İranla yüksək səviyyəli görüş olarsa, ABŞ vitse-prezidenti prosesə daxil olacaq...
Poliqon xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens İran rəsmiləri ilə birbaşa danışıqlar baş tutacağı təqdirdə bu prosesə qoşulmağa hazırdır. Politico qəzetinin məlumatına görə, bu barədə danışıqların gedişindən xəbərdar olan mənbə bildirib.
Hazırda danışıqlar ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşner tərəfindən aparılır. Nəşrin mənbələrinin sözlərinə görə, müzakirələrdə irəliləyiş əldə olunarsa, Cey Di Vensin də prosesə cəlb olunması gözlənilir.
Politico Agentliyi qeyd edir ki, aprelin 5-də Vens vasitəçi ölkə Pakistanın yüksək rütbəli hərbi nümayəndəsi Asim Munirlə əlaqə saxlayaraq 45 günlük atəşkəs təklifini müzakirə edib. ABŞ prezidenti Donald Tramp da vitse-prezidentin danışıqlarda iştirakını təsdiqləyib.
Məlumata görə, Donald Tramp Tehrana 48 saatlıq ultimatum irəli sürərək Vaşinqtonla razılaşma əldə etməyi və Hörmüz boğazını açmağı tələb edib. Əks halda, o, İrana qarşı ciddi hərbi addımlar atılacağı ilə hədələyib. Buna cavab olaraq İranın hərbi rəhbərliyi ABŞ-yə qarşı sərt cavab veriləcəyini bəyan edib.
Gərginliyin artdığı bir vaxtda diplomatik kanallar vasitəsilə aparılan danışıqlar regionda mümkün eskalasiyanın qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır və tərəflərin mövqelərinin yaxınlaşdırılması üçün əsas platforma kimi qiymətləndirilir.
Poliqon.info