Rusiya Xarici İşlər Nazirliyi Yaponiya ilə Ukraynanın PUA sahəsindəki əməkdaşlığını açıq düşmənçilik hərəkəti kimi qiymətləndirir.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Moskva Ukraynanın Rusiyada mülki hədəflərə qarşı PUA-lardan istifadə edərək sistematik cinayətkar təxribatları nəzərə alınmaqla, rəsmi hakimiyyət orqanları tərəfindən açıq şəkildə dəstəklənən bu hərəkəti açıq şəkildə düşmənçilik və Rusiyanın təhlükəsizlik maraqlarına zərərli hesab edir.
Zaxarova Ukraynada yaradılacaq Yaponiya ilə birgə PUA istehsalı müəssisələrinin Rusiya Federasiyası Silahlı Qüvvələri üçün qanuni hərbi hədəf olacağını deyib.
Qeyd edək ki, Yaponiyanın dron istehsalçısı “Terra Drone Corporation” şirkəti Ukraynanın pilotsuz uçuş aparatı istehsalçısı “Amazing Drones” ilə əməkdaşlıq müqaviləsi bağladığını açıqlayıb.