıl enerjini strateji seçimə çevirir. Bu transformasiyanın liderlərindən biri isə artıq şübhəsiz ki, Çindir. Elektromobillər, günəş panelləri və külək stansiyaları təkcə ekologiya layihəsi deyil – onlar getdikcə qlobal enerji və geopolitika oyununun əsas alətlərinə çevrilir.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
22
2
musavat.com

3Sources