EN

Azərbaycan və Gürcüstan sinanmış dostluq və regional sülhün yeni mərhələsində -DEPUTAT YAZIR



Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


Tarixin sınaqlarından keçmiş dostluq, ortaq taleyi bölüşən iki qonşu xalq və bu gün regionun simasını dəyişən strateji müttəfiqlik... Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstana səfəri və mətbuata verdiyi bəyanatlar, sadəcə iki ölkə arasındakı münasibətlərin hesabatı deyil, həm də Cənubi Qafqazın yeni dövrünün yol xəritəsi kimi xarakterizə edilməlidir.

Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin möhkəm təməlini əsrlər boyu formalaşmış dostluq və qardaşlıq ənənələri təşkil edir. Bu gün iki müstəqil dövlət kimi hər iki ölkənin inamla inkişaf etməsi, bir-birinin uğurlarına sevinməsi bu tarixi varisliyin məntiqi nəticəsidir. Prezidentin Gürcüstandakı dinamik iqtisadi inkişafı və müsbət sərmayə iqlimini xüsusi vurğulaması, iki ölkə arasındakı qarşılıqlı etimadın ən yüksək səviyyədə olduğunu göstərir.

Beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz dəstəkləyən Azərbaycan və Gürcüstan münasibətləri bütün qonşular üçün örnəkdir. Bu əlaqələr qarşılıqlı hörmət, ortaq mənfəət və sarsılmaz dostluq üzərində qurulub. Səfər zamanı səslənən fikirlər bir daha təsdiqlədi ki, Bakı və Tbilisi birlikdə addımladıqca, Cənubi Qafqazın gələcəyi daha parlaq, təhlükəsiz və rifah dolu olacaq.

İqtisadi göstəricilər bu tərəfdaşlığın nə qədər səmərəli olduğunu açıq şəkildə ortaya qoyur. Keçən il 800 milyon dolları ötən ticarət dövriyyəsinin bu ilin sonuna qədər bir milyard dollar hədəfinə yaxınlaşması iki ölkənin bir-biri üçün vazkeçilməz iqtisadi partnyor olduğunu sübut edir. Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı 3,7 milyard dollar həcmində sərmayə, Gürcüstandakı sabitliyə və gələcəyə olan inamın göstəricisidir. Artıq tərəflər təkcə ikitərəfli layihələri deyil, üçüncü ölkələrdə birgə sərmayə qoyuluşu kimi qlobal hədəfləri müzakirə edirlər.

Azərbaycan və Gürcüstan artıq lokal oyunçular deyil, Avrasiyanın enerji və nəqliyyat xəritəsini çəkən əsas tərəfdaşlardır. 16 ölkəyə ixrac edilən Azərbaycan qazının və dünya bazarlarına çıxarılan neft resurslarının ilk ünvanı Gürcüstandır. 20 ildir uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan və ondan sonra icra edilən Cənub Qaz Dəhlizi regionun iqtisadi onurğa sütununu təşkil edir. Bu gün isə gündəmdə Orta Dəhliz var. Bu nəqliyyat damarının genişləndirilməsi hər iki ölkənin tranzit potensialını zirvəyə daşıyır.

Cənab Prezidentin uzaqgörən fəaliyyəti nəticəsində Azərbaycan və Gürcüstan tərəfdaşlığı bu gün regionda sabitliyin ən mühüm sütununa çevrilib. Xüsusilə Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin dərinləşməsi üçün göstərilən səylər, ticarət əlaqələrinin Gürcüstan üzərindən qurulması kimi praktiki addımlar İlham Əliyevin bölgədə real və qalıcı sülhün memarı olduğunu bir daha təsdiqləyir. Dünyanın bir çox nöqtəsində qarşıdurmaların artdığı bir vaxtda, Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşdırılması birbaşa Azərbaycan liderinin siyasi iradəsinin və qətiyyətli fəaliyyətinin nəticəsidir.

Cənab Prezident İlham Əliyevin bəyanatında ən mühüm məqamlardan biri regionda yaranmaqda olan yeni vəziyyətdir. Dünyanın müxtəlif nöqtələrində müharibələrin tüğyan etdiyi bir vaxtda Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi tarixi nailiyyətdir. Azərbaycanla Ermənistan arasındakı sülh prosesində Gürcüstanın oynadığı konstruktiv rol və Azərbaycan-Ermənistan ticarətinin Gürcüstan vasitəsilə həyata keçirilməsi regionun daxili resursları ilə sülhü qoruya biləcəyinin nümunəsidir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu bu gün Cənubi Qafqazı münaqişə zonasından dayanıqlı sülh və tərəfdaşlıq mərkəzinə çevirməkdədir. Dövlət başçısının Gürcüstan səfəri zamanı qeyd etdiyi "yeni vəziyyət" sadəcə bir diplomatik ifadə deyil, regionun gələcək onilliklərini müəyyən edən strateji reallıqdır.

Bu fəaliyyət təkcə iki ölkənin maraqlarına deyil, bütövlükdə Avrasiya məkanının təhlükəsizliyinə xidmət edir. Cənab Prezidentin qeyd etdiyi kimi, imzalanmış sənədlərin real işlək mexanizmlərə çevrilməsi və iqtisadi tərəfdaşlıqla möhkəmlənməsi region xalqlarının rifahı üçün ən etibarlı yoldur. Bu gün Azərbaycanın təşəbbüskarı olduğu layihələr regionu birləşdirən faktor kimi çıxış edir və bu nümunəvi model beynəlxalq səviyyədə yetərincə təqdir olunur.





Chosen
16
aia.az

1Sources