EN

Yüz dəfə qan verən donor: İnsanlara böyük ümid verirəm (MÜSAHİBƏ)

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkəmizdə bu yaxınlarda 100-cü dəfə qan donoru olan Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsulov AZƏRTAC-ın suallarını cavablandırıb. O, qan donorluğunun əhəmiyyətindən, 100-cü dəfə qan verməsindən, qanvermənin sağlamlığa faydalarından danışıb.

Həmin müsahibəni təqdim edirik:

- Fuad müəllim, 100-cü dəfə qan donorluğu etmisiniz. İlk dəfə nə zaman qan vermisiniz və bu, hansı zərurətdən irəli gəlib?

- İlk dəfə tələbəlik illərində qanvermədə iştirak etmişəm. Həmin vaxt peşəkar idmanla məşğul olurdum. Fiziki cəhətdən sağlam olsam da, məni narahat edən kəskin başağrılarım olurdu. Səbəbini tam izah edə bilmirdim, amma bu hal həyat keyfiyyətimə təsir edirdi. Bir gün qanvermə aksiyasının təşkil olunduğunu eşitdim və könüllü həmin tədbirə qatıldım. Həmin gün həyatımda dönüş nöqtəsi oldu. O gündən sonra məni narahat edən baş ağrıları tədricən kəsildi. Bəlkə tibbi izahı var, bəlkə də təsadüf idi, mən bunu həm fiziki, həm də mənəvi bir yenilənmə kimi qəbul etdim. Sonra artıq bu proses mənim üçün həyat tərzinə çevrildi. Düşündüm ki, əgər həm öz sağlamlığıma faydası varsa, həm də qan verməyim tanımadığım bir körpənin, ananın, ailənin sevincinə səbəb olursa, bundan gözəl nə ola bilər? İnsan bəzən böyük işlər görmək istəyir, amma imkanları məhdud olur. Qan donorluğu isə hər kəsin edə biləcəyi ən real və konkret xeyirxahlıq addımıdır. Ən çox sevindiyim məqam odur ki, tanımadığım bir insanın həyatında kiçik də olsa, ümid işığı ola bilirəm. 100-cü dəfə qan verərkən düşündüm ki, bu yolda hər dəfə addım atmaqla insanlara böyük ümid verirəm.

- Qan verəndən sonra özünüzü necə hiss edirsiniz və bu sizin sağlamlığınıza necə təsir göstərir?

- Hər dəfə qanvermədən sonra özümü daha yüngül və rahat hiss edirəm. Bu, təkcə fiziki deyil, mənəvi yüngüllükdür. Sanki insanın daxilindəki yük azalır. Sağlamlıq baxımından da müntəzəm tibbi nəzarət altında olmaq, analizlərin aparılması insanı daha diqqətli edir. Qan donorluğu, eyni zamanda, insanı sağlam həyat tərzinə sövq edir. Çünki bilirsən ki, sağlamlığın kiminsə həyatı deməkdir.

- Qan verdiyiniz hansısa bir şəxslə sonradan tanış olmusunuzmu və bu təmas sizdə hansı hisslər oyadıb?

- Bəli, belə bir hal olub və o hissi sözlə ifadə etmək çox çətindir. Mən həmin şəxslə, daha doğrusu, onun valideyni ilə təbliğat-təşviqat xarakterli tədbirdə tanış oldum. O zaman həmin uşağın 8 yaşı var idi. Balaca, utancaq, amma gözlərində qəribə bir işıq olan bir uşaq…Tədbirimizdə onun əl işlərindən ibarət sərgi də təşkil olunmuşdu. Mən o rəsmlərə, əl işlərinə baxdıqca düşünürdüm ki, insanın içindəki həyat eşqi necə də güclü ola bilər. Onun hər xəttində, rəngində yaşamaq arzusu var idi. Bu gün həmin uşaq artıq 25 yaşında olan gəncdir. O, ailə qurub, həyatını, gələcəyini inşa edir. Hər dəfə mənə "dayı” deyə müraciət edəndə içimdə izaholunmaz bir duyğu baş qaldırır. O məni doğma dayısı kimi sevir. Bu sevgi qan qohumluğu deyil, bəlkə də, qan vasitəsilə qurulmuş mənəvi qohumluqdur.

- Fuad müəllim, qan verməyin əhəmiyyəti ilə bağlı vətəndaşlara nə tövsiyə edərdiniz?

- Bu suala cavab verərkən şəxsi həyatımın ən ağır və həssas dövrünü bölüşmək istəyirəm. 800 qram çəkidə dünyaya gələn kiçik oğlum üçün qana ehtiyac var idi. Aylarla xəstəxanalarda qaldıq. Nəhayət, onun üçün donor tapıldı. Həmin vaxt insan həyatının bir andan asılı olduğunu gördüm. Xüsusilə körpələr üçün qanın necə böyük əhəmiyyət daşımasının canlı şahidi oldum. O günlər mənə bir daha sübut etdi ki, qan donorluğu sadəcə xeyriyyəçilik deyil, eyni zamanda, həyat məsələsidir.

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri və donor kimi illərdir qan donorluğu mədəniyyətinin inkişafı üçün çalışırıq. Respublika Qan Bankının dəstəyi ilə çoxsaylı aksiyalar, maarifləndirici tədbirlər təşkil etmişik və bu gün də davam etdiririk. İnsanlara demək istəyirəm ki, qorxmasınlar, tərəddüd etməsinlər, bir addım atsınlar. Sizin qərarınız bir ailənin sevincinə səbəb ola bilər. Həmrəy olaq, qanımızla yaşadaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
2
qaynarinfo.az

3Sources