EN

Özgə düşmən lazım deyil, öz aramızda var... Məmurlar düşünmədi ki, yerin üstündən qazanırıqsa, yeraltı sistemləri də nəzərə almalıyıq...

ain.az bildirir, Bizimyol portalına istinadən.

Əvvəllər Bakı bu qədər dolu deyildi. Şəhərdə bu qədər tıxac, bu qədər səs olmazdı. O zamanlar göydələnlər də gözümüzü deşmirdi. Yağışlar qeyd edildiyi kimi “normadan artıq” yağanda da yaranan problemləri birtəhər ötüştürürdük.

O dövrlərdə xatırlamıram ki, kimsə körpü altında yığılmış suda boğulub ölsün, ya da ki, yollar bağlansın. Amma sonra Nazirlər Kabinetinin 86 saylı qərarı ilə hər şey dəyişdi. Bu qədər icra hakimiyyətlərinə imkan yaratdı ki, Bakıda olan “köhnə” tikililəri söküb yerində göydələnlər tiksin. Torpağın üstünü düşünənlər torpağın altındakı sistemləri düşünmədilər. Ya da ki, düşünmək onlara sərf etmədi. Beləcə Bakı qarış-qarış satıldı. Burada cibini dolduran sahibkarlar da, məmurlar da düşünmədi ki, yerin üstündən qazanırıqsa, yeraltı sistemləri də nəzərə almalıyıq. Axı yeraltı sistemlər yerin üstündəkilərdən daha çox aşınıb, müəyyən həcmi var, dola bilər, daşa bilər, partlaya bilər. Alan razı, satan razı… Çanaq da vətəndaşın başında çartladı. Özünə ev aldığı üçün sevincək olan vətəndaş da bunu ağlına gətirmədi ki, sabah evim su altında qalsa nə baş verər?

Azərsu fəaliyyətdə olduğu dövrlərdə bu işlərə məsul o qurum idi. Yağıntılar olanda mətbuat katibi çıxıb deyirdi ki, “yağıntı normadan artıq olduğu üçün subasmaları baş verir, hadisələrin qarşısının alınması üçün tədbirlər görülür”. İçi özüm qarışıq ona bir dəfə də olsun sual vermədim ki, “sizin sistemlər üçün norma nə qədərdir”?

Bu gün Bakı, Bakı ətrafı kəndlərdə evlərin çoxunu su basıb. Çünki kanalizasiya sistemləri çəkilməyib. Təsəvvür edin, torpaq satılır, çıxarış verilir, vətəndaşa ev tikmək üçün icazə də verilir, amma kanalizasiya sistemi yoxdur. Belə acığınıza gəlməsin, sanki bəzi qurumlar "yiyəsiz" qalıb. "Qılınc müsəlmanıyıq" axı, sanki başımızın üstüdə qılınc olmasa iş görə bilmirik.

Maraqlısı budur ki, vəzifəyə təyin olunan məmuru işi yox, bir sual maraqlandırır: “büdcədən necə "pay" götürə bilərəm?”. Yoxsa nə Bakı, nə də ətrafındakı kəndlər bu gündə olmazdı. Heç nə demirəm, aidiyyatı qurumların sıravi əməkdaşlarının istifadə etdiyi avtomobillərə bir baxın. Hansı pulla alınır onlar? Atam danışırdı ki, "sovet dövründə kim olursansa ol, ikinci avtomobil və ya ev alırdınsa müvafiq qurumun əməkdaşları qapında peyda olurdu". Bu gün sadəcə kasıb ev alanda sual verirlər ki, “bu pul səndə haradandır?”

Vallah, bu ölkənin var-dövlətini məmurlar yeyir, dağıdır, talayırlar. Bizə düşmən lazım deyil ki. Düşmən içimizdədir. Vəzifəsindən sui-istifadə edən, büdcəni talayan, vətəndaşın haqqında girən məmurlarımız bəsimizdir.

Bilirəm, danışmaqla heç nə olmur. Amma reallıq budur. Düzü, vətəndaş da hüququnu bilmir. Hərə əlinə bir telefon alıb, qışqırıb-bağırıır ki, “qoymayın, evimi su basdı”…

İndiki vəziyyətdə bir məsul qurum var, o da Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyidir. Ölkə başçısı qurumu yenilədi, etimad edib rəhbərini dəyişdirdi. Maraqlıdır, görəsən ADSEA bu etimadsızlığını ölkə başçısına necə izah edəcək? Şəxsən mən bu izahatı səbrsizliklə gözləyirəm. Xarici ölkələrdə belə vəziyyətlərdə məsul şəxslər "üzüsulu" istefa verib, vəzifəsindən gedir. Bizdə ADSEA rəhbərliyi heç olmasa xalqdan üz istəyə bilmək zəhmətini çəkdimi?

İlahin, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
52
bizimyol.info

1Sources