“Heç vaxt hesab barədə düşünmürük”.
Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Premyer Liqanın 26-cı turunda “Karvan-Yevlax” üzərində 7:0 hesablı qələbə qazandınız. Oyun barədə nə deyə bilərsiniz?
– Qələbə qazandığımız üçün sevincliyik. Başlanğıcdan oyunun sonuna qədər yaxşı çıxış etdik. Matça nəzarəti əlimizdə saxlamağı bacardıq. Çünki görüşə ciddi hazırlaşmışdıq. İşimizi layiqincə gördük. Hazırda yalnız qarşıdakı matçlara fokuslanmalıyıq.
– Yəqin ki, oyundan öncə belə bir hesab gözləmirdiniz…
– Heç vaxt hesab barədə düşünmürük. Bütün matçlar komandamız üçün çətin keçir. Amma 7 qol vurmaq bizi xüsusilə sevindirir. Ümidvarıq ki, son tura qədər bütün matçları qələbə ilə başa vuracağıq.
– Vurduğunuz qol ustalıq səviyyəsinə görə digər 6 topdan fərqlənirdi. Həmin epizodu necə şərh edərdiniz?
– Montiel məni gördü və topu çox yaxşı ötürdü. Mən isə öz üzərimə düşəni yerinə yetirərək bu ötürməni layiqincə dəyərləndirdim. Yekunda fərqlənməyi bacardım. Razıyam, baxımlı qol alındı. Buna görə sevincliyəm.
– Bəziləri düşünür ki, “Qarabağ” artıq çempionluq yarışından qopub, xal fərqini aradan qaldırmaq mümkün olmayacaq. Belə düşününlərə nə demək istərdiniz?
– Biz heç vaxt ruhdan düşmürük. Hazırda 7 xal fərq var, düzdür. Amma bu barədə çox da düşünmürük. Yalnız oyunlara fokuslanıb bacardığımızın ən yaxşısını etməyə çalışırıq. Çempionatın sonunda xalları birlikdə görəcəyik.
– Növbəti matç “Şamaxı”ya qarşı olacaq. Bu komanda ilə son səfər matçınız çətin alınmışdı. Budəfəki qarşılaşmadan gözləntiləriniz nədir?
– Əlbəttə, Şamaxıda oynamaq çox çətindir. Rəqib yaxşı komandadır. Bizdən gözləntiləri başa düşürük. Bu həftə ərzində həmin matça yaxşı hazırlaşmalıyıq. “Şamaxı” ilə qarşılaşmada da qələbə qazanmaq istəyirik. qol.az