EN

Vüqar Rəhimzadə: Azərbaycan-Gürcüstan əlaqələri qitələrarası enerji və nəqliyyat bağlantılarında müstəsna rol oynayır

Xarici siyasətimizin prioritet istiqamətlərindən biri  qonşu dövlətlərlə əlaqələrin yüksək səviyyədə qurulmasıdır. Bu baxımdan strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə uğurlu inkişafı ilə diqqətdədir. Gürcüstan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Hazırda dövlətlərarası əlaqələr  bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze arasında uzun illərə söykənən səmimi dostluq münasibətləri bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynayıb. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. Hər bir səfər əlaqlərin daha da möhkəmlənməsində, yeni istiqamətlər üzrə inkişafında öz sözünü deyib. Atılan hər bir addım ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət edir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, dövlət başçısı İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri iki ölkənin münasibətlərinin dünəninin, bu gününün fonunda gələcəyi barədə aydın təsəvvür yaratdı.  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tbilisidə  Qəhrəmanlar Memorialını, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında  Ümummilli Liderin abidəsini ziyarət etdilər. Prezident İlham Əliyevin səfər çərçivəsində Gürcüstan Prezidenti  Mixeil Kavelaşvili ilə təkbətək görüşü oldu. Söhbət zamanı Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərimizin genişlənməsində roluna diqqət yönəldildi. Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmi vurğulandı, onların strateji və iqtisadi əhəmiyyəti qeyd edildi. Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu vurğulandı.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin, eyni zamanda, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək və geniş tərkibdə görüşü oldu, mətbuata bəyanatla çıxış etdilər. Səfərin iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev bildirdi ki, bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi, bir yerdədir. Tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir. Gürcü və Azərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və bu gün bu ənənələrin davam etdirildiyini vurğulayan dövlətimizin başçısı  qeyd etdi ki, bu gün iki müstəqil dövlət kimi Azərbaycan və Gürcüstan inamla inkişaf edir. Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək.

Mətbuata bəyanatında diqqəti  hazırda  nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində aparılan işlərə yönəldən Prezident İlham Əliyev vurğuladı ki,  Orta Dəhliz Azərbaycan və Gürcüstan ərazisindən keçir və bu, bizim üçün əsas nəqliyyat damarıdır. Bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcək. Dövlətimizin başçısı bu reallığı da xüsusi qeyd etdi ki, bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir.  Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir. Dövlətimizin başçısının bu fikirlərinin davamı olaraq Gürcüstanın Baş naziri bildirdi ki, Prezident İlham Əliyev  Gürcüstanın dəyərli dostudur və Azərbaycan Prezidentinin buraya səfəri hər zaman bizim üçün böyük şərəfdir.

Millət vəkili bildirib ki, ölkələrimiz arasında əlaqələrin inkişafında iqtisadi amil, xüsusilə enerji sektoru əhəmiyyətli rol oynayır. Hər zaman əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsini təmin etmək üçün səylərin birləşdirilməsinə, təcrübə mübadiləsinə verdiyi önəm bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır.  Belə ki,  regional çərçivədə qurulan əməkdaşlığın əsası olan Bakı-Tbilisi-Ceyhan neft (BTC) və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz layihələrinin reallığa çevrilməsi ilə  həm iştirakçı, həm də digər ölkələrin dayanıqlı inkişafının təmin edilməsi üçün geniş imkanlar yarandı. Çoxlarına əfsanə kimi görünən bu layihələr Azərbaycan, Türkiyə və Gürcüstan arasında əlaqələri, birliyi daha da möhkəmləndirdi. Azərbaycanın öz enerji resurslarını Avropa bazarlarına çatdırmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Əhəmiyyətinə görə BTC və BTƏ neft-qaz layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu bu birliyi daha da möhkəmləndirdi.    Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır.  Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa, səmərəli alternativ bağlantı yaradır. Bu gün yaşıl enerji bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.

Vüqar Rəhimzadə vurğulayıb ki, iki ölkə arasında münasibətlərə nəzər salarkən humanitar sahədə əməkdaşlığı xüsusilə vurğulamaq lazımdır. Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələri xüsusi qeyd etmək lazımdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu. Muzeyin binası vaxtilə Tbilisidə yaşayan Mirzə Fətəli Axundzadənin vəsaiti ilə inşa edilib. Gürcüstanın azərbaycanlı ziyalılarının müraciətinə əsasən, 1982-ci ildə binada Mirzə Fətəli Axundzadənin ev-muzeyi yaradılıb. 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunaraq, həmin vaxtdan mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir. Gürcüstan Prezidentinin Sərəncamına əsasən, 2007-ci ildə Mərkəzə Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib və 2013-cü ildə Azərbaycanın  maliyyə dəstəyi ilə burada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Elə həmin il mayın 8-də keçirilmiş muzeyin açılış mərasimi Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində də olub.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək. Azərbaycan-Gürcüstan münasibətləri yüksək səviyyəli strateji tərəfdaşlıq, mehriban qonşuluq və dostluq prinsiplərinə əsaslanır. Siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində uğurla inkişaf edən əlaqələr regional sabitliyin və təhlükəsizliyin əsas təminatçılarındandır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
33
7
olaylar.az

8Sources