Bu ilin yanvar-fevral ayında Azərbaycanla İtaliya arasında 1 milyard 813 milyon 454 min dollar dəyərində ticarət əməliyyatları həyata keçirilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 20,41 faiz azalıb. İki ay ərzində İtaliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət əməliyyatlarının 28,95 faizini təşkil edib.
Qeyd olunan dövrdə Azərbaycandan İtaliyaya 1 milyard 732 milyon 161 min dollar dəyərində məhsul ixrac olunub ki, bu da illik 21,44 faiz azalma deməkdir. İxrac ölkənin ümumi ixracının 47,26 faizini təşkil edib.
Eyni zamanda İtaliyadan Azərbaycana 81 milyon 292 min dollar dəyərində məhsul idxal olunub və bu göstərici illik 10,57 faiz artıb. Bu dövrdə İtaliyadan idxal ölkənin ümumi idxalının 3,13 faizini təşkil edib.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan “